Lənkəranda istismar müddətini başa vurmuş iki körpü yenidən inşa edilir

post-img

M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində istismar müddətini başa vurmuş iki körpünün yenidən inşası həyata keçirilir. Sözügedən körpülər magistral yolun 193-cü və 197-ci kilometrliklərində yerləşir.

AAYDA-nın məlumatına görə, hər iki körpü 46 metr uzunluğunda, 14,5 metr enində və bir aşırımlı olmaqla  “İnşaat Norma və Qaydaları”na  uyğun şəkildə tikilir. Körpülər iki hərəkət hissəsindən ibarət olacaq və nəqliyyat axınının təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə bütün texniki tələblər nəzərə alınır.

Ələt–Astara magistralının 193-cü kilometrliyində, Lənkəran rayonunun Ürgə kəndi ərazisində, Lənkəran–Liman yolunu birləşdirən və Viravul çayı üzərində yerləşən körpüdə yenidənqurma işləri davam etdirilir. Tikinti müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün ərazidə alternativ yolun fəaliyyəti təmin olunub.

Magistralın 197-ci kilometrliyində, Göyşaban kəndi ərazisində yerləşən körpünün yenidən qurulması ilə əlaqədar yolun həmin hissəsi müvəqqəti olaraq bağlanıb. Hazırda layihə çərçivəsində körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay məcrasında istinad divarlarının və mühafizə bəndinin inşası icra olunur. Körpü Girdəni çayı üzərində yerləşir.

Hər iki körpüdə hazırda svay bərkitmə və digər konstruktiv işlər aparılır. Bütün tikinti prosesləri qüvvədə olan dövlət standartları və texniki-təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, istismar müddətini başa vurmuş körpülərin yenidən inşasına ötən ayın əvvəlində başlanılıb. 

Layihənin qısa müddətdə başa çatdırılması məqsədilə əraziyə tələb olunan sayda texnika və canlı qüvvə cəlb edilib. 

XQ





Son xəbərlər