AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamda AR Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Xaqani Şirvaninin 900 illik yubileyinə dair Tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli AMEA-nın sözügedən sənədin əsas icraçılarından biri kimi müəyyən edilməsinin dövlətimizin başçısının Azərbaycan alimlərinə, Akademiyaya göstərdiyi hörmət və inamının ifadəsi olduğunu deyib və cənab Prezidentə dərin minnətdarlığını bildirib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Nəsimi İli”, “Nizami Gəncəvi İli”, “Heydər Əliyev İli” elan olunub, həmçinin bir çox tarixi görkəmli şəxsiyyətlərin yubileyləri yüksək səviyyədə qeyd edilib. Dövlətimizin siyasətinə uyğun olaraq, AMEA-da son illərdə həyata keçirilən islahatlardan birinin də ədəbi, tarixi şəxsiyyətlərə qayıdış konsepsiyası olduğunu deyən akademik İsa Həbibbəyli görkəmli tarixi şəxsiyyətlərimizin irsinin yenidən Azərbaycan cəmiyyətinə təqdim edildiyini söyləyib.
Ötən müddət ərzində Xaqaniyə həsr edilmiş az sayda əsərin ortaya qoyulduğunu deyən akademik İsa Həbibbəyli onlardan Qafar Kəndlinin “Xaqani Şirvani (həyatı, dövrü və mühiti)” əsərinin xüsusilə fərqləndiyini, Ədəbiyyat İnstitutu tərəfindən həmin nəşrə ədibin epik, lirik və qəsidə yaradıcılığına dair 3 fəslin əlavə olunaraq 5 il öncə yenidən çap edildiyini bildirib. Həmçinin 2017-ci ildə Şabranda Ədəbiyyat İnstitutu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaqani Şirvaniyə həsr olunmuş elmi konfransın keçirildiyini, Xaqaninin Şabranda həbsdə olduğu zaman saxlanıldığı ehtimal olunan zindanın qalıqları üzərində xatirə lövhəsinin qoyulduğunu söyləyib.
Akademik İsa Həbibbəyli cari il ərzində Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsərinin şərhlər verilməklə ilk dəfə çap olunacağını diqqətə çatdırıb. Bundan əlavə, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Akademiya səviyyəsində, o cümlədən Şamaxıda konfransların keçirilməsinin, Xaqaninin kimliyi, əsərlərinin təhlili ilə bağlı alimlərimizin mətbuatda məqalələrlə çıxışlarının nəzərdə tutulduğunu vurğulayıb.
AMEA rəhbəri diqqətə çatdırıb ki, dövlət başçısının Sərəncamı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünə mənsub, ümumbəşər mədəni irsimizin formalaşmasında mühüm rol oynamış görkəmli söz ustası və mütəfəkkiri Xaqani Şirvaninin zəngin həyat və yaradıcılığının müasir elmi-metodoloji yanaşmalar əsasında sistemli şəkildə araşdırılmasına, onun ictimai-fəlsəfi, humanist və vətənpərvərlik ideyaları ilə zəngin irsinin müstəqilliyimizin yaratdığı geniş elmi və mədəni imkanlar kontekstində hərtərəfli tədqiq və təbliğ olunmasına imkan verəcək.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
XQ

