Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq aləmdə özünü nəhəng neft-qaz layihələri ilə bağlı üzərinə düşən öhdəlikləri uğurla gerçəkləşdirən ölkə kimi tanıdıb. İmzalanmış müqavilələrdə heç bir bənd belə dəyişdirilməyib. Respublikamızın “Əsrin müqaviləsi” ilə qazandığı etibarlı tərəfdaş mövqeyi “Yeni Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrlə daha da güclənib.
Sirr deyil ki, ölkəmizin iqtisadi inkişafının təməlində uğurla həyata keçirilən neft strategiyası dayanıb. Bu istiqamətdə həyata keçirilən qlobal təşəbbüslər, imzalanan kontraktlar, atılan düzgün addımlar respublikamızı indiyədək üzləşilən iqtisadi böhranlardan minimum itkilərlə çıxarıb. Eyni zamanda, həmin strategiya əsasında gerçəkləşdirilən layihələr Azərbaycanın gəlirlərini artırıb, bununla da iqtisadiyyatın qeyri–neft–qaz sektorunda inkişafa nail olunub, sosial mühit getdikcə yaxşılaşıb, bütün bunlarla yanaşı, respublikamızın dünyada etibarlı tərəfdaş mövqeyi davamlı şəkildə möhkəmlənib.
Beləliklə, Azərbaycan “Əsrin müqavisəsi”ndən indiyədək ötən müddətdə energi siyasətini yüksək səviyyədə reallaşdırıb. Nefi–qaz layihələrində olduğu kimi, bərpaedilən enerji təşəbbüslərinin gerçəkləşməsinə də uğurla başlayıb. Yeri gəlmişkən, “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində “Təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi” 5 milli prioritetdən biri müəyyənləşdirilib. “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda da bu prioritetlə bağlı qarşıya önəmli vəzifələr qoyulub. Belə ki, ölkəmizdə quraşdırılan gücün bərpaedilən enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azı 30 faizə çatdırılması planlaşdırılıb və işğalçıdan təmizlənən ərazilərdə sıfır emissiyalı “Yaşıl enerji zonası”nın yaradılması əsas məqsəd kimi nəzərdə tutulub.
“Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri”nə əsasən, respublikamızın “Təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi”nə çevrilməsi üçün güclü potensial mövcuddur. Bu potensial isə daha çox Xəzər dənizi ilə bərabər, “yaşıl enerji” zonası kimi təsdiqlənən Qarabağ–Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşir.
Beynəlxalq Enerji Agentliyi (IEA) də Azərbaycanı həm daxili istifadə, həm də ixrac üçün bərpaolunan enerji mənbələri baxımından mühüm potensiala malik ölkə kimi dəyərləndirir. Bildirir ki, respublikamızda Avropaya ixrac məqsədilə “yaşıl hidrogen” istehsalının reallaşdırılmasını şərtləndirən resurs və lazımi infrastruktur mövcuddur. Avropanın “yaşıl hidrogen” üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialını nəzərə alsaq, onun idxala ciddi ehtiyac duyduğu açıq görünür. Bu isə respublikamızın qarşısında əlverişli imkanlar açır.
Ekspertlər tərəfindən daxili qaz istehlakının bərpaolunan enerji mənbələri ilə əvəzlənəcəyi təqdirdə qaz həcmlərinin ixracdan azad olunacağı bildirilir və eyni zamanda, ölkəmizdə bu yolla Avropaya 20 milyard kubmetrdək qaz ixracı üçün kifayət qədər “mavi yanacaq” hasilatının reallaşdırmasının mümkünlüyü vurğulanır. Artan qaz həcmlərinin tədarükü məqsədilə TAP-ın imkanlarının genişləndirilməsi avropalı idxalçılardan uzunmüddətli sazişlər bağlamağı da tələb edir.
Qeyd edək ki, son illərə qədər bu məsələnin həllinə inamsızlıqla yanaşılsa da, hazırda Avropanın hələ uzun müddət qaza ehtiyacı olacağı getdikcə daha çox anlaşılır və buna görə Qətər və ABŞ-dan tədarükçülərlə maye təbii qaz idxalı üzrə uzunmüddətli sazişlər imzalanır. Azərbaycan bu fürsətdən yararlanaraq Avropaya qaz tədarükünü artıracağına və etibarlılığına zəmanət verir. Bu məqsədin gerçəkləşməsi nəticəsində isə lazımi infrastrukturun böyük hissəsini, Cənub Qaz Dəhlizi ilə genişləndirmə layihəsini həyata keçirmək daha asandır. Yeganə tələb isə qaz tədarükü üzrə uzunmüddətli sazişlərin bağlanmasıdır.
