Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşlığı, İsparta Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı, Niş Universiteti və Mekin Akademiyasının əməkdaşlığı çərçivəsində keçirilən Multidissiplinar Elmlər üzrə 11-ci Beynəlxalq Konfrans (11th ICOMUS) öz işini uğurla başa vurub.
“Rəqəmsallaşmadan kənar: Ağıllı cəmiyyətlər və yeni paradiqmalar” mövzusuna həsr olunan mərasimin açılış sessiyasında elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. ATMU-nun elmi məsələlər üzrə prorektoru İranə Əliyeva və rektor müşaviri Fərid Cabbarlı sessiyada çıxış edərək universitetin elmi inkişaf strategiyası, beynəlxalq əməkdaşlıq imkanları və ağıllı cəmiyyətlərin perspektivlərinə dair düşüncə və mövqelərini açıqlayıblar. Əməkdaşlarımızın ağıllı cəmiyyətlərin formalaşmasına dair konseptual çıxışları tədbir iştirakçlari tərəfindən maraqla qarşılanıb.
Üç gün davam edən tədbirə 13 ölkə təmsilçiləri tərəfindən 70-dən çox elmi məruzə təqdim olunub. Multidissiplinar Elmlər üzrə 11-ci Beynəlxalq Konfransda Azərbaycan, Türkiyə, İraq, İordaniya, Mərakeş, Sudan, Küveyt, Səudiyyə Ərəbistanı, Albaniya, Bolqarıstan, Rumıniya, Moldova və Misirdən alimlər iştirak ediblər. Sessiyalar çərçivəsində əsasən süni intellekt, rəqəmsal transformasiya, ağıllı təhsil və ekoloji davamlılıq kimi aktual mövzular müzakirə ptermeti kimi diqqətdə saxlanılıb.
İştirakçılar 11-ci ICOMUS beynəlxalq konfrans zamanı təcrübə mübadiləsi aparmaq və beynəlxalq akademik əməkdaşlığı genişləndirmək imkanı da qazanıblar.
Sonda ATMU tərəfindən konfrans iştirakçılarına sertifikatlar və universitetin promo materialları təqdim olunub.
Z.HÜSEYNOVA
XQ

