Dost Çin ilə “yaşıl” əməkdaşlıq da Azərbaycan kəndinə uğur qazandırır
Azərbaycan ilə Çin Xalq Respublikası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da mühüm layihələr həyata keçirilib. Bu ölkənin baramaçılıq, pambıqçılıq, çayçılıq sahəsində əldə etdiyi uğurların və zəngin təcrübənin ölkəmizdə də tədbiq olunması daim diqqətdə saxlanılıb. Çindən gətirilən barama toxumu və tut tingləri (çəkillər) ipəkçiliyin inkişafını sürətləndirib.
Bu günlərdə isə Çinin “Dongfeng Agricultural Machinery” şirkəti ilə respublikamızın “Improtex Şirkətlər Qrupu” arasında birgə kənd təsərrüfatı texnikaları istehsal edilməsi barədə anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, “Dongfeng Agricultural Machinery” şirkəti “İmprotex Qarabağ Sənaye Kompleksi” şirkətinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yerləşən istehsal müəssisəsində kənd təsərrüfatı texnikalarının birgə istehsalını həyata keçirəcək. İstehsal olunan texnika qonşu ölkələrin bazarlarında da satılacaq. Layihə çərçivəsində istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı gerçəkləşdiriləcək. Layihə çərçivəsində istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı həyata keçiriləcək.
Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri də qurulub və bu əməkdaşlığın düşmən əsarətindən xilas olunan ərazilərin bərpasında özünü daha qabarıq nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, dost ölkə Azərbaycanda aqroparkların yaradılması, suvarma sistemlərinin quraşdırılması və kənd təsərrüfatı texnikasının istehsalı üzrə birgə müəssisələrin yaradılması ilə bağlı əməkdaşlıq imkanlarının gerçəkləşdirilməsini daim diqqətdə saxlayaraq bu istiqamətlərdə müsbət nəticələr əldə edib. Çin Xalq Respublikası ölkəmizdə aqrar sektorun sürətli inkişafı məqsədilə innovasiyaların stimullaşdırılmasına müasir yanaşmalar çərçivəsində xüsusi diqqət yetirib.
İki ölkə arasında “yaşıl” enerji sahəsində əməkdaşlıq da strateji prioritet təşkil edir. Baş nazirin müavini Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan bu sahədə böyük potensiala, Çin isə geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir.
Ümumiyyətlə, Çin Azərbaycanda “yaşıl” enerji layihələrinə xüsusi önəm verir və bu sahəyə sərmayə qoymaq planlarını nəzərdən keçirir. COP29 çərçivəsində iki ölkə arasında bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi də buna yaxşı fürsətlər yaradır. Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr zamanı əldə olunmuş razılaşmalar da bu ölkənin Azərbaycanın “yaşıl” enerji sahəsində yaxından təmsil olunma imkanlarına işarədir.
Qeyd edək ki, mayın 14-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən iki ölkə arasında əməkdaşlıq perspektivlərindən biri kimi iqlim dəyişiklikləri ilə mübarizə və təmiz ətraf mühit quruculuğunda əlaqələrin birləşdirilməsi, COP29 çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlərə dəstəyin göstərilməsi və digər məsələlərə də xüsusi diqqət yetirilib. Ölkəmiz COP29 çərçivəsində Çin Xalq Respublikası ilə əməkdaşlığa xüsusi önəm verir və ölkəmizin nümayəndə heyətinin Çinə planlaşdırılan səfəri də bu sahədə birgə səylərin artırılmasına işarə edir. Eyni zamanda, Şen Yueyuen bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiklərini bəyan etməklə gələcəkdə qarşılıqlı layihələrin icra olunacağından bəhs edib.
Son illərdə Çin şirkətləri tərəfindən Azərbaycanda “yaşıl” enerji dəhlizləri və interkonnektorlarının yaradılması, “yaşıl” enerjinin ixracı, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın istehsalı-nəqli, eləcə də enerji saxlanc sistemləri üzrə layihələrə sərmayə qoymaqda maraqlı olmaları bildirilib.
Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycanda suvarılan əkin sahələrinin 10 faizində müasir suvarma sistemləri qurulub. Bu, fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sudan daha qənaətlə istifadəyə (40 faizə qədər), məhsuldarlığı və suvarma səmərəliyini artırmağa imkan verib. Son illərdə isə ölkədə fermerlərə müasir suvarma sistemlərinin (yağış yağdırma, damcı suvarma və s.) tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəkləri göstərilib.
Fermer təsərrüfatlarında tətbiq edilən pivot suvarma sudan daha qənaətlə istifadə olunmasına (40 faizə qədər), məhsuldarlığın və suvarma səmərəliyinin artırılmasına, sahədə su sərfiyyatının dəqiq hesablanmasına, gübrə və digər kimyəvi maddələrin su ilə birgə tətbiq edilməsinə imkan verir, torpaq eroziyası riskini azaldır.
Bütün bu məsələlərlə bərabər, qeyd edək ki, qlobal iqlim dəyişikliyinin – quraqlıqlar, daşqınlar və yanğınların aqrar sahə üçün ciddi təhdidlər, ölkələrin ərzaq təhlükəsizliyinin təmin olunması üçün isə mühüm risklər yaratdığı məlumdur. Buna görə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında bütün dövlətlər iqlim dəyişikliyi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə ciddi yanaşmalı və bu sahədə qəbul etdikləri təşəbbüsləri həyata keçirmək üçün fəal çalışmalıdırlar.
Ekspertlərin fikrincə, aqrar sahədə mövcud çətinliklərin aradan qaldırılması, keyfiyyətli məhsul istehsalı və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə iki və çoxtərəfli platformalarda əməkdaşlığa xüsusi önəm verilməli, aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin maddi şəraitinin yaxşılaşdırılması daim diqqətdə saxlanılmalıdır. İkitərəfli və çoxtərəfli platformalarda əldə olunmuş razılıqlar kağız üzərində qalmamalı, kağız diplomatiyasından konkret fəaliyyət və icra diplomatiyasına keçilməlidir. Başqa sözlə, qlobal təşəbbüslərin uğurla icrası və aqrar sahədə dayanıqlı inkişafa nail olmaq üçün bütün dövlətlər tərəfindən maliyyə ayrılmasına xüsusi önəm verilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar bu gün kənd təsərrüfatının inkişafını daha da sürətləndirir və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək layihələri gerçəkləşdirilir. Bunun nəticəsində fermerlərin həyat səviyyəsi getdikcə yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.
Qeyd edək ki, 30 il işğal altında qalmış Azərbaycan torpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitə böyük ziyan vurulub. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd isə bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq və bu torpaqlara yeni həyat bəxş etmək olub. Bu prosesdə ən müasir aqrar innovasiyaların tətbiqi diqqətdə saxlanılıb.
Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı respublikamızın ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsində, eləcə də iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Bununla bərabər ölkədə aqrar sektorun yeni qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr də mühüm önəm daşıyır. Bu baxımdan respublikada torpaq və su ehtiyatlarının məhdud olması şəraitində kənd təsərrüfatında qarşıya qoyulan əsas vəzifələrdən biri də məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir.
Azərbaycanda hazırda taxılçılıq regionlarında 15 min hektara qədər sahədə innovativ texnologiyalar tətbiqi, rəqəmsal həllərə üstünlük verilməsi məhsuldarlığın və səmərəliliyin artmasına müsbət təsir göstərir. Bu, eyni zamanda, əkin vaxtının dəqiq müəyyənləşdirilməsinə, lazımi gübrələrdən geniş istifadə olunmasına, torpağın nəmliyinin saxlanılmasına və məhsul yığımı üçün optimal vaxta nəzarət etməyə imkan verir.
Ekspertlərin fikrincə, respublikada innovativ texnologiyaların tətbiqi əmək, su, gübrə və ümumilikdə, istehsal xərclərini azaldır, eyni zamanda, istehsalın səmərəliliyini artırmağa əlverişli şərait yaradır. Buna görə də bir çox taxılçılıq təsərrüfatlarında torpaqda nəmliyin qorunub saxlanması və torpaqların alt münbit olmayan qatının üzə çıxarılmaması və yüksək məhsuldarlıq göstəricilərinin gerçəkləşdirilməsi üçün innovativ torpaqqoruyucu texnologiyalardan geniş istifadə edilir. Bu zaman “ağılllı” kənd təsərrüfatı texnikalarından istifadə diqqətdə saxlanılır. Xüsusilə torpaq becərilməsində, torpağın səpinə hazırlanmasında, səpin aparılmasında, gübrələmə və dərmanlama proqramlarının icrasında işlədilən “GPS” naviqasiya sistemləri ilə təchiz olunur.
Mütəxəssislərin fikrincə, belə texnikalar vasitəsilə həyata keçirilən texnoloji və digər əməliyyatlar, demək olar ki, baş verə biləcək xətaları minimuma endirir. Məhz bunun nəticəsidir ki, qeyd edilən şəkildə təchiz olunan ayrı-ayrı taxılçılıq təsərrüfatlarında ərzaqlıq buğdanın orta məhsuldarlıq göstəriciləri (hektara 55-60 sentner arasında dəyişir) daha yüksəkdir. Eyni zamanda, istehsal olunan buğda məhsulunun keyfiyyəti də dövlət standartının tələblərinə cavab verir. Hər il bu innovativ texnologiyalar ölkəmizin müxtəlif taxılçılıq regionlarında 15 min hektara qədər sahədə tətbiq olunur.
Son illər ərzində “Strip-till” texnologiyasının tətbiq edildiyi əkinlərdə isə payızlıq buğdanın hektara orta məhsuldarlığı 58 sentner təşkil edib. Bu da respublika üzrə hər hektardan, təqribən, 25-26 sentner əlavə ərzaqlıq buğda məhsulunun istehsalına imkan verib. Bu texnologiya “zolaqlı torpaq becərilməsi” adlanır və o, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və bir çox Avropa ölkələrində geniş yayılıb. Bu zaman Polşa istehsalı olan, kombinə edilən və bir gedişdə bir neçə əməliyyatı eyni vaxtda reallaşdıran “Mzuri” texnikasına üstünlük verilib. Bu texnologiya ölkənin qərb bölgəsində buğda və təkrar qarğıdalı əkinlərində tətbiq edilib. Yeni texnologiyanın tətbiqi ilə torpaq hazırlığından tutmuş səpinə qədər olan bütün əməliyyatlar tam şəkildə bir gedişdə icra olunub. Bu da resurslara kifayət qədər qənaət olunmasına imkan yaradıb.
“Strip-till” texnologiyasının tətbiqi dizel yanacağına 50 faiz qənaət olunmasına, atmosferə atılan karbon qazının 80 faizə qədər azalmasına imkan verir. Eyni zamanda, bu texnologiya torpağın üçdə iki hissəsinin dincə saxlanılmasına, hektara gübrə normasını 50 faizə qədər azaldılmasına, torpağın kimyəvi maddələrlə çirklənməsinin qarşısının alınmasına və məhsuldarlığın artmasına şərait yaradır.
Qeyd edək ki, “Mzuri” ehtiyatlara qənaət edən “Strip till” texnologiyası Azərbaycanda ilk dəfə “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə olunub. Onun üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Azərbaycanda iqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması istiqamətində reallaşdırılan tədbirlər diqqət çəkir. Son illərdə dövlətin bu sahