Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.
2024-cü il ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb. Başqa sözlə, əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun gerçəkləşdirilməsi üzrə zəruri işlər görülüb, ümumilikdə, 40 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzurda yaşayışı və fəaliyyəti təmin edilib.
Son bir ildə işğaldan azad edilən ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometr 110 kv-luq, 262 kilometr 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib, 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.
Dövlətimizin başçısının imzaladığı sərəncamlar əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44-ə, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometrə çatdırılıb. Ötən illər ərzində 7 yolun tikintisi yekunlaşdırılıb. Hazırda tikintisi həyata keçirilən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulub.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə və tikinti quruculuq işləri sürətlə davam etdirilir. Maliyyə Nazirliyinin 2025-ci ilin ilk rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatına görə, hesabat dövründə həmin ərazilərin tikintisi və minalardan təmizlənməsinə 830 milyon manatdan çox vəsait xərclənib.
Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin yanvar-mart aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub. Həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrin icrasına xərclənib. Belə ki, hesabat dövründə avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 103,2 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poçt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radiomonitorinq sisteminin qurulması üçün 45,1 milyon manat sərf olunub.
Cari ilin ilk rübündə Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsinə 40 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsinə 19 milyon manat və sənaye parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılmasına 7,1 milyon manat xərclənib.
Nazirliyin məlumatına əsasən, bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzurda səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə 109,7 milyon manat, ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə isə 20 milyon manat vəsait yönəldilib.