Oktyabr ayının 8-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
XQ xəbər verir ki, seminara rəhbərlik edən ŞAR-ın baş direktoru, müxbir üzv Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra ŞAR-ın “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov “Simmetriyanın spontan pozulması, aid teoremlər və kosmologiya” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bərk cisimlər fizikasında simmetriyanın spontan pozulması və Nambu dalğası barədə məlumat verilib. Ferromaqnetizm və ifrat keçiricilik hadisələrində simmetriyanın spontan pozulmasının rolu izah edilib. Kuper cütlərinin yaranmasının ifrat keçiricilik kimi makroskopik kvant effektlərinin əsası olduğu göstərilib.
Məruzəçi bildirib ki, qlobal simmetriyanın spontan pozulması nəticəsində kütləsiz Qoldstoun bozonları yaranır. Lokal simmetriyanın spontan pozulması Hiqqs mexanizmi ilə müşaiyət olunur. Hər iki effektin t’Huuft teoremi ilə birgə tətbiqi Vaynberq-Salam modelinin yaradılması üçün əsas olmuşdur.
Simmetriyanın spontan pozulması vakuumun simmetriyasının pozulması deməkdir. Tədqiqat işində fiziki sistemin simmetriya qrupu və vakuumun simmetriya qrupu arasındakı əlaqələr, eləcə bu qrupların Qoldstoun bozonlarının spektrinə və Hiqqs bozonun, həmçinin qarşılıqlı təsirinin daşıyıcıları olan digər bozonların spektrinə təsiri izah olunmuşdur.
Daha sonra B.Rəcəbov yüksək temperaturlarda elektro-zəif qarşılıqlı təsirin xüsusiyyətlərinin Kainatın Böyük partlayışdan sonrakı tarixinə təsirindən danışıb. Bildirib ki, müəyyən temperaturdan sonra simmetriyanın spontan pozulması aradan qalxır, yəni simmetriya bərpa olunur. Bu isə öz növəsində uzağatəsir qüvvələrinin və Kainatda domenlərin yaranmasına səbəb ola bilər.
Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.