Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.4-cü maddəsində, 4-1.1-ci maddəsinin birinci abzasında və 4-1.1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.1-1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-1.1-ci maddəsinin birinci abzasında və 4-1.1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.4-cü maddəsinə uyğun olaraq, büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. “e-mühasibat” informasiya sisteminin (bundan sonra − Sistem) formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

3.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I); 2024, № 1, maddə 26, № 7, maddə 807) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə “3.1-1.1-ci,” sözlərindən sonra “3.1-1.4-cü maddələrində, 4-1.1-ci maddəsinin birinci abzasında, 4-1.1.1-ci,” sözləri əlavə edilsin;

5.2. 2.2-2-ci bəndə “həmin Qanunun” sözlərindən sonra “3.1-1.4-cü maddəsində və” sözləri əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 2.2-3-cü bənd əlavə edilsin:

“2.2-3. həmin Qanunun 4-1.1-ci maddəsinin birinci abzasında və 4-1.1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2025-ci il

Fərmanlar