ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya ilə enerji əməkdaşlığını sərt tənqid edib və bu ölkəyə qarşı gömrük rüsumlarını "çox ciddi şəkildə" artırmaq niyyətində olduğunu bəyan edib. Trampın fikrincə, Hindistanın Rusiya neftini almaqda israr etməsi Kremlin Ukraynadakı müharibəsinə dolayı yolla dəstək deməkdir.
Bu bəyanat Vaşinqtonun Hindistanla münasibətlərində yeni bir gərginlik dalğası yaradıb və xüsusilə Tramp administrasiyasının xarici siyasət ritorikasına qayıtdığını göstərir. Onun müşaviri Stiven Millerin sözlərinə görə, Tramp Hindistanın baş naziri Narendra Modi ilə yaxın münasibətləri olsa da, bu məsələdə mövqeyi qətidir: "Hindistan Rusiya neftini almaqla bu müharibəni maliyyələşdirməməlidir".
Dronlarda hind komponentləri: Ukraynadan sərt reaksiya
Trampın bəyanatına paralel olaraq Ukrayna tərəfi də Hindistana qarşı tənqidi açıqlamalar səsləndirib. Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Rusiya ordusunun istifadə etdiyi "Şahed"/"Gerań" tipli kamikadze dronlarda hind istehsalı olan elektron komponentlər aşkarlanıb. Bu dronlar mülki əhalinin və infrastrukturun bombalanmasında istifadə olunur.
Yermak qeyd edib ki, Rusiya bu komponentləri istifadə etməklə digər ölkələrdən texnoloji dəstək almağa davam edir: "Rusiyanın belə komponentlərə çıxışını kəsmək və günahsız insanların qətlini dayandırmaq vacibdir."
Texniki detallar və Hindistanın cavabı
Ukrayna və Hindistan mətbuatında yayılan məlumata görə, Rusiya ordusunun istehsal etdiyi dronlarda Hindistanın Vishay Intertechnology və Aura Semiconductor şirkətlərinin komponentləri tapılıb. Məsələn, E300359 tipli düzləndirici körpü və AU5426A siqnal generatoru kimi detallara rast gəlinib.
Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Caisval məsələ ilə bağlı bildirib ki, bu məhsulların ixracı Hindistan qanunlarına və beynəlxalq öhdəliklərinə tam uyğundur. "İkili təyinatlı malların ixracı Hindistanın nüvə yayılmasının qarşısını alma siyasətinə və ciddi hüquqi nəzarət sisteminə əsaslanır", – deyə o bildirib.
Rusiya tədarük zəncirini dəyişir
Ukraynanın Hərbi Kəşfiyyat Baş İdarəsi (GUR) bu ilin aprel ayında Rusiyanın artıq demək olar ki, Amerika istehsalı çiplərdən imtina etdiyini və onların yerini Hindistan, Çin və digər ölkələrdən alınan alternativ komponentlərin tutduğunu açıqlamışdı. Aparılan araşdırmalarda "Şahed", "Supercam", "Zala" kimi dronlarda və "Kinjal" raketlərində Hindistan mənşəli təchizatların olduğu müəyyənləşib.
Hindistan Vaşinqtonun təzyiqlərinə müqavimət göstərir
Vaşinqtonun ardıcıl xəbərdarlıqlarına baxmayaraq, Yeni Dehli Rusiya neftini almaqda davam edəcəyini açıq şəkildə bəyan edib. Rusiya isə bu əməkdaşlıqdan məmnun olduğunu bildirir. ABŞ Hindistandan idxal olunan bəzi mallara 25% gömrük tarifi tətbiq edib və bu rüsumların daha da artacağı ehtimal olunur.
Bütün bu hadisələr ABŞ və Hindistan arasında strateji tərəfdaşlığın gələcəyi ilə bağlı suallar doğurur. Bir tərəfdə iqtisadi maraqlar və enerji ehtiyacları, digər tərəfdə isə geosiyasi mövqelər toqquşur.
S.ELAY
XQ