Türkiyə Müdafiə Sənayesi yeni nəsil artilleriya sistemini uğurla sınaqdan keçirdi
Türkiyənin milli müdafiə sənayesində mühüm addım olan ARPAN-155 haubitsa sistemi ilkin sınaqlarda yüksək göstəricilər əldə edərək diqqət mərkəzinə düşüb. ASFAT, ASELSAN, MKE və BMC şirkətlərinin birgə əməkdaşlığı ilə hazırlanmış bu yeni nəsil silah sistemi 8x8 taktiki təkərli platforma üzərində inteqrasiya edilib və gözləntiləri üstələyən atəş sürəti ilə sınaqdan uğurla keçib.
Sınaqlar zamanı sistem dəqiqədə 6 atəş hədəfini aşaraq 8 atəş icra etmiş və bununla da planlaşdırılan göstəricidən daha yüksək nəticə göstərmişdir. Bu göstərici, sistemin istismar keyfiyyətlərini və döyüş şəraitində yüksək manevr qabiliyyətini bir daha sübut etmiş olur.
Layihə çərçivəsində 155 mm-lik haubitsa sistemi BMC-nin 8x8 taktiki platformasına inteqrasiya edilib, atəşin idarə olunması isə ASELSAN tərəfindən hazırlanan müasir atəş idarəetmə sistemi ilə təmin edilib. Haubitsanın həm atəş gücü, həm də yüksək mobilliyi istər Türkiyə Silahlı Qüvvələrinin, istərsə də müttəfiq ölkələrin artilleriya imkanlarının müasirləşdirilməsində mühüm rol oynaya bilər.
Sistem hazırda keyfiyyət sertifikatlaşdırma mərhələsini başa vurmaq üzrədir. Bu mərhələnin uğurla tamamlanmasından sonra ARPAN-155 haubitsalarının kütləvi istehsalına başlanacağı gözlənilir. Yeni sistemin, Türkiyənin özünüqoruma qabiliyyətini gücləndirməklə yanaşı, ixrac potensialı baxımından da ciddi üstünlüklər təmin edəcəyi vurğulanır.
S.ELAY
XQ