11 ayda “Əsrin müqaviləsi”ndən Neft Fonduna 6,4 milyard dollaradək vəsait daxil olub
Azərbaycanda 2003-cü ildən başlayaraq enerji strategiyası keyfiyyətcə yeni mərhələyə daxil oldu. Bu mərhələdə Ulu öndərin müəllifi olduğu neft strategiyasının hədəfləri reallaşdı. Azərbaycan neft və qazının dünyaya çatdırılması marşrutları – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri istifadəyə verildi. Dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”də hasilat başladı. Azərbaycan 2007-ci ildən qaz idxal edən ölkədən qaz ixracatçısına çevrildi. Ölkədə neft hasilatı 2010-cu ildə pik səviyyəyə – 50,8 milyon tona çatdı.
Bütün bunlarla bərabər, hazırda səmərəliliyi ilə diqqət çəkən “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi növbəti mərhələyə daxil oldu, “Ümid”, “Abşeron”, “Qarabağ” yataqları kəşf olundu, güclü enerji tərəfdaşlığı quruldu, nəhəng Cənub Qaz Dəhlizi fəaliyyətə başladı. Azərbaycan təbii qazının ixrac marşrutları şaxələndirildi, tədarük bazarları region və Avropa ölkələrini əhatə etdi.
Adları çəkilən yataqlar bu ilin ötən aylarında da uğurla istismar olunub. Energetika Nazirliyinin operativ məlumatına əsasən, bu ilin 11 ayı ərzində Azərbaycanda 44 milyard kubmetr təbii qaz hasil edilib. “Mavi yanacağ”ın 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 24 milyard kubmetri “Şahdəniz”dən, 600 milyon kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,05 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar–noyabr aylarında Avropaya 10,85 milyard kubmetr, Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il dekabr ayının 1-dək “Azəri-Çıraq-Günəşli”dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 milyard kubmetri ixraca yönəldilib.
Cari ilin yanvar–noyabr ayları üzrə ölkədə 27,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 16,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 240 milyon tonu isə (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib. Hesabat dövründə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 20,2 milyon tonu konsorsiumun, 2,9 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il dekabrın 1-dək 627,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 583,3 milyon ton neft, “Şahdəniz”dən isə 44,1 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 2023-cü il dekabr ayının 1-dək 625,4 milyon tonu ixrac olunub.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda yerləşən “Çıraq” platformasında istismara veriləndən 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil olunub. Energetika Nazirliyindən aldığımız məlumata görə, platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib.
Yeri gəlmişkən, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. AÇG yatağı Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 milyon ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1072 milyard ton proqnozlaşdırılıb.
Xatırladaq ki, AÇG sovet dövründə kəşf edilsə də, tam dərinliklərində iş aparılmamışdı. Ölkəmiz müstəqil olandan sonra isə yataqların birgə işlənilməsi ilə bağlı xarici mütəxəssisləri dəvət etmək məsələsi qarşıya çıxmışdı. Lakin həmin vaxt bu təşəbbüsün əleyhinə çıxanlar Azərbaycanın sovet dövründən neft sənayesində təcrübəsinin olduğunu deyənlər idi. Əlbəttə, bu məqamı heç kim danmırdı. Amma dünyada belə bir təşəbbüsdən, yəni xarici mütəxəssislərin təcrübəsindən yararlanmaq kimi zəruri fəaliyyət də hamıya bəlli idi. Şübhəsiz ki, belə bir məsul vaxtda son qərar dahi rəhbər Heydər Əliyev tərəfindən verildi və və xarici şirkətlər respublikamıza dəvət olundu. Tez bir zamanda tender elan edildi, əsasən ABŞ, İngiltərə, Türkiyə şirkətlərinin ölkəmizə gəlmələri gerçəkləşdirildi. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində aparıldı və müsbət nəticələr əldə olundu.
Beləliklə, Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə Hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış ölkəmiz üçün tarixi hadisə idi. Bu müqavilə ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına gerçəkləşdi. Ulu öndər həmin sazişə təkcə Azərbaycana firavanlıq, sosial rifah gətirəcək iqtisadi sənəd kimi baxmırdı. O, “Əsrin müqaviləsi”ni, həm də Azərbaycanın istiqlalını qoruyacaq saziş kimi dəyərləndirirdi.
Sonda qeyd edək ki, bu ilin yanvar–noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlir açıqlanıb. ARDNF-nın yaydığı məlumata əsasən, qeyd olunan dövrdə fondun gəlirləri 6 milyard 353,8 milyon dollar təşkil edib.
M.YAQUBZADƏ
XQ

