28 May – Müstəqillik Günü münasibətilə Almaniyanın Şvelm şəhərində “SFIT – PROVE YOURSELF” adlı boks və K1-kikboksinq turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniyadakı Azərbaycan diasporunun və “Fight Club Stolz” boks klubunun təşəbbüsü ilə baş tutub.
Yarışın əsas məqsədi soydaşlarımız arasında həmrəyliyin və birliyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, eləcə də multikultural cəmiyyətlər arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsi olub.
Turnirə Azərbaycan, Almaniya, Albaniya, Türkiyə, Polşa və digər ölkələrdən 60-dan çox idmançı qatılıb. Onlar müxtəlif yaş və çəki dərəcələrində ümumilikdə 27 qarşılaşmada güclərini sınayıblar.
Azərbaycanı böyüklər arasında 60 kq çəki dərəcəsində təmsil edən İzzət Aslanov birinci yerə layiq görülüb.
Qaliblərə medal, kubok və xüsusi mükafatlar təqdim edilib.
Yarışı Almaniyanın Xristian-Demokratik Birliyi (CDU) Partiyasının nümayəndələri, müxtəlif idman klublarının rəhbərləri, diaspor təşkilatlarının təmsilçiləri və çoxsaylı idmansevərlər maraqla izləyiblər.