2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyard 556 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “X.Q”ya verilən məlumata görə, ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyard 583 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 965 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 53 faizni təşkil edib.
Qeyd edək ki, son zamanlar banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 2,6 faiz, POS-terminalların sayı isə 17,1 faiz artıb.
“Xalq qəzeti”

