Qahirə Universitetində Azərbaycan dilinin tədrisi davam etdirilir

post-img

Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi yeni semestrdə də davam etdirilir.

XQ xəbər verir ki, Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporunun və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir.

Ana dilimiz 10 ildir bu təhsil ocağında tədris olunur. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.

Qeyd edək ki, Seymur Nəsirov Azərbaycan dilini öyrənmək istəyən gənclər üçün yaxın günlərdə Dostluq Cəmiyyətində əlavə kursların təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, indiyədək 1700-dən çox tələbəyə Azərbaycan dili öyrədilib. Həmin tələbələr arasında Azərbaycan dili və ədəbiyyatı üzrə təhsilini magistratura səviyyəsində davam etdirən gənclər də var.

Hazırda Dostluq Cəmiyyətində dünyanın 59 ölkəsindən 650-dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır. Onların bəziləri Azərbaycan dilindən ərəb dilinə tərcümələr etmək səviyyəsində bilik və bacarıqlara yiyələniblər.

Təhsil