Azərbaycanın bu ilin yanvar-iyul aylarında təbii qaz ixracı ilə bağlı göstəriciləri də ölkəmizin Avropanın qaz təchizatında xüsusi yer tutduğunu təsdiqləyib. Belə ki, cari ilin ilk yarısında ölkəmizin qaz ixracı 8 milyard 29 milyon 189 min dollar dəyərlə 10 milyard 956 milyon 188 min kubmetr olub. İxracın 55 milyon 511 min dollarlıq 326 milyon 532 min kubmetri Rusiyaya, 179 milyon 204 min dollarlıq 445 milyon 189 min kubmetri Bolqarıstana, 206 milyon 140 min dollarlıq 1 milyard 186 milyon 478 min kubmetri Gürcüstana, 436 min dollarlıq 11 milyon 460 min kubmetri İrana, 5 milyard 306 milyon 509 dollarlıq 4 milyard 438 milyon 130 min kubmetri İtaliyaya, 171 milyon 247 min dollarlıq 184 milyon 287 min kubmetri Rumıniyaya, 1 milyard 557 milyon 374 min dollarlıq 3 milyard 973 milyon 219 min kubmetri Türkiyəyə, 552 milyon 772 min dollarlıq 390 milyon 895 min kubmetri Yunanıstana reallaşıb.
Rusiyaya min kubmetr qazın ixracı 170 dollara, Bolqarıstana 402,5 dollara, Gürcüstana 173,7 dollara, İrana 38 dollara, İtaliyaya 1196 dollara, Rumıniyaya 929 dollara, Türkiyəyə 392 dollara, Yunanıstana 1414 dollara həyata keçirilib.
Azərbaycanın qaz ixrasında fəaliyyəti ilə fərqlənən ölkələrdən biri də Macarıstandır. Bu ölkənin xarici işlər naziri Peter Siyartonun mətbuata müsahibəsində bildirdiyinə görə, Budapeşt və Bakı arasında imzalanan sazişə əsasən, Azərbaycan qazının ölkəsinə nəqlinin həcmi, təqribən, 1 milyard kubmetrə çatdırılacaq.
Peter Siyartonun sözlərinə görə, cari ilin dördüncü rübündə Macarıstanın Azərbaycandan 100 milyon kubmetr qaz alması planlaşdırılır. Nazir vurğulayıb ki, ölkəsi uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və imzalanan saziş qaz tədarükünün daha da artırılmasını– bir milyard kubmetrə çatdırmasını nəzərdə tutur. O, həmçinin Macarıstan rezervuarlarında 50 miyon kubmetr Azərbaycan qazının saxlanmasına dair razılaşma əldə olunduğunu da bildirib.
Macarıstanın xarici işlər naziri sonda ölkəsinin qaz tədarükünün şaxələndirilməsi üzərində işlədiyini və Ekvadordan neft idxalı imkanlarını nəzərdən keçirdiyini xatırladıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Macarıstanın “MVM CEEnergy” enerji şirkəti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər bu ölkəyə ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Azərbaycanın Avropaya maye təbii qaz ixracı ilə yanaşı, “yaşıl enerji” tədarükü də diqqətdə saxlanılır. Təbii ki, bu amil ölkəmizdə mövcud siyasi sabitlik və davamlı iqtisadi inkişafla bərabər, güclü bərpaolunan enerji potensialı ilə əlaqədardır. Faktlar da bunu təsdiqləyir. Məsələn, dövlətimizin başçısının çıxışlarının birində bildirdiyi kimi, respublikamızın quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Ölkə rəhbəri 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsal olunacağının planlaşdırıldığını və həmin göstəricilərin 80 faizinin ixraca yönəldiləcəyini, ümumiyyətlə, 2037-ci ilə qədər, ən azı, 6 qiqavatlıq əlavə güclər yaradılmasının nəzərdə tutulduğunu söyləyib: “Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. Azərbaycanın Energetika Nazirliyi imzaladığı qlobal enerji şirkəti ilə çərçivə sazişinə əsaslanaraq Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində, ən azı, 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.
Xatırladaq ki, Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramı”nda da Azərbaycanın dənizdə külək enerjisinin texniki potensialı 157 GVt olaraq qiymətləndirilir. Belə bir göstərici isə hazırda ümumi quraşdırılan, təqribən, 8 GVt güc ilə müqayisədə çox böyük göstəricidir.
Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən dərc edilən “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” ölkənin 2040-cı ilədək dənizdə ümumi quraşdırılmış gücü 7 GVt olan külək elektrik stansiyası quraşdırmaq potensialına malik olduğundan xəbər verir. Bu, 69 min insan ilindən çox tam məşğulluğu və yerli səviyyədə 7 milyard ABŞ dollarınadək ümumi əlavə dəyəri təmin edə bilər.
Vaqif BİNYATOĞLU,
“Xalq qəzeti”


