Erməni silahlı bandaları 159 gündə 300 minədək dinc insanı qətlə yetirmişdir
Ermənilər 1917-1918-ci illərdə Şimali Azərbaycanla yanaşı, Güney Azərbaycanın Urmiya, Səlmas, Xoy, Maku və s. ərazilərində də Azərbaycan türklərinə qarşı amansız soyqırımı törədiblər. 1918-ci ilin martında, Novruz bayramının ilaxır çərşənbəsində qoca, uşaq, qadın demədən 250-300 min Azərbaycan türkü qətlə yetirilib.
Birləşmiş erməni–kürd–asuri dəstələri 159 gün ərzində Urmiya, Xoy və Səlmasda, eləcə də ayrı-ayrı yaşayış məskənlərində yerli azərbaycanlılara kütləvi şəkildə divan tutaraq, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədiblər. Onların məqsədi burada ermənilərin nəzarətində olan bir dövlət yaratmaq idi. Guya, bu dövlət Cənubi Qafqazda qurulacaq erməni hakimiyyətini Vana bağlayacaqdı. Əslində, bu, xəyali “Böyük Ermənistan” ideyasının tərkib hissəsi idi.
2020-ci ildə ordusu darmadağın edilmiş Ermənistan hələ də “Dənizdən – dənizə böyük Ermənistan” xülyasından əl çəkmir. Cəmiyyətdə həmin xəstə ideologiyadan imtina görüntüsü yaradılsa da, erməni təbliğat maşınının “Böyük Ermənistan” xəyalının davam etdirdiyini görürük. Bu xəyali “dövlət” Qara dənizdən Aralıq dənizinə və Xəzər dənizinə qədər uzanır. Bununla bağlı xəritələr tərtib olunub yayılır, kitablar buraxılır, hay mətbuatı bu məsələni daim gündəmdə saxlayır.
Bu sərsəm ideyanı yaşatmaq üçün hər cür iyrənc üsullardan istifadə edilir. Ermənilər Birinci Dünya müharibəsi zamanı və ondan sonra “Böyük Ermənistan” yaratmaq üçün fəaliyyətlərini genişləndirmiş, bölgədə yaranan siyasi və hərbi vəziyyətdən istifadə edərək bu planı gerçəkləşdirmək istəyirdilər. “Böyük Ermənistan” planına Cənubi Azərbaycanın bir çox əraziləri daxil edilmiş, XX əsrin əvvəllərində bu ərazilərdə ermənilər yerli türk-müsəlman əhaliyə divan tutmağa başlamışdılar. Məqsəd bu ərazilərdən soydaşlarımızı qovub çıxarmaq, erməni çoxluğuna nail olmaq, burada bir erməni varlığı görüntüsünü yaratmaq idi.
Birinci Dünya müharibəsi başlananda ermənilər 7 böyük hərbi birlik yaradaraq, onun müəyyən hissəsini Cənubi Azərbaycanın strateji əhəmiyyətli bölgələrində yerləşdirmişdilər. O zaman təkcə Rusiya ordusunun tərkibində 200 min erməni döyüşçü var idi. Onlar bu faktla indi də öyünürlər. Antanta ordularında da təxminən 50 min erməni könüllüsü iştirak edirdi. Döyüş meydanlarında ermənilər Osmanlı dövlətinə qarşı vuruşurdular. Bu qüvvələrin böyük bir hissəsi Cənubi Azərbaycanın Osmanlı dövləti ilə sərhədlərində yerləşdirilmişdi. Andranikin başçılığı ilə hərbi briqadalar döyüşlərdə iştirak edirdilər. Erməni tarixinə aid kitablarda bu bölgədə yaşanan faciələr qəhrəmanlıq salnaməsi kimi qeyd olunur.
