ATMU: Formalaşmadan davamlı inkişafa

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin 20 illik yubileyidir. Bu münasibətlə təhsil ocağının rektoru İlham Mədətovdan alınan müsahibəni oxuculara təqdim edirik.

– İlham müəllim, 13 fevral 2026-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) fəaliyyətə başlaması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından 20 il ötür. Bu əlamətdar tarix universitet üçün nə ifadə edir?

– İlk olaraq qeyd edim ki, Azərbaycan Turizm və Menecment Universiteti Cənab Prezidentin uzaqgörən təhsil siyasəti nəticəsində yaradılıb.  20 il ATMU üçün həm böyük məsuliyyət, həm də böyük uğurlar deməkdir. Bu illər ərzində universitet təkcə fəaliyyətini davam etdirməyib, eyni zamanda öz yerini və nüfuzunu formalaşdırıb. ATMU bu gün minlərlə məzunu olan, dövlət və özəl sektor üçün kadrlar hazırlayan bir ali təhsil müəssisəsidir. Bu yubiley görülən işlərə obyektiv qiymət vermək və gələcəyə daha inamla baxmaq üçün fürsətdir.

– Siz 2017-ci ildə ATMU-nun rektoru təyin olunmusunuz. Həmin tarixə qədər olan dövrü necə xarakterizə edərdiniz?

– Həmin dövr ATMU-nun təməl və formalaşma mərhələsi idi. Universitetin hüquqi, akademik və təşkilati əsasları həmin illərdə yaradıldı. Yeni ixtisaslar açıldı, ilk məzunlar əmək bazarına daxil oldu, maddi-texniki baza mərhələli şəkildə quruldu. Bu dövr ATMU-nun mövcudluğunu və davamlılığını təmin edən mühüm mərhələ olub və həmin mərhələnin uğurları bu günkü inkişaf üçün zəmin yaradıb. 

– Rəhbərliyinizdən sonra ATMU-nun fəaliyyətində hansı əsas dəyişikliklər və nailiyyətlər baş verib?

– Əsas məqsədimiz ATMU-nu keyfiyyət baxımından yeni mərhələyə çıxarmaq olub. Ötən illərdə idarəetmə sistemi təkmilləşdirildi, akademik və inzibati strukturlar yenidən formalaşdırıldı. Tədris proqramları müasir tələblərə uyğun yeniləndi, müəllim heyətinin peşəkar inkişafı prioritetə çevrildi. Bu dövrdə universitetdə təhsil prosesində şəffaf qiymətləndirmə mexanizmləri tətbiq olundu, rəqəmsal təhsil resursları genişləndirildi, tələbələrin məşğulluq imkanlarını artıran əmək bazarı ilə əməkdaşlıqlar quruldu, elmi və akademik fəaliyyət canlandırıldı. Bütün bunlar universitetin nüfuzunun artmasına və tələbə marağının yüksəlməsinə səbəb oldu.

– Universitetin bu illər ərzində əldə etdiyi əsas uğurları necə sıralamaq olar?

– Əsas uğurlarımızdan biri məzunlarımızın əmək bazarında öz yerlərini tapmasıdır. Təsadüfi deyil ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndə məzunlarımız ölkə üzrə ön pillələrdə qərarlaşıb.   Bu gün məzunlarımız dövlət qurumlarında, özəl şirkətlərdə, təhsil və xidmət sektorlarında uğurla çalışırlar. Bundan əlavə universitetdə peşəkar müəllim kollektivi formalaşıb, tələbələrin sosial və elmi fəaliyyəti genişlənib, ATMU müxtəlif təhsil layihələrində və əməkdaşlıqlarda iştirak edir. Bu uğurlar ardıcıl və planlı fəaliyyətin nəticəsidir.

– ATMU-nun beynəlxalq uğurları barədə nə deyə bilərsiniz? 

– Universitet fəaliyyət göstərdiyi dövr ərzində beynəlmilləşmə və keyfiyyətli ali təhsili əsas strateji prioritet kimi müəyyən edib. Bu yanaşmanın nəticəsi olaraq universitet “Times Higher Education Impact Rankings 2025” reytinqində təmsil olunaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri beynəlxalq səviyyədə təsdiqləyib və bir neçə istiqamət üzrə dünya universitetləri arasında yer alıb. Eyni zamanda, ATMU ilk dəfə “Round University Ranking 2025” reytinqinə daxil olaraq Azərbaycan universitetləri arasında ilk yeddilikdə qərarlaşıb. Bu nailiyyətlər tədrisin keyfiyyəti, elmi-tədqiqat, beynəlmilləşmə və institusional inkişaf sahəsində aparılan islahatların nəticəsidir. Universitetin beynəlxalq əməkdaşlığının mühüm nümunələrindən biri 2007-ci ildən Avstriyanın IMC Krems Universiteti ilə həyata keçirilən ikili diplom proqramıdır. 20 il ərzində bu proqram üzrə 400-ə yaxın məzun yetişib. Bundan əlavə, 2023-cü ildən Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramı həyata keçirilir. ATMU həmçinin, DAAD kimi mübadilə proqramları vasitəsilə Avropa ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlıq edərək tələbələrə beynəlxalq mübadilə imkanları yaradır.

– Təhsil ocağının Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verərdiniz. Bu əməkdaşlıq universitetə və tələbələrə hansı imkanları yaradıb?

– Bildiyiniz ki, ATMU Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsidir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq ATMU-nun fəaliyyətində xüsusi yer tutur və strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində turizm sahəsi üçün tələb olunan müasir bilik və bacarıqlara malik kadrların hazırlanması istiqamətində bir sıra layihələr həyata keçirilir. Birgə təşəbbüslər nəticəsində tədris proqramlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılması, tələbələrin istehsalat təcrübələrinin təşkili, müxtəlif təlimlər, seminarlar və sertifikat proqramları reallaşdırılıb. Eyni zamanda, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə regionlarda turizmin inkişafına yönəlmiş layihələrdə ATMU-nun müəllim və tələbə heyəti fəal iştirak edir. Bu, tələbələr üçün nəzəri biliklərin praktik mühitdə tətbiqi baxımından mühüm imkanlar yaradır. Əməkdaşlıq həmçinin universitet məzunlarının məşğulluq imkanlarının artmasına, turizm sənayesi ilə ali təhsil arasında daha möhkəm körpünün qurulmasına xidmət edir. Hesab edirəm ki, bu tərəfdaşlıq ATMU-nun sahə üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini daha da gücləndirir.

– Gələcək hədəflər və inkişaf istiqamətləri nələrdir?

- Əsas hədəfimiz ATMU-nun beynəlxalq mövqelərini gücləndirməkdir. Xarici universitetlərlə əməkdaşlıq, ikili diplom proqramlarının coğrafiyasını genişləndirmək, beynəlxalq layihələr və akkreditasiyalar üzərində iş aparılır. Eyni zamanda, elmi tədqiqatların genişləndirilməsi, innovativ layihələrin və startap təşəbbüslərinin dəstəklənməsi əsas istiqamətlərdəndir.

– 20 illik yubiley münasibətilə ATMU kollektivinə və məzunlara  nə deyərdiniz?

– ATMU-nun bu günə gəlib çatmasında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Müəllimlərimizin zəhməti, tələbələrimizin fəallığı və məzunlarımızın uğurları universitetimizin ən böyük qazancıdır. Əminəm ki, qarşıdakı illərdə ATMU daha böyük uğurlara imza atacaq.

-  20 illik yolu bir cümlə ilə necə ifadə edərdiniz? 

– ATMU-nun 20 illik yolu möhkəm təməl üzərində qurulan, davamlı inkişaf və real uğurlarla müşayiət olunan bir yoldur.

- Bu yolu bir tələbə cümləsi ilə desək, necə səslənərdi?

– “Çətin idi, maraqlı idi, amma dəyərdi…”

XQ





Təhsil