I rübdə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə 4 milyard 957 milyon manat vəsait daxil olub. Bu isə büdcəyə ümumi daxilolmaların 50,9 faizini təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrünə nisbətən isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizi və ya 3 milyard 225 milyon manatı vergi, 28,9 faizi və ya 1 milyard 430 milyon manatı gömrük orqanlarının, 2,8 faizi və ya 136,7 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərinin, 3 faizi və ya 154,9 milyon manatı sair daxilolmaların, 0,2 faizi və ya 10,4 milyon manatı isə dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşüb.
Nazirliyin məlumatına əsasən, yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 733 milyon manat, xərcləri 8 milyard 115 milyon manat olub. Bunun da nəticəsində 1 milyard 618 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9 milyard 562 milyon manat proqnoza qarşı 9 milyard 733 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz) çox, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 499,2 milyon manat və ya 5,4 faiz çox icra edilib. Bu da cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub. Birinci rübdə dövlət büdcəsinin xərcləri 8 milyard 115 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizini təşkil edib.