Həvəskarların rinq döyüşləri ölkəmizdə XX əsrin əvvəllərində təşəkkül tapıb və 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. Ötən bir əsrdə qüvvət, sürət və dözümlülük rəmzi olan bu idman növü geniş yayılıb və güclü boksçular yetişdirilib. Elə sona yetməkdə olan 2025-ci il də onların parlaq qələbələri ilə zəngin olub.
Dəri əlcək ustalarımızın əsas uğurları müstəqillik illərinə təsadüf edir. Boks Federasiyamız (ABF) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) tamhüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarına qatılaraq sevindirici nəticələr qazanıblar. 1993-cü ildə 17 yaşlı Rövşən Hüseynov Avropa çempionu tituluna yiyələnib. 2003-cü ildə isə Ağası Məmmədov Dünya çempionatından Azərbaycana ilk qızıl medalı gətirib. Ardınca M.Məcidov, C.Çələbiyev, E.Məmişzadə, A.Dominqes bu titulu qazanıblar. V.Ələkbərov, F.Aslanov, A.Məmmədov, Ş.İmranov, M.Məcidov və T.Məmmədov olimpiada mükafatçılarıdır.
Bir vaxtlar bu sətirlərin müəllifi də boksa könül verib. Sumqayıtda, “Neftçi” cəmiyyətində idman ustası Bəbiş Nuruşov məşqçim olub. Tanınmış boksçular Niftalı Quliyev, Məmməd və Əsgər Eyvazov qardaşları, Nəsib Abışov, Əli Dadaşov və başqaları ilə eyni rinqi bölüşmüşük. Yeniyetmə çağlarımda və orduda xidmət zamanı Uzaq Şərq Hərbi Dairəsi üzrə yarışlarda aldığım mükafatları arxivimdə qoruyub saxlayıram. Üstündən onillər keçsə də, boksa sevgim azalmayıb.
Azərbaycan boks üzrə mötəbər yarışlara üzağardan ev sahibliyi edib. AİBA 2011-ci ildə böyüklər arasında Bakıda keçirilən Dünya çempionatını yüksək qiymətləndirib. Təmsilçilərimizin müxtəlif ölkələrdəki boks yarışlarında uğurlu çıxışları da fərəh doğurur. Məsələn, 2013-cü ildə Avropa yarışlarında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Həmin il Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya çempionatında isə komandamız 2 qızıl və 1 bürünc medala layiq görülüb.
Xatırlayırıq ki, 2015-ci ildə Bakıda ABF-nin yeni inzibati binasının açılışını edən Prezident İlham Əliyev idmançılardan böyük uğurlar gözlədiyini söyləmişdi: “Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi buna gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər”. İdmana böyük qayğı göstərən dövlət başçımızı ümidləri özünü doğrultduqca, hər birimiz sevindik. İndi isə, budur, 19 yaşlı Sübhan Məmmədov 2025-ci ili böyüklər arasında (!) dünya çempionu kimi başa vurdu.
Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov:
– Millimizin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 120 ölkənin qatıldığı Dünya çempionatına həm fiziki, həm də taktiki hazırlığı qənaətbəxş idi. Ondan əvvəl komandamız Liverpulda təşkil olunan çempionatda uğurla iştirak etmişdi. Bu mundialda isə mübarizə daha gərgin keçdi. Gənc boksçumuz Sübhan Məmmədov (48 kq) qələbəsi ilə adını nəinki Azərbaycanın, eləcə də dünyanın boks tarixinə qızıl hərflərlə yazdırdı. O, AİBA-nın tarixində 19 yaşında böyüklər arasında mundialın “qızıl”ını qazanan yeganə boksçu oldu.
Sübhan cəmi 10 gün öncə Budapeştdə U-23 Avropa çempionatında da qalib gəlmişdi. Bildiyimiz kimi, boksda hər yarışdan sonra müəyyən fasilə olur ki, güc bərpa edilsin. Amma bu dəfə ara qısa çəkdi və Sübhan əzmkarlığı, qətiyyəti ilə “zirvə”ni fəth edə bildi. Digər idmançılarımız üçün bunun çox böyük motivasiya olacağına inanırıq. Əminik ki, yanvar ayından xüsusi proqramla hazırlıqlarına start verəcəyimiz Los-Anceles-2028 olimpiadasında da Sübhan və dostları bizi sevindirəcəklər.
