Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gaziantep İslam Elm və Texnologiya Universitetinin rektoru professor Şehmus Demirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.
ADNSU-dan XQ-yə bildirilib ki, tərəflər xüsusilə sənayeyönümlü birgə fəaliyyətlərin həyata keçirilməsi, mühəndislik sahəsində ortaq layihələrin icrası və potensial əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Türkiyənin ən inkişaf etmiş sənaye şəhərlərindən biri olan Gaziantepin sənaye potensialı, xüsusilə maşınqayırma və istehsal sahəsindəki təcrübəsi, ADNSU-nun bu istiqamətdəki zəngin elmi və praktiki imkanları ilə vəhdət təşkil edərək mühəndislik fakültələri arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu çərçivədə birgə elmi tədqiqatların aparılması ilə yanaşı, istehsal və tətbiqyönümlü layihələrin həyata keçirilməsinin mümkünlüyü də vurğulanıb.
Görüşün yekununda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar ADNSU-nun Tarix Muzeyi, müasir laboratoriyaları və kompüter otaqları tanış olublar.










