Regionda illərdir davam edən ərazi mübahisəsi yenidən alovlanıb
Tayland ilə Kamboca arasında yerləşən mübahisəli sərhəd zonasında yenidən silahlı toqquşmalar baş verib. Bu barədə beynəlxalq xəbər agentliyi Reuters məlumat yayıb. Hadisə tərəflərin quru qoşunları arasında baş verən atışma ilə başlayıb və ən azı altı fərqli nöqtədə intensiv döyüşlərlə müşahidə olunub.
Tayland Xarici İşlər Nazirliyi təsdiqləyib ki, Kamboca tərəfindən "Qrad" raketləri ilə mülki obyektlərə zərbələr endirilib, nəticədə ölənlər və yaralananlar var. Həmçinin qeyd olunur ki, Tayland bu hücumlara cavab olaraq bütün sərhəd-keçid məntəqələrini bağlayıb.
Gərginliyə səbəb nə oldu?
Son toqquşmalar Tayland ordusunun bir hərbçisinin mina partlayışı nəticəsində əlil qalması və bu hadisənin "mübahisəli ərazi"də baş verməsi ilə alovlanıb. Hadisədən sonra Tayland hökuməti öz səfirini Kambocadan geri çağırıb, bu isə rəsmi Phnompenin sərt reaksiyasına səbəb olub. Diplomasiyanın yerini sürətlə silahlı qarşıdurma alıb.
Tarixi kontekst: Preah Vihara məbədi və mübahisəli sərhəd
Tayland və Kamboca arasında münaqişənin kökləri 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinin Kamboca xeyrinə qərar verdiyi Preah Vihara məbədi ətrafındakı əraziyə dayanır. Həmin vaxtdan bəri sərhədyanı bölgədə hüquqi və hərbi gərginliklər mütəmadi olaraq baş qaldırır.
2008-ci ildən etibarən, xüsusilə Preah Vihara məbədi ətrafında baş verən toqquşmalar onlarla insanın həlak olması və minlərlə mülki şəxsin köçkünə çevrilməsi ilə nəticələnmişdi. BMT və ASEAN regionun sabitliyini qorumaq üçün bir neçə dəfə vasitəçilik təşəbbüsləri göstərsə də, bu gün baş verənlər göstərir ki, köhnə yara hələ də sağalmayıb.
Hazırkı vəziyyətlə bağlı beynəlxalq təşkilatların reaksiyası və sülh çağırışları gözlənilir. Regionda sabitliyin pozulması yalnız Tayland və Kamboca üçün deyil, bütövlükdə Cənub-Şərqi Asiya üçün təhlükə mənbəyinə çevrilə bilər.
S.ELAY
XQ