Zelenski Avstriyaya səfəri zamanı ölkənin neytrallığı ilə bağlı açıqlama verib

post-img

Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyaya rəsmi səfəri çərçivəsində Federal Prezident Aleksandr Van der Bellen ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynanın neytrallıq siyasətinin uğursuz nəticələrini gündəmə gətirib. Prezident bildirib ki, 2014-cü ildə Ukraynanın bloklara qoşulmama statusuna baxmayaraq, bu mövqe ölkəni Rusiya təcavüzündən qorumağa kifayət etməyib.

“2014-cü ildə ölkəmiz blokdan kənar statusa malik idi. Lakin nəticədə Krım işğal olundu, Donetsk və Luqanskın bir hissəsi nəzarətdən çıxdı. Demək olmaz ki, bizə hansısa ittifaqa üzv olduğumuz üçün hücum edilib. Bunlar sadəcə bəhanələrdir. Həmin vaxt nə kifayət qədər güclü ordumuz, nə də iradəli liderliyimiz vardı. Eyni zamanda, Avropa da kifayət qədər birlik nümayiş etdirmədi”, – deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna müharibənin bitməsini istəyir, lakin bu, ölkənin müstəqilliyi və suverenliyi bahasına olmamalıdır: “Biz sülh istəyirik, amma bu sülh ultimatum və ya təslimçilik əsasında olmamalıdır”.

Zelenskinin bu çıxışı, neytrallıq anlayışının müasir beynəlxalq münasibətlərdə və təhlükəsizlik sistemlərində nə dərəcədə effektiv olub-olmamasına dair dərin suallar doğurur. Onun sözlərinə görə, Ukraynanın bloklara qoşulmaması nəinki təhlükəsizlik təmin etmədi, əksinə, ölkəni tək buraxaraq işğal və müharibə risklərinə daha açıq hala gətirdi.

Zelenskinin çıxışında təkcə 2014-cü il hadisələrinə yox, həm də o dövrdə Ukraynanın hərbi və siyasi zəifliklərinə diqqət çəkilir. Prezident hesab edir ki, neytrallığın özlüyündə təhlükəsizlik zəmanəti yaratmaması, həm daxili, həm də beynəlxalq səviyyədə hazırlıqsızlıqla birləşəndə fəlakətli nəticələrə gətirib çıxarır. Onun fikrincə, real təhlükəsizlik yalnız effektiv müdafiə imkanları və güclü beynəlxalq ittifaqlarla mümkündür.

Van der Bellen isə öz növbəsində Avstriyanın neytral statusunu müdafiə etsə də, ölkənin müdafiə imkanlarının məhdud olduğunu etiraf edib. O qeyd edib ki, Avstriya Ukraynaya hərbi yardım göstərə bilməz, çünki bunun üçün lazımi resurslar yoxdur. Bununla belə, o, ölkəsinin səhiyyə və enerji kimi sahələrdə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bu yanaşma Avropadakı neytral dövlətlərin qarşısında dayanan dilemmanı ortaya qoyur: neytrallıq bir tərəfdən münaqişələrə qoşulmamaq prinsipini qorusa da, digər tərəfdən real təhlükə qarşısında passivliyə gətirib çıxarır. Zelenskinin və Van der Bellenin bəyanatları bir daha göstərir ki, neytrallığın klassik modeli artıq çağdaş geosiyasi reallıqlara cavab vermir və təkmilləşdirilməlidir.

Zelenskinin çıxışında diqqət çəkən digər vacib məsələ Ukraynanın NATO-ya üzvlük perspektividir. O, Ukraynanın alyansa qoşulmaq istəyini bir daha təsdiqləyib və bildirib ki, üzvlüyə aparan yolda ölkənin güclü və real təhlükəsizlik təminatlarına ehtiyacı var. Prezident, həmçinin, ABŞ-da Donald Trampın prezidentliyə qayıtması NATO ilə bağlı siyasətə qeyri-müəyyənlik gətirdiyinə işarə edib.

Zelenskinin fikrincə, NATO üzvlüyü məsələsinin beynəlxalq danışıqlar masasından çıxarılması Rusiyaya strateji üstünlük qazandıra bilər. Bu kontekstdə, Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi ideyası kompromis həll yollarından biri kimi təqdim olunur. Bu həm NATO, həm də Avropa İttifaqı çərçivəsində təhlükəsizlik mexanizmlərinin inteqrasiyasına alternativ platforma kimi qiymətləndirilə bilər.

Zelenskinin Avstriyada verdiyi mesajlar təkcə diplomatik bəyanatlar deyil, həm də neytrallıq konsepsiyasına yönəlmiş ciddi tənqiddir. Bu çıxışlar bir daha sübut edir ki, çağdaş beynəlxalq sistemdə formal statuslar deyil, praktik təhlükəsizlik mexanizmləri həlledici əhəmiyyət daşıyır. Ukraynanın təcrübəsi göstərir ki, neytrallıq siyasi iradə, güclü hərbi potensial və kollektiv zəmanətlərlə müşayiət olunmayanda, təhlükəsizlik deyil, risk yaradır.

Gələcəkdə Ukraynanın NATO-ya üzv olub-olmaması yalnız texniki və hərbi məsələlərlə bağlı deyil, həm də Qərbin siyasi iradəsi və beynəlxalq sistemdə mövcud olan güc balanslarının necə dəyişəcəyi ilə bağlı olacaq. Bu baxımdan, neytrallıq artıq alternativ yox, keçmişdən dərs alma vasitəsidir.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya