Neytral ölkə ordunu gücləndirməyə qərar verdi

post-img

Təxminən 180 ildir hərbi münaqişələrdə iştirak etməyən İsveçrə dəyişən beynəlxalq təhlükəsizlik mühitini nəzərə alaraq silahlı qüvvələrini gücləndirmək qərarına gəlib. Ölkənin Federal Şurası (milli hökumət) müdafiə xərclərinin artırılması planını açıqlayıb. Bu artımın müvəqqəti olaraq əlavə dəyər vergisinin (ƏDV) yüksəldilməsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da mövcud qanunvericiliyə görə parlamentin razılığı və ümumxalq referendumu tələb edir. Cəmiyyətdə ciddi narazılıqların mövcudluğuna baxmayaraq, hökumət geri çəkilmək niyyətində deyil. Rəsmi Bern hesab edir ki, mövcud geosiyasi şəraitdə İsveçrə vətəndaşları yalnız neytrallığın hüquqi təminatlarına arxalanmamalıdır.

Hazırda İsveçrə Avropada müdafiəyə ən az vəsait ayıran ölkələr sırasındadır: hərbi xərclər ÜDM-in cəmi 0,7%-ni təşkil edir. Bu göstərici yalnız İrlandiya, Malta və Moldovada daha aşağıdır. Qonşu ölkələrin silahlı qüvvələrə ayırdıqları xərcləri artırmaları fonunda İsveçrə hakimiyyəti də ordunun vəziyyətinə yenidən baxmağa məcbur olub.

Federal Şuranın bəyanatında qeyd olunur ki, “geosiyasi vəziyyətin pisləşməsi fonunda hökumət İsveçrənin təhlükəsizlik və müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirməyi hədəfləyir”. Bu məqsədlə təxminən 31 milyard İsveçrə frankı (33 milyard avro) həcmində əlavə maliyyə resursuna ehtiyac olduğu vurğulanır.

Hökumət ƏDV dərəcəsini hazırkı 8,1%-dən 10 il müddətinə 0,8 faiz bəndi artırmağı təklif edib. Vergi artımının həyata keçirilməsi uzun və mürəkkəb prosedurlar tələb etdiyindən, Federal Şura bu dəyişikliyin 2028-ci ildən qüvvəyə minəcəyini planlaşdırır. Proses çərçivəsində təklif əvvəlcə parlamentə təqdim ediləcək, daha sonra isə Konstitusiyaya dəyişiklik tələb olunduğuna görə referendum keçiriləcək. Referendumun 2027-ci ilin yayında baş tutması ehtimal olunur.

Əlavə vəsaitin əsas hissəsinin silahlanmaya yönəldilməsi planlaşdırılır. Söhbət zenit-raket kompleksləri, raketdən müdafiə sistemləri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrindən gedir. İsveçrə Silahlı Qüvvələrinin komandanı general-leytenant Tomas Züsslinin sözlərinə görə, orduda istifadə olunan bəzi artilleriya sistemləri hələ 1960-cı illərdə silahlanmaya qəbul edilib. Federal Şura informasiya texnologiyaları, kibertəhlükəsizlik və elektromaqnit müdafiəni də prioritet istiqamətlər kimi müəyyən edib.

Ordunun təchizatı məsələsi İsveçrədə artıq 2025-ci ilin yazında siyasi gərginlik yaratmışdı. Həmin dövrdə müdafiə naziri Viola Amherd vəzifəsini tərk etmişdi. O, NATO ilə yaxınlaşmaqda və silah alışlarında şəffaflığın olmamasında ittiham olunurdu. 2024-cü ildə böyük həcmdə müdafiə müqavilələri bağlansa da, SRF ictimai teleradioşirkətinin araşdırması göstərmişdi ki, ayrılmış maliyyə bütün öhdəlikləri yerinə yetirmək üçün kifayət etmirdi.

Parlamentdə bir çox siyasi qüvvə ordunun modernləşdirilməsinin vacibliyini qəbul etsə də, Amherdin varisi, yeni müdafiə naziri Martin Pfister ciddi müqavimətlə üzləşə bilər. Əsas narazılıq ondan ibarətdir ki, əlavə maliyyənin ƏDV hesabına təmin edilməsi təklif olunur. 

Azad Demokrat Partiyasının (FDP.Die Liberalen) həmsədri Benyamin Mühlemann bildirib ki, “yeni vergilərə avtomatik çağırış həm vergiödəyicilərə, həm də orduya qarşı məsuliyyətsiz yanaşmadır”. Onun fikrincə, cəmiyyət ƏDV-nin artırılmasını dəstəkləməyəcək. Liberallar alternativ olaraq Swisscom-un dövlətə məxsus səhmlərinin bir hissəsinin satılması və Milli Bankın mənfəətinin bir hissəsinin müdafiəyə yönəldilməsi ideyasını müdafiə edirlər.

İsveçrə Xalq Partiyası (SVP) isə ƏDV artımının doğrudan da müvəqqəti olacağına şübhə ilə yanaşır. Partiya orduya əlavə vəsaitin qaçqın proqramlarının maliyyələşdirilməsinin azaldılması hesabına ayrılmasını təklif edir. SVP-nin açıqlamasına görə, təkcə federal səviyyədə sığınacaq sistemindəki “xaos” dövlət büdcəsinə ildə təxminən 4 milyard frank başa gəlir.

Sosial-demokratlar isə hökumət planlarının İsveçrənin müdafiə sahəsində digər ölkələrdən asılılığını artıra biləcəyindən narahatdırlar. Onların fikrincə, əgər F-35 qırıcılarının alınması baş tutarsa, İsveçrə uzunmüddətli perspektivdə istismar, proqram təminatı və əməliyyat imkanları baxımından ABŞ-la sıx bağlı qalacaq.

Pfisteri yalnız onun üzvü olduğu “Mərkəz” Partiyası dəstəkləyib. Partiya lideri Filipp Mattias Breqi bildirib ki, “yenidən silahlanma üçün 40–60 milyard frank tələb olunursa, bu vəsaiti başqa sahələrdən qənaət etməklə tapmaq mümkün deyil”.

Hökumət isə ƏDV-nin artırılmasını ən optimal maliyyə mənbəyi kimi təqdim edir. Alternativ variantlar,- maliyyə əməliyyatları və sərvət vergilərinin artırılması, eləcə də əməkhaqqından tutulmalar,- əhali üçün daha ağrılı hesab olunur.

Bununla belə, referendumun uğursuzluq ehtimalı yüksək qiymətləndirilir. Hakimiyyət seçicilərə geosiyasi vəziyyətin pisləşməsinin ,- Rusiya ilə Qərb arasındakı qarşıdurmanın və Avropa–ABŞ münasibətlərindəki dəyişikliklərin,- İsveçrə üçün hansı konkret təhlükələr yaratdığını aydın izah etməkdə çətinlik çəkir. Üstəlik, ölkədə vergi yükü onsuz da yüksəkdir. Vəziyyəti daha da mürəkkəbləşdirən məqam ondan ibarətdir ki, ƏDV hesabına təkcə müdafiə xərclərinin deyil, həm də pensiya sığortası üzrə 13-cü ödənişin maliyyələşdirilməsi təklif olunur. Əgər bu təşəbbüs də qəbul edilərsə, müdafiə xərcləri ilə birlikdə ƏDV-nin ümumi artımı 1,5 faiz bəndinə çata bilər.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya