Altıağac Milli Parkında “açıq qapı” günü keçiriləcək

post-img

Altıağac Milli Parkında “Milli parkları yaxından tanıyaq” devizi ilə 5 dekabr tarixində “açıq qapı” günü keçiriləcək və milli parkı ziyarət edən hər kəs üçün giriş ödənişsiz olacaq. Xızı rayonunun inzibati ərazisində, Xızı dağlarının əhatəsində yerləşən, özünəməxsus rəng çalarları, sıx meşələri, çəmənlikləri ilə seçilən Altıağac Milli Parkı xüsusi mühafizə olunan təbiət ərazisidir. Milli park zəngin flora və faunası ilə fərqlənir. Parkın ərazisi Qafqaz vələsi, Qafqaz palıdı, Şərq fıstığı, adi göyrüş və ağcaqayın kimi ağac növlərindən ibarət sıx və qarışıq meşələrlə örtülüdür.

XQ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, “Açıq qapı” günü çərçivəsində ziyarətçilər ekoturizm marşrutları boyunca hərəkət edərək milli parkın zəngin təbiəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan əlavə, ziyarətçilər piyada gəzinti, piknik və fotoçəkiliş kimi ekoturizm xidmətlərindən istifadə edə bilərlər.

Təbiətin rəngarəngliyini hiss etmək istəyən bütün təbiətsevərləri Altıağac Milli Parkına dəvət edirik.

XQ 

Ekologiya