Mötəbər tarixi həqiqətlər məbədi

post-img

(əvvəli ötən saylarımızda)

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan Respublikasının demokratik dəyərlərə sadiq dövlət kimi formalaşması və inkişafı prosesi başlandı. Heydər Əliyev dühasının müdrikliyi, çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı misilsiz xidmətləri Azərbaycan dövlətinin taleyində və onun demokratik dövlət olaraq inkişafında həlledici rol oynadı.

1993-cü ilin 15 iyunundan başlayaraq ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaradıldı. Yeni dövlət quruculuğu prosesi tarixi ənənələrə, elmi əsaslara və beynəlxalq norma və prinsiplərə uyğun inkişaf etməyə başladı.

Günlər, aylar, illər keçdikcə ölkənin bütün sahələrində durğunluq aradan qaldırılır, o cümlədən dövlət idarəetmə sisteminin əsas atributlarından olan arxiv işi sahəsində də yeni qanunvericilik aktlarının layihələrinin hazırlanmasına start verilirdi. Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında respublikamızda arxiv işinin təşkili prinsipləri və normalarını, onun inkişaf istiqamətlərini müəyyən edən ilk qanunvericilik aktının layihəsi hazırlandı.

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi geniş müzakirələrdən sonra 1999-cu il iyunun 22-də Milli Məclis tərəfindən qəbul edildi və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli 168 nömrəli fərmanı ilə tətbiq edildi. 5 fəsil və 23 maddədən ibarət olan qanun ölkəmizdə arxiv işinin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi, habelə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyətinin təşkili prinsiplərini və qaydalarını müəyyən edir.

Qanunda arxiv işi sahəsində dövlətin vəzifələri, arxiv işinin təşkilinin vahid prinsipləri, arxiv fondu sənədlərinin tərkibi, onların komplektləşdirilməsi, uçotu, mühafizəsi və istifadəsi, bu sahə ilə bağlı mülkiyyət formalarının tənzimlənməsi, arxivlərin qorunması və inkişafına təminat, arxiv sənədlərinin xaricə aparılması və xarici ölkələrin arxivlərində saxlanılan xalqımızın tarixi ilə bağlı sənədlərin surətlərinin ölkəmizə gətirilməsi, dövlət arxiv xidməti təşkilatlarının funksiyaları, arxiv kadrlarının hazırlanması kimi vacib məsələlər təsbit olunur.

Qanun Milli arxiv fondunun təşkili prinsiplərini müəyyən etməklə, həm də MAF-a daxil edilən sənədlərin tərkibi, onun komplektləşdirmə mənbələrini, habelə Milli arxiv fonduna məxsus sənədlərin idarə arxivlərində müvəqqəti saxlanma müddətlərini müəyyən edir. “Milli arxiv fondu haqqında” Qanun ölkəmizdə arxiv işi ilə bağlı bütün məsələləri əhatə etməklə, respublikamızın dövlət arxivlərinə qiymətli sənədlərin intensiv şəkildə cəmləşdirilməsinə, onlardan siyasi, iqtisadi, elmi və mədəni məqsədlər üçün istifadə olunmasına geniş imkanlar yaradır.

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun və onun tətbiq edilməsi haqqında Fərmanın müvafiq maddələrindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 avqust 1999-cu ildə “Dövlət arxivləri işçilərinin əməkhaqlarının tənzimlənməsi haqqında” qərar qəbul edir. Həmin qərarla dövlət arxivlərin işçilərinin vəzifə maaşları müvafiq sahədəki icra hakimiyyəti orqanının işçilərinin vəzifə maaşlarına uyğunlaşdırılır.

Sonrakı illərdə dövlət idarəetmə sistemində aparılan islahatlara uyğun olaraq, dövlət qurumlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin əməyinin ödənilməsində yeni mexanizm tətbiq edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 453 nömrəli “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında” Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 yanvar 2005-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərar qəbul edir. Həmin qərarla dövlət arxivlərində çalışan işçilərin aylıq vəzifə maaşlarının tənzimlənməsinin yeni mexanizmi müəyyən edilir.

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli 32 nömrəli qərarla “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”, “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası”, “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”, “Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydası”, “Dövlət arxiv fondu sənədlərindən istifadə Qaydaları” və “Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası”ını təsdiq edir.

Adıçəkilən qərarla Müstəqil Azərbaycan Respublikasında arxiv işinin təşkili prinsipləri, arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi və istifadəsi qaydalarının elmi əsasları, Milli arxiv fondu sənədlərinin mühafizəsi üçün həyata keçirilməli olan tədbirlər, arxiv binalarına qoyulan tələblər, sənədlərin komplektləşdirməsi prosesinə daxil edilən işlər, arxiv fondu sənədlərinin Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi işinin təşkili qaydaları müəyyənləşdirildi.

Bundan əlavə, sənədlərin dəyərinin ekspertizasının keçirilməsi metodu və prinsipləri, dövlət mühafizəsinə qəbul üçün seçilən sənədlərin tərkibi, ekspert komissiyalarının fəaliyyətinin təşkili, qeyri-dövlət təşkilatlarının arxiv sənədlərinin Milli arxiv fonduna daxil edilməsi, həmin sənədlərə mülkiyyətçi hüququnun dövlət arxiv xidməti təşkilatlarına verilməsi qaydası, Azərbaycan xalqının tarixi və mədəniyyətinə aid qiymətli sənədləri aşkar edən və ya tapan şəxslərin mükafatlandırılması qaydası, hüquqi və fiziki şəxslərin, o cümlədən xarici ölkə vətəndaşlarının arxiv sənədlərindən istifadə formaları, dövlət arxivlərin oxu zallarında tədqiqatçılarla işin təşkili, Milli arxiv fondu sənədlərinin sənəd kolleksiyaların orijinal və ya onları əvəz edən nüsxələrinin müvəqqəti olaraq xaricə aparılması qaydasını müəyyən edən mükəmməl normativ hüquqi baza formalaşdırıldı.

Arxiv işinin təşkili qaydalarını müəyyən edən yeni qanunvericilik aktlarının qəbul edilməsi dövlət arxiv xidməti təşkilatlarının fəaliyyətini canlandırdı, arxivlərin komplektləşdirilməsi və arxiv sənədlərindən istifadə edilməsi sahəsində əsaslı dəyişikliklərə səbəb oldu. Əlbəttə, həmin illərdə ölkəmizdə mövcud olan iqtisadi çətinliklər arxivlərə də öz mənfi təsirini göstərirdi. Xüsusilə dövlət arxivlərinə sənədlərin mühafizəsi üçün binaların tikilə bilməməsi və yaxud arxivlər üçün yeni binaların ayrılmaması dövlət orqanlarından, idarə və müəssisələrdə saxlanılan vaxtı çatmış sənədlərin dövlət mühafizəsinə qəbulunda çətinliklər yaradırdı.

Xalqımızın tarixinin ilk mənbələr əsasında öyrənilməsində, dövlət orqanlarının, idarə və müəssisələrin, habelə vətəndaşların informasiyaya olan gündəlik tələbatının ödənilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında dövlət arxivlərinin roluna yüksək dəyər verən ümummilli lider Heydər Əliyev 2 dekabr 2002-ci ildə “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında ölkədə arxiv sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hüquqi statuslu Milli Arxiv İdarəsi yaradıldı.

Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv təşkilatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə proqramının hazırlanması tapşırıldı.

Fərmanla dövlət arxiv xidmətinin statusu ölkədə gedən dövlət quruculuğu işinin tələblərinə uyğun təkmilləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamə ilə yeni yaradılan Milli Arxiv İdarəsinin hüquqi statusu, vəzifələri, funksiyaları, səlahiyyətləri və idarədə işin təşkili prinsipləri müəyyənləşdirilir.

Milli Arxiv İdarəsinə arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, onun inkişafının konsepsiya və strategiyasını hazırlamaq, Milli arxiv fondunun sənədlərinin komplektləşdirilməsi, uçotu və istifadəsinin vahid prinsiplərini müəyyən etmək, dövlət orqanlarında arxiv işini təşkilini əlaqələndirmək, Milli arxiv fondunun mərkəzləşmiş dövlət uçotunu aparmaq, beynəlxalq əlaqələr yaratmaq, arxiv işinin təşkilinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlar üçün icrası məcburi olan normativ hüquqi aktları qəbul etmək kimi mühüm səlahiyyətlər verilir.

Azərbaycan Respublikasının Nazırlər Kabineti “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanından irəli gələn vəzifə və tapşırıqların icrasını təmin etməklə dövlət arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının yaxşılaşdırılması və arxiv işinin təşkili qaydalarının təkmilləşdirilməsi məqsədilə bir sıra sərəncam və qərarlar qəbul edir. Nazirlər Kabinetinin 30 dekabr 2002-ci il tarixli 274 nömrəli sərəncamı ilə Milli Arxiv İdarəsinin mərkəzi aparatının işçilərinin say həddi və İdarənin mərkəzi aparatı üçün xidməti minik avtomobillərin limiti müəyyən edilir.

16 fevral 2004-cü il tarixli 12 nömrəli qərarla ”Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv təşkilatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram” təsdiq olundu. 2003-2007-ci illəri əhatə edən və 18 bəndən ibarət Proqramda respublikamızda arxiv işinin hər tərəfli inkişafını təmin etmək, arxiv sənədlərinin etibarlı mühafizəsi üçün maddi-texniki baza yaratmaq, dövlət arxivlərinin lazımı binalarla təmin etmək, arxiv binalarını əsaslı təmir etmək, onlarda sənədlərin mühafizəsi üçün optimal istilik-rütubət rejimini yaratmaq, dünya ölkələrinin arxiv və muzeylərində saxlanılan xalqımızın tarixi ilə bağlı sənədlərin surətlərini toplamaq və digər tədbirlərin icrası nəzərdə tutulur.

Milli Arxiv İdarəsi müvafiq illərdə Proqramda nəzərdə tutulan bir sıra tədbirlərin icrasını təmin edir. Bakı şəhəri Mətbuat prospektində yerləşən AMEA-ya məxsus bir binanın Milli Arxiv İdarəsinin balansına verilməsi təmin edilir, bina əsaslı təmir edilərək arxiv üçün uyğunlaşdırılır, müasir isitmə-soyutma, havalandırma, yanğından mühafizə sistemləri ilə təchiz olunur və arxivin mühafizəxanalarında arxiv fondu sənədlərinin mühafizəsi üçün optimal şərait yaradılır. Əməkdaşların iş otaqları müasir tələblərə uyğun təmir edilir və zəruri ofis avadanlıqları ilə təchiz olundu.

Binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən iştirak etməklə görülmüş işlərə yüksək qiymət verdi. Milli Arxiv İdarəsinin yerləşdiyi əsas inzibati binasında və dövlət arxivləri üçün 1960-cı illərdə tikilmiş binalarda əsaslı təmir işləri aparılır, yanğına qarşı qurğuların, istilik və havalandırma sistemlərinin, sənəd daşıyan liftlərin yenilənməsi, iş otaqlarının ofis avadanlıqları ilə təchiz edilməsi təmin olunur. Respublika Dövlət Arxivinin Gəncə və Şəki filiallarına 500 min saxlama vahidi tutumlu yeni arxiv binalarının inşası təmin olunur. Dövlət Arxivinin bir sıra filiallarında və rayon dövlət arxivlərində arxiv fondu sənədlərinin mühafizəsi şəraitinin optimallaşdırılması və əməkdaşların iş şəraitinin yaxşılaşdırılması təmin edilir.

Respublikamızda arxiv quruculuğunun 85 illiyi ilə əlaqədər Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli 1191 və 1192 nömrəli Sərəncamları ilə dövlət arxiv xidməti təşkilatlarının bir qurup əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilir və “Tərəqqi” medalı illə təlif olunurlar. Azərbaycan Respublikası Prezidentinin iyul 2010-cu il tarixli 1015 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin şöbələrdən və sektordan ibarət strukturu və Nazirlər Kabinetinin 25 aprel 2011-ci il tarixli 57 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olundu.

Adıçəkilən qərarla təsdiq edilmiş Siyahıya əsasən Milli Arxiv İdarəsinin tabeliyində 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı və 50 rayon dövlət arxivi, Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini qaydaya salan təssərrüfathesablı Mərkəz, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və onun tabeliyindəki dövlət arxivləri fəaliyyət göstərir. 2010 - 2017-ci illədə Milli Arxiv İdarəsi Dövlət arxivlərinin əsas iş qaydalarını, dövlət orqanlarında idarə, müəssisə və təşkilatlarında sənədlərlə işin təşkili, onların idarə olunması və mühafizəsi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə idarəetmə və elm-texnika fəaliyyəti sahələrində yaranan sənədlərin saxlanılma müddətlərini müəyyən edən Nümunəvi Siyahını, həmçinin dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinin norma və prinsiplərini müəyyən edən Təlimatı, eləcə də digər normativ-metodiki vəsaitləri hazırlanaraq təsdiq edir. Hazırlanmış normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunur.

Azərbaycan Respublikasının dövlət arxiv xidməti təşkilatları Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq yaradılan “ASAN xidmət” mərkəzlərinin “arxiv bölmələri”ndən 2013-cü ildən etibarən əhaliyə operativ və şəfaf arxiv xidmətlərinin göstərilməsinə başlanılır. Hazırda xidmətin əhatə dairəsi daha da genişlənmiş və dövlət arxiv xidməti təşkilatlarına daxil olan ümumi müraciətlərin 50%-dən çoxunu təşkil edir. Dövlət arxiv xidmətlərinin elektron hökumət portalına inteqrasiyası təmin edilərək hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin operativliyi və şəffaflığı təmin olunur, ölkədə arxiv işinin beynəlxalq təcrübəyə və müasir texnoloji nailiyyətlərə uyğun modernləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

2019-cu ildə arxiv işi sahəsinə aid qanunvericiliyin təkmilləşdirilməsi, dövlət arxiv xidməti təşkilatlarının şəbəkəsi və strukturunun optimallaşdırılması, arxiv xidmətlərinin rasionllığının artırılması, arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırılması, Vahid elektron arxiv informasiya sisteminin yaradılması, arxiv sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini təmin edən kompleks tədbirlərin məcmusu olaraq hazırlanmış Azərbaycanda arxiv işinin inkişafına dair konsepsiya baxılmaq üçün ali dövlət hakimiyyəti orqanına təqdim olunur.

Layihəyə Azərbaycanda arxiv işinin vəziyyəti, onun inkişafı istiqamətləri və məqsədi barədə müddəalar daxil edilir. 50-ə yaxın dövlət orqanından daxil olan rəy və təkliflər əsasında mətnə əlavə və düzəlişlər edilən layihə Nazırlər Kabineti tərəfindən təsdiq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevar tarixli 1815 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illərə dair Dövlət Proqramı” təsdiq olunur.

Milli Arxiv İdarəsi Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üçün bütün təşkilati-hüquqi imkanlarından istifadə edərək, Dövlət Proqramının birgə icraçısı olan digər dövlət qurumları ilə əlaqəli şəkildə müvafiq tapşırıqların icrasını həyata keçirməyə başlayır. İlk növbədə ölkədə arxiv işinin beynəlxalq standartlara və normalara uyğun yenidən təşkili məqsədilə bu sahəni əhatə edən qanunvericilik aktlarının təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların layihələrinin hazırlanması təmin edilir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanun”ununda dəyişikliklər edilir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 və 1813 nömrəli Fərmanları ilə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Fərmanda və “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamədə dəyişikliklər edilir. Sahə ilə əlaqəli bir sıra qanunvericilik aktlarında zəruri əlavə və düzəlişlər olunur və onların müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, yeni hüquqi normalar, anlayışlar daxil edilməklə zənginləşdirilməsi təmin edilir. İnzibati Xətalar Məcəlləsində, Mülki Məcələdə edilən dəyişiklər mahiyyət etibarilə dövlət arxiv xidməti təşkilatlarının səlahiyyətlərini genişləndirməklə, onların arxiv sənədlərinin mühafizəsi və istifadəsi sahələrində idarə arxivlərinə nəzarət imkanlarını genişləndirir və inzibati qərarların qəbulu üçün hüquqi əsaslar yaradır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 24 avqust 2022-ci il tarixli 543s və 544s nömrəli Sərəncamları ilə ölkədə arxiv işi sahəsində fəaliyyətin təşkili və tənzimlənməsi təmin edən bəzi normativ hüquqi aktların layihələrinin hazırlanması Milli Arxiv İdarəsinə tapşırılır. Milli Arxiv İdarəsi müvafiq tapşırığın icrası ilə bağlı 10-a yaxın yeni normativ hüquqi aktın layihəsini hazırlayır və aidiyyəti dövlət orqanları ilə razılaşdıraraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edir.

Nazirlər Kabinetinin 2022-ci il 27 dekabr tarixli 785s nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsi aparatının və dövlət arxiv xidməti təşkilatlarının işçilərinin say həddi təsdiq olunur. Nazirlər Kabinetinin digər qərarları ilə ölkədə arxiv işi sahəsində fəaliyyətin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edən daha beş normativ hüquqi akt təsdiq edilir.

Sözügedən qanunvericilik aktlarına Nazirlər Kabinetinin 14 fevral 2023-cü il tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi forması”ı və “Milli arxiv fondu sənədlərindən istifadə Qaydası”, 24 may 2023-cü il tarixli 163 nömrəli Qərarla təsdiq edilmiş arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsi normalarını müəyyən edən “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi Qaydası”ı, həmçinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq dövlət arxivləri tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən arxiv xidmətlərinin əhatə dairəsini müəyyən etmək, onun rasionallığını təmin etmək məqsədilə hazırlanmış və NK-nın 31 iyul 2023-cü il tarixli 251 və 252 nömrəli qərarları ilə təsdiq edilmiş “Ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği” və ödənişli arxiv xidmətlərin göstərilməsindən daxil olan büdcədənkənar vəsaitlərin istifadəsi qaydalarını müəyyən edən “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”ı daxildir.

(ardı var)

Əsgər RƏSULOV,
Milli Arxiv İdarəsinin rəisi,
Həsən HƏSƏNOV,
rəis müavini





Sosial həyat