Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib.
Məlumata görə, liderlər söhbət zamanı Türkiyə və İtaliya arasında ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Söhbət zamanı Ərdoğan Türkiyənin Ukrayna və Rusiya arasında müharibənin ədalətli və davamlı sülhlə başa çatması üçün danışıqların təşkili də daxil olmaqla, mümkün töhfə verməyə hazır olduğunu bildirib. Fürsətin qaçırılmamalı olduğunu vurğulayan Ərdoğan sülhə nail olmaq üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
İtaliyanın Baş naziri Giorgia Meloni Türkiyə prezidentinə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq səylərinə görə təşəkkür edib: “Türkiyənin Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olması ilə liderlər diplomatik perspektivləri müzakirə edib və Ukraynada ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəklədiklərini təsdiqləyiblər”, -deyə İtaliya hökumətinin bəyanatında bildirilir.
Baş nazir Meloni Ukrayna kimi Rusiyanın da yüksək səviyyəli danışıqlara dəvətə müsbət cavab verəcəyini və sülhə sadiqliyinin konkret sübutu kimi, 30 günlük, tam və qeyd-şərtsiz atəşkəs rejimini qəbul edəcəyini gözlədiyini qeyd edib.
P.ƏMİRCANOV
XQ