Hakan Fidan: Türkiyənin Aİ-yə üzvlüyünə Almaniya və Fransa mane olur

post-img

Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində irəliləyişin olmaması iki Avropa ölkəsi – Almaniya və Fransanın istəksizliyi ilə bağlıdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 24 TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Aİ-nin cənub və Balkan ölkələri Türkiyənin üzvlüyünü dəstəkləyir, lakin onun qoşulmamasına qarşı “üsyan vəziyyətində” deyillər.

XİN rəhbəri daha əvvəl iştirak etdiyi Aİ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında (Gymnich) Türkiyə də daxil olmaqla Aİ-nin genişlənməsini müdafiə edən ölkələrin olduğunu diqqətə çatdırıb.

“Amma biz görürük ki, bu, Avropa İttifaqının əsas qurucusu və hərəkətverici qüvvəsi olan iki ölkə tərəfindən qəbul edilməyib və bu yanaşma əsasən daxili siyasi səbəblərdən qorunub saxlanılır”, - deyə o bildirib.

Fidan xatırladıb ki, Türkiyənin Aİ-yə üzvlük prosesi uzun illərdir maneələrlə üzləşib.

Buna səbəb Türkiyənin müsəlman ölkəsi olması və Aİ-yə daxil olacağı təqdirdə Avropada ifrat sağçı qüvvələrin güclənməsi riskinin də olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya