Dənizi 85 faiz qidalandıran Volqa çayından tökülən su getdikcə azaldılır
Xəzər dənizinin səviyyəsi müşahidə tarixində ən aşağı həddə çatıb. Bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb. Mütəxəssislərin bildirdiyinə görə, səviyyənin azalması xüsusilə dənizin şimal hissəsində, Rusiya və Qazaxıstan sahil akvatoriyalarında müşahidə olunur.
Araşdırmalara əsasən, Xəzərin səviyyəsindəki enmə prosesi 1990-cı illərin ortalarından başlayaraq davam edir. Təkcə 2020-ci ildən bu yana səviyyə təxminən 0,8 metr azalıb. Hazırda dəniz səviyyəsi -29,21 metrə düşüb ki, bu da tarixi minimum göstərici hesab olunur. Fəlakətli vəziyyətin əsas səbəblərindən biri Xəzərin əsas su mənbəyi olan Volqa çayının illik axınının zəifləməsidir. Volqa çayı hazırda Xəzər hövzəsinə daxil olan suyun 80-85 faizini təmin edir. Lakin çayın su həcmi tədricən azalır və bu tendensiya davam edir.
XX əsrin ortalarından başlayaraq Volqa üzərində ardıcıl şəkildə bir neçə böyük su elektrik stansiyası və anbarlar inşa olunub. Bu hidroqovşaqlar arasında İvanovski, Uqlitski, Rıbinski, Kuybışev, Saratov, Voljski və digərləri çayın təbii axın rejimini dəyişərək onun Xəzərə çatmasını çətinləşdirib. Çayın hər kubmetr suyu yuxarı axından aşağıya qədər bir neçə dəfə müxtəlif turbinlərdən keçir. Bu proses texniki baxımdan səmərəli sayılsa da, Xəzərə axan suyun miqdarını nəzərəçarpacaq dərəcədə azaldır.
Eyni zamanda, bu anbarların geniş səth sahələri güclü buxarlanma ilə müşayiət olunur. Hər il bu səbəbdən böyük miqdarda su itir. Buxarlanma prosesi iqlim dəyişikliyi fonunda daha da intensivləşib. Son illər bölgədə havanın orta temperaturu artıb, yay aylarında +30°C-dən yuxarı temperatur artıq adi hal alıb. 2024-cü ildə Qazaxıstan sahillərində +43,5°C temperatur qeydə alınıb ki, bu da buxarlanmanı əhəmiyyətli dərəcədə gücləndirib.
Hidroloqların hesablamalarına görə, Xəzər dənizi ildə, təxminən, 50 kub kilometr su itirir. Bu, olduqca böyük bir həcmdir və dəniz səviyyəsinin enməsinə birbaşa təsir göstərir. Rıbinsk kimi bəzi su anbarlarında buxarlanma səviyyəsi ümumi su həcminin 50 faizinə qədər çatır. Buxar isə atmosferə qalxaraq digər coğrafi ərazilərə yağış şəklində düşür və nə Volqaya, nə də Xəzərə geri qayıtmır. Beləliklə, çay üzərində tikilmiş hidrotexniki qurğular bir tərəfdən axını ləngidir, digər tərəfdən isə buxarlanmanı artıraraq Xəzərə axan suyun miqdarını azaldır.
Bölgədə daha tez-tez baş verən quraqlıq dövrləri də Volqa hövzəsində su ehtiyatlarının azalmasına təsir göstərir. Yağıntıların azalması, torpağın quruması və yeraltı suların səviyyəsinin aşağı düşməsi Volqanın ümumi su balansını zəiflədir. Bu da nə çayın, nə də dənizin əvvəlki su bolluğunu qoruyub saxlaya bilməməsi ilə nəticələnir.
Bununla yanaşı, antropogen təsirlər də vəziyyəti daha da ağırlaşdırır. Volqa sahillərində 60 milyona yaxın insan yaşayır və Rusiya sənayesinin və kənd təsərrüfatı istehsalının təxminən yarısı bu hövzədə yerləşir. Nəticədə çayın suyundan əhalinin su təchizatı, kənd təsərrüfatı və sənaye məqsədləri üçün geniş istifadə edilir. Təkcə son 10 ildə Həştərxan vilayətində suvarılan əkin sahələrinin 25 faiz artması Volqadan daha çox su götürülməsi deməkdir. Oxşar artım tendensiyası çayın sahilində yerləşən digər vilayətlərdə də müşahidə olunur. Suvarma sistemləri və sənaye müəssisələri Volqadan milyonlarla kubmetr su çəkir. Onun yalnız kiçik bir hissəsi təkrar istifadə olunur, qalan su isə ya buxarlanır, ya da çirklənmiş şəkildə yenidən çaya və oradan da Xəzərə axıdılır.
Bütün bu faktorlar birlikdə Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, bu azalma hələ uzun illər davam edəcək və səviyyənin əlavə 1,5 metr aşağı düşməsi ehtimal olunur. Bu isə təkcə ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan ciddi nəticələr doğura bilər. Sahilyanı ərazilərdə yaşayan əhali, limanlar, balıqçılıq təsərrüfatları və bütövlükdə Xəzər regionunun iqtisadi infrastrukturu bu dəyişikliklərdən mənfi təsir görə bilər.
Xəzər dənizi son onilliklərdə təkcə səviyyəsinin enməsi ilə deyil, eyni zamanda sürətlə artan çirklənməsi ilə də ekoloji fəlakət təhlükəsi ilə üz-üzədir. Volqa çayı boyunca yerləşən Moskva, Nijni Novqorod, Kazan, Saratov, Volqoqrad və digər şəhərlər illərdir çaya müxtəlif tərkibli sənaye və məişət tullantı suları axıdır. Bu suların tərkibində civə, qurğuşun, kadmium kimi ağır metallar, neft məhsulları, fosfatlar, nitratlar və çirkab sular mövcuddur. Çox zaman bu tullantılar tam təmizlənmədən və normativlərə uyğunlaşdırılmadan birbaşa Volqaya ötürülür. Nəticədə çirklənmiş su kütləsi min kilometrlərlə yol qət edərək Xəzər dənizinə çatır və burada onsuz da həssas olan ekosistemi daha da zəiflədir.
Eyni şəkildə, Terek və Samur çayları da çirklənmə baxımından təhlükəli mənbə sayılır. Beləliklə, Xəzər dənizi həm su itkisi, həm də çirklənmə ilə ekoloji və iqtisadi baxımdan son dərəcə həssas bir mərhələyə qədəm qoyub.
Dayazlaşma və çirklənmənin birgə təsiri isə Xəzər regionunu ekoloji baxımdan sabit və davamlı inkişaf mühitindən sürətlə uzaqlaşdırır. Dəniz suyunun səviyyəsinin enməsi səbəbindən sahil xətti geri çəkilir, yeni bataqlıqlar və duzlu səhralar əmələ gəlir. Eyni zamanda, ağır metallar və toksik maddələr su orqanizmlərində yığılaraq zəncirvari şəkildə insan sağlamlığını da təhdid edir.
Belə bir vəziyyətdə regional səviyyədə koordinasiya olunmuş ekoloji siyasət vacibdir. Bu vəziyyətdən çıxış yolu kompleks və çoxtərəfli yanaşma tələb edir. İlk növbədə, Xəzərin səviyyəsinin sabit saxlanılması üçün Volqa çayında minimal ekoloji su axınının təmin olunması hüquqi müstəvidə tənzimlənməlidir. Bu isə yalnız Rusiyanın razılığı və öhdəlik götürməsi ilə mümkündür. Lakin reallıq ondan ibarətdir ki, Rusiya Volqanı özünün daxili su hövzəsi kimi qəbul edir və onun istifadəsinə dair xarici müdaxilələri suverenliyinə təhdid kimi qiymətləndirir. Bu isə təkcə Azərbaycanın deyil, digər Xəzəryanı ölkələrin də bu sahədə təşəbbüslərini çətinləşdirir.
Buna görə də, yalnız 5 Xəzəryanı dövlətdən – Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan ibarət regional diplomatik əməkdaşlıq və kollektiv təzyiq vasitəsilə Volqa çayının idarə olunmasına dair yeni mexanizmlərin yaradılması mümkündür. Bu mexanizmlərdə ekoloji maraqlar ilə iqtisadi tələblər arasında balansın qorunması əsas prinsip kimi qəbul edilməlidir.
Əks təqdirdə, yaxın onilliklərdə Xəzər dənizi daha da dayazlaşacaq, bu isə regionun təbii landşaftında və iqtisadi potensialında ciddi dəyişikliklərə səbəb olacaq. Bu gedişat yalnız sahilyanı ölkələrin deyil, həm də Avrasiyanın enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasına təsir göstərə bilər. Odur ki, məsələ təkcə bir çayın deyil, bütöv bir regionun gələcəyinin təminatı kimi qəbul edilməlidir.
Ə.PÜNHAN
XQ