Dünya çempionu Sübhan Məmmədov:
– Bu yarışlarda 5 döyüşüm oldu və hamısını qələbə ilə başa vurdum. Finalda erməni əsilli Rusiya boksçusu Edmond Xudoyanı məğlub etdim. Qələbəmdə zəhməti olan məşqçi Mehman Quliyevə, həmçinin milli komandanın baş məşqçisi Ravşan Xocayevə, Nəriman müəllimə, xüsusilə də federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Məqsədim Los-Anceles Olimpiya Oyunlarında üçrəngli bayrağımızı ucaltmaqdır.
Builki mundialda təmsilçilərimiz Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutublar. Dünya çempionatından az sonra 17 yaşlılardan ibarət milli komandamız Almaniyanın Keinbaum şəhərində Avropa birinciliyində uğur qazanıb: Yarışda boksçularımız 2 qızıl və 2 gümüş əldə ediblər. Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimovun (46 kq) şərəfinə Almaniyada Azərbaycan himni səsləndirilib. Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə həmin yarışların gümüş medalına yiyələniblər.
MDB və Avropa qalibi Gülər Hüseynova:
– Qızıl medal əladır. Şükür ki, mən 17 yaşımda həm III MDB Oyunlarında, həm də Avropada qızıl medal qazandım. İnanıram ki, bundan sonra da beynəlxalq arenalarda Azərbaycan himnini səsləndirəcək və qadın boksumuzun inkişafına töhfələr verəcəyəm.
Xatırlandığı kimi, daha öncə Yevlax Olimpiya İdman Kompleksində 13 ölkənin dəri əlcək ustalarının iştirak etdiyi III MDB Oyunlarının boks yarışı uğurla yekunlaşıb. Qarşılaşmalar idmansevərlərə gərgin və həyəcanlı anlar bəxş edib. Təmsilçilərimiz mübarizəni müxtəlif yaş kateqoriyaları üzrə 24 medalla başa vurublar. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət millimizdən Qardaş Rəhimov, Əli Əliyev, Əli Abaslı, Şahin Aslanov və Səfdər Məmmədzadə qızıl pilləyə yüksəliblər. İlkin Ağayevin rəhbərlik etdiyi qızlardan ibarət yığmadan isə Gülər Hüseynova qızıl, daha 8 “zərif” döyüşçümüz gümüş və bürünc medallara sahiblənib.
Boksçularımız VI İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 3 gümüş və 2 bürünc medala yiyələnib, ümumi hesabda 3-cü olublar. Daha öncə keçirilmiş U-15 və U-19-la bərabər, U-23 Avropa çempionatı da həmçinin. Dekabrın əvvəllərində Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında boks üzrə Dünya kuboku yarışında isə Azərbaycan millisi 4 medal qazanıb: 1 qızıl, 1 gümüş və 2 bürünc. Beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev Çinin Milli Oyunlarına neytral referi kimi iştirak edib. Oktyabrda “World Boxing”in açıqladığı dünya reytinqində təmsilçimiz Alfonso Dominqes öz çəki dərəcəsində 2-ci, Səidcəmşid Cəfərov 3-cü yerdə qərarlaşıblar. Məktəbli boksçularımız isə ardıcıl 3 Avropa birinciliyində medal qazanmaları ilə öyünə bilərlər.
İlin digər yarışları da məhsuldar olub. Serbiyada keçirilmiş Gimnaziada, Bakıdakı ənənəvi İpək yolu beynəlxalq turniri, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq yarış və s. bu qəbildəndir. May ayında ABF “World Boxing”ə üzv qəbul olunub.
Boks ilinin son akkordu Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 85 yaşlı Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abiyevin şərəfinə keçirilən turnirlə vurulub. Ağacan Abiyevin rəmzi olaraq “qonq”u vurması ilə mübarizəyə start verilib. Turnir çərçivəsində 17 çəki dərəcəsi üzrə döyüşlər izlənilib. Dekabrın 19-də final döyüşləri olub. Qalib və mükafatçılara diplom, medal və hədiyyələr, ən çox fərqlənən komandalara kuboklar təqdim olunub. Turnir Azərbaycan boksunun inkişafına, gənc idmançıların idman təcrübəsinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edib.
Dəri əlcək ustalarımızın uğurlarında dövlətimizin diqqət və qayğısı ilə bərabər, Azərbaycan Boks Federasiyasının rəsmi tərəfdaşlarının da dəstəyi xüsusi qeyd edilməlidir.
Əli DOSTƏLİ
XQ

