Azərbaycan cüdosunun canlı əfsanəsi

post-img

Dünən saytlardan oxudum ki, ölkə cüdosunun inkişafında misilsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəblinin 80 illik yubileyidir və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov, yaşadığı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov onu bu münasibətlə təbrik ediblər.

Yubiley mərasimlərində həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftahətdinova məşhur məşqçinin Azərbaycan idmanının inkişafı naminə çalışdığını, gənc idmançıların yetişməsində mühüm rol oynadığını bildirib, nəcib və gözəl xüsusiyyətlərə malik insan olduğunu vurğulayıblar.

 ...Onu 50 ildir ki, tanıyıram. Boks üzrə tanınmış məşqçi olmuş dayım Bəbiş Nuruşovla yaxın dost idi. Jurnalistlik fəaliyyətimlə əlaqədar onunla dəfələrlə görüşmüş, müsahibələr almışam. 3 il əvvəl redaksiyamıza dəvət edib görüşmüş və haqqında oçerk yazmışdım. Azərbaycan cüdo məktəbinin binasını qoyanlardan biri olan Əhməddin müəllim yeniyetmə yaşlarında Sumqayıt Kimya Texnologiya Texnikumuna daxil olduğu vaxtdan taleyini bu şəhərə bağlayıb. 66 ildir ki, sumqayıtlı adını daşıması ilə fəxr edir.

– Mən əvvəlcə sambo ilə məşğul olmuşam, – deyir. – İdmana gəldiyim ilk illəri həyatımın ən unudulmaz dövrü hesab edirəm. Mərhum müəllimim, Azərbaycanda sambo güləşini təbliğ edən “Əməkdar məşqçi” İsmayıl Əhmədovun idman yolumda rolu çox böyükdür. Məhz onun sayəsində samboya başladım və bu, həyatımın dönüş nöqtəsinə çevrildi. 1961-ci ildə respublika çempionu oldum, növbəti il isə Xankəndidə keçirilən respublika yarışlarında yenidən qalib adını qazandım. Ardınca “Spartak” cəmiyyətinin qalibi kimi SSRİ birinciliyində iştirak edərək bürünc medala sahib çıxdım. Sonra da yeni açılan cüdo növünə keçdim, uğurlarım beləcə davam elədi.

Əhməddin Rəcəbli 1981-ci ildə Azərbaycanda cüdo idman növündə ilk “Əməkdar məşqçi” fəxri adını alıb. Sonra “Bədən tərbiyəsi və idman xadimi”, “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” gəlib, ardınca Prezidentin fərdi təqaüdünə, “Şöhrət” ordeninə layiq görülüb. Fəaliyyəti təkcə ölkə daxilində deyil, cüdonun vətəni sayılan Yaponiyada da diqqətdən kənarda qalmayıb. 2021-ci ildə bu ölkənin “Gümüş Şüalı Gündoğar” ordeni ilə təltif edilib. Deyir ki, bu mükafatlar onun üçün sadəcə təltif və titul deyil, həm də idmana sevginin, onillərlə davam edən zəhmətin, 
əzmkarlığın təsdiqidir.

“Cüdo əfsanəsi”nin qardaşları – rəhmətlik Məmməd, Fərhad və Əhəd, övladları Zaur və Elxan – idman ustası və tanınan, Əməkdar məşqçidirlər. Fərhad Rəcəbli ustalar arasında 12 qat dünya, 11 qat Avropa çempionudur və bu gün də qazandığı nəticələrlə gənclərə “dərs” keçir. Əhməd müəllimin nəvələri də onun yolunu davam etdirirlər. Elə yuxarıda yada saldığım oçerki yazdığım gün Rəcəblilər nəslinin gənc nümayəndəsi Ömər Azərbaycan çempionatında çıxış edirdi. Yazımı onun 2-ci yeri tutması barədə xəbərlə bitirmişdim (İndi artıq Ömər iki dəfə Avropa birinciliyinin qalibidir) Murad, Cəsur, Şamil, İbrahim Rəcəblilər estafeti layiqincə davam etdirirlər. 

Şanlı idman tarixindən həvəslə danışan yubilyar digər yetirmələrinin də adını iftixarla çəkir: 

– Faiq Ağayevi də xüsusi qeyd edirəm. 1982-ci ildə İrəvanda keçirilən finalda erməni idmançını məğlub edərək SSRİ birinciliyinin qalibi, ardınca isə Parisdə ilk dünya çempionu adını qazanıb. SSRİ Xalqları Spartakiadasının mükafatçısı Qüdrət Pəncəliyev, Yusif Kazımov, İntiqam Məmmədov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və digər adlı-sanlı idmançılar da mənim tələbələrim olub.

– Əhməddin müəllim, 80 illik yubileyinizi qeyd edirsiniz. Bu mötəbər yaşa çatmaq necə bir hissdir?

– Ömrün bu çağı insan üçün çox dəyərli bir mərhələdir. Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir. Bu yaşda geriyə boylananda görürəm ki, ömrüm hədər keçməyib. Gənclərə baxanda özümü onların yaşıdı kimi hiss edirəm. Çünki mən idmanla yaşayıram, idman mənim qanımdadır.

Öz növbəmdə yubiley münasibətilə məni yada salıb, dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Eyni zamanda, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına və Ağsaqqallar Şurasına, Sumqayıt şəhərinin rəhbərliyinə də bu gün mənə göstərdikləri diqqətə görə minnətdarlığımı bildirirəm. 

Əli NƏCƏFXANLI 
XQ 

 



İdman