1937-ci ilin bir erkən bahar günü, martın 18-də həyata vəsiqə almış “Neftçi” Peşəkar Futbol Klubunun tezliklə 89 yaşı tamam olacaq və klub 90-cı, növbəti yubiley ilinə qədəm qoyacaq.
Gördüyünüz foto 1967-ci il mayın 9-da lentə alınan gün isə klub 30 yaşında idi. Həmin axşam 40 min tamaşaçı 29-cu SSRİ çempionatında “Neftçi”nin Kutaisinin “Torpedo” komandası ilə görüşünə şahidlik etmək üçün kimi 50, 80 qəpiyə, kimi də 1 manat 20,1 manat 50 qəpiyə bilet alıb, Respublika stadionuna gəlməyinə peşman olmadı. Onlar evlərinə qonaqların qapısında gördükləri 3 cavabsız qolun hədsiz sevinci və həmyerlilərinin ifasında məzmunlu oyunun qızğın müzakirəsi ilə qayıtdılar.
Moskvalı Ümumittifaq dərəcəli hakim Vladimir Baraşkovun idarə etdiyi görüşdə hesabı birinci hissədə “Neftçi”nin hücumçusu Ruslan Abdullayev açdı, fasilədən sonra isə azarkeşləri Mübariz Zeynalov və Aleksandr Trofimovun qolları ayağa qaldırdı. Görüşdə qələbənin böyük hesabla (3:0) qazanılması onun sanbalını daha da artırdı.
Baş məşqçi Əhməd Ələsgərov komandasının uğuruna Gündüz Cəfərov (qeyd etmək yerinə düşər ki, bu qapıçı yaşıl meydanlarda çıxışlarını başa vurduqdan sonra jurnalistikaya keçib, fəaliyyətini o zaman əməkdaşı olduğum “İdman”–“Sport” qəzetlərində davam etdirdi), Nikolay Boqdanov, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Syomin (Ağasəlim Mircavadov, 18), Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Aleksandr Trofimov, Valeri Hacıyev, Ruslan Abdullayev və Mübariz Zeynalovdan ibarət heyətlə sevindi.
Həmin çempionatda Azərbaycan və Gürcüstan futbolçularının ikinci dövrə görüşü isə 22 min tamaşaçının iştirakı ilə sentyabrın 4-də Kutaisi Mərkəzi stadionunda keçirilmişdir. Bu dəfə daha gərgin mübarizə şəraitində davam edən oyunda kuybışevli (indi Samara) hakim N.Krılov “dinc” nəticə qeydə almış (1:1) və rəqiblər turnir cədvəlinə hərəyə 1 xal yazmışlar. Hesabı 15-ci dəqiqədə kutaisili Çitanava açmış, fasilədən sonra isə bakılı Valeri Hacıyev cavab topu vurmuşdur.
Komandamız bu dəfə belə heyətdə çıxış etmişdir: Sergey Kramarenko, Adil Babayev, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Syomin, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Nikolay Boqdanov (Ruslan Abdullayev, 55), Nikolay Smolnikov, Valeri Hacıyev, Mübariz Zeynalov.
“Neftçi” 19 komandanın mübarizə apardığı 29-cu çempionatda 36 oyunda 42 xal toplayaraq finişə 5-ci çatmışdır. Medallar isə dinamoçu həmklublara müvafiq surətdə Kiyev (54 xal), Moskva (49) və Tbilisi (45) kollektivlərinə təqdim olunmuşdur.
Kutaisi komandası ilə bir görüşümüz isə daha çox yadda qalıb. Bu oyun 1966-cı il mayın 19-da Bakıda keçirilib. Həmin il 28-ci SSRİ çempionatının bürünc mükafatçısı olmuş “Neftçi” rəqibinə yeddi cavabsız qolla qalib gəlib (7:0). Bu nəticə komandamızın bütün tarixi ərzində SSRİ çempionatlarının güclülər dəstəsində ən böyük hesablı qələbəsidir.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

