Aztəminatlı ailələrə dövlət qayğısı isə davamlıdır
Yeni il ərəfəsində cəmiyyətdə o qədər də yüksək faiz təşkil etməyən aztəminatlı ailələr Prezident İlham Əliyevdən növbəti dəstək hədiyyəsi aldılar. Dövlət başçısının “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı belə ailələrin sosial müdafiəsinin gücləndirilməsinə ölkəmizdə davamlı diqqət və qayğının növbəti təzahürü oldu.
Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabrında ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində pul verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb. Sərəncam ünvanlı sosial yardım alan, 335 mindən çox üzvü olan 76 min ailəni əhatə edəcək. Birdəfəlik maddi yardım onların bayram süfrəsinə əlavə zənginlik və xoş əhval gətirəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımları nəzərdə tutulan gün ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürəcək.
Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir. Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, ölkəmizdə ümumi rifahın yüksəldilməsini hədəfə almış ünvanlı sosial yardım aztəminatlı ailələrin ehtiyaclarını həssaslıqla cavablandıran Dövlət proqramıdır. Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində bu xüsusi dəstək layihəsi getdikcə əhatə dairəsini genişləndirir və icra şəffaflığı qazanır.
Verilən yardım ailənin gəlir səviyyəsi müəyyən edilmiş yaşayış minimumundan az olan hallarda verilir və dövlətin sosial siyasətinin əsas alətlərindən biri hesab olunur.
Aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, onların gündəlik ehtiyaclarının ödənilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün hazırlanmış bu dəstək mexanizmi xüsusi proqram çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi sosial ədalətin təmin olunmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına nail olmaqdır.
Aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması üçün gerçəkləşdirilən layihə bu qrupun sosial inklüzivliyinin artırılmasında və yoxsulluq səviyyəsinin azaldılmasında təsirli rol oynayır. ÜDSY-nin əhəmiyyəti ondan ibarətdir ki, sosial cəhətdən həssas vətəndaşların gündəlik ehtiyaclarını qarşılamağa kömək edir, onların cəmiyyətə inteqrasiyasını dəstəkləyir və sosial bərabərliyin qorunmasına töhfə verir.
Ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli sadələşdirilib.
Azərbaycanın öz mütəxəssislərinin gerçəkləşdirdiyi elektron sosial yardım sistemi bu proqramın icrasında ünvanlılığın təminatına, yardım alınması üçün müraciət və təyinat prosesinin məmur-vətəndaş kontaktları olmadan, tam şəffaf həyata keçirilməsinə imkan yaradıb. Digər tərəfdən, proqramın icrasının, bu sahədə xidmətlərin və idarəçiliyin operativliyi, sosial yardım sisteminin aztəminatlı ailələrə daha əlçatan olması təmin edilib. Hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız e-qaydada müraciət edərək, ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları e-sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur.
Hazırda nazirlik ünvanlı dövlət sosial yardımı sisteminin, o cümlədən bu sahədə elektron infrastrukturun təkmilləşdirilməsi istiqamətində də işlər aparır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda sosial sahədə elektron texnologiyaların geniş tətbiqi nəticəsində əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə uğurlu təcrübə nümunələri kimi yüksək dəyərləndirilir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemini xüsusi mükafata layiq görməsi bu qiymətin növbəti təzahürüdür.
Azərbaycanda aparılan sosial islahatlar bir daha göstərir ki, vətəndaşın sosial rifahı ən ön plandadır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu siyasət sosial ədalət, iqtisadi bərabərlik, sosial xidmətlərin yaxşılaşdırılması kimi məqsədləri özündə ehtiva edir. Bütün bu məqsədlərin, ümumilikdə isə bu siyasətin mərkəzində insan amili dayanır. Bu da nəticədə ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərir.
Prezident İlham Əliyevin son illərdə Ulu öndərin strategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyənləşdirərək, innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunan iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılan böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edib.
“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”, – deyən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib. Ölkə başçısının imzaladığı fərman və sərəncamlar respublikamızın sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib.
Sosialyönümlü siyasətin uğur formulu, ümumilikdə, xalqın rifahının yüksəldilməsi, sosial problemlərin həlli, minimum sosial təminatın gücləndirilməsi (pensiya, müavinət, mənzil, iş yerləri), iqtisadi artımın (məsələn, neft gəlirlərinin) sosial sahələrə yönəldilməsi və xalq-iqtidar birliyi əsasında doğru strategiya və ardıcıl islahatların aparılmasıdır. Bu, sosial müdafiəyə önəm verən, vətəndaşların həyat səviyyəsini yaxşılaşdıran modeldir.
Növbəti il üçün müəyyənləşdirilən dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsidir. Bu ilə nisbətən gələn il bu istiqamətdə daha çox vəsait ayrılacaq. Minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, təqaüdlərin məbləğinin artırılması nəzərdə tutulur.
Azərbaycanın dövlət büdcəsi 2026-cı ildə də sosialyönümlü olacaq. Belə ki, dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Bu xərclərin 89,7 faizi, yəni 15,4 milyard manatı əməkhaqqı və sosial təminat ödənişlərinə ayrılacaq. 5 ildə bu istiqamətdəki xərclər 4,4 milyard manat və ya 39,6 faiz artıb.
Beləliklə, gələn ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq. Ortamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur.
Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividendlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə istinad edən inkişaf strategiyasının mükəmməl əsaslara söykəndiyi bir daha öz təsdiqini tapır. Ümumilikdə, sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə inkişaf dinamikası mövcuddur. Bütün bunlar ölkəmizdə güclü sosial siyasəti, sosial inkişafın da davamlı xarakter aldığını göstərir.
Mustafa KAMAL
XQ