Təqdim olunan xəritədə “Böyük Ermənistan” adlı xəyali dövlətin sərhədləri göstərilib. Burada Güney Azərbaycanın bir hissəsi “Böyük Ermənistan” ərazisi kimi verilir. Urmiya gölünün şimalı, bütün şərqi və cənub-şərqi əyalətlər “Ermənistan” ərazisi kimi təqdim olunur. Ermənilər yerli türk–müsəlman əhalini müəyyən ərazilərə köçməyə, öz yurdlarından didərgin düşmək kimi anti-insani üsullardan istifadə edirdilər. Bu işdə onlara Osmanlı dövlətinin Hakkari vilayətindən buraya gətirilib yerləşdirilən xristian asurilər (onlara nasturilər də deyilir) və kürdlər kömək edirdilər. Bu üç toplum bir ittifaqda birləşərək, Azərbaycan türklərini bu bölgədən çıxarmaq planları hazırlamış və koalisyon xristian dövlətinin (erməni, asuri və kürdlərdən ibarət) təməlini atmağa təşəbbüs göstərmişdilər. Təsadüfi deyil ki, erməni lider Ağa Petros 1923-cü ildə İngiltərə hökümətinə burada qurulması nəzərdə tutulan “muxtar dövlətin” 25 maddədən ibarət layihəsini təqdim etmişdi.
Əslində, ermənilər bu fəaliyyətə daha əvvəl başlamışdılar. Milliyyətçi Erməni İnqilabçı Federasiyası – “Daşnaksütyun” partiyasının 1900-cü ilin əvvəllərində İranın müxtəlif bölgələrində fəaliyyətini genişləndirməsi gələcək qanlı hadisələrdən xəbər verirdi. Ermənilər Cənubi Azərbaycanda özlərinin məkrli planlarını həyata keçirmək üçün illər boyu hazırlaşmışdılar. Buraya erməni əhalinin köçürülməsi XX əsrin əvvəllərində artmışdı. Ermənilərin İran Azərbaycanına köçü 1915-ci ildə daha da sürətlənmiş və yerli xalqa qarşı soyqırımı ilə nəticələnmişdir. 1918-ci il fevralın 21-də başlanan və 159 gün davam faciə yerli xalqın müqavimətinə dəstək verməyə gələn Osmanlı ordusunun müdaxiləsi ilə sona çatdı. Urmiya, Qəhrəmanlı, Çiçəkli, Köhnəşəhər, Əsgərabad, Nazlu və Usalu qırğınların vəhşicəsinə həyata keçirildiyi yaşayış məntəqələri olub. Həmin il Şimali Azərbaycanda – Bakıda, Şamaxıda, Qubada törədilən Mart qırğınları Cənubi Azərbaycandakı qanlı hadisələrlə eyni dövrə təsadüf etmiş, “Cilovluk faciəsi” adı ilə tarixə yazılmışdır.
Erməni dilində çap olunan bir çox nəşrlər hayların bu qətliamlara əvvəlcədən hazırlaşdığını sübut edir. 7 cildlik “Bir erməni inqilabçısının xatirələri” adlı kitabın ilk cildində Ruben Ter- Minasyan (o, 1919-20-ci illərdə Ermənistan Respublikasının müdafiə və daxili işlər naziri olub) özü də bilmədən həmin cinayətləri etiraf edir (Xatırladaq ki, 1952-ci ildə Los-Ancelesdə (ABŞ) çap olunan bu kitab nəşrindən bir müddət sonra “Daşnaksütyun” partiyası tərəfindən “zərərli nəşr” kimi yığışdırılmışdır. Kitab ermənicədən türk dilinə bu sətirlərin müəllifi tərəfindən tərcümə edilib). Ter-Minayan kitabda Səlmas, Xoy, Urmiya və digər Qərbi Azərbaycan şəhərlərində Birinci Dünya müharibəsindən əvvəl erməni millətçilərinin törətdikləri cinayətlərdən bəhs edir. Belə məlum olur ki, ermənilər 1918-ci ildə Cənubi Azərbaycanda gerçəkləşdikləri soyqırımı on il əvvəl planlaşdırıblarmış. Ruben Ter-Minasyan kitabda belə yazır: “Səlmas və Xoy mühüm mərkəzlər idi. Bu yerin bizim üçün əhəmiyyəti Vana yaxın olması idi. Əsas məqsədlərdən biri buradan gələcəkdə Vana təhlükəsiz və nəzarətimiz altında olan yol açmaq idi. Bu yol boyunca türk kəndləri yerləşirdi. Müsəlmanların hansısa vasitələrlə o kəndlərdən çıxarılması partiyamızın proqramına daxil edilmişdi. Əgər bu işi bacarmasaq, daha qısa bir yol tapmalı idik. Selmas–Derik–Van yolu 160, Derik– Van yolu 100, Xoy–Tadeos–Arakyal–Van yolu isə 200 kilometr idi. Bu ərazilər nəyin bahasına olursa-olsun bizim əlimizə keçməli, bölgəni Vanla birləşdirməliydik...”
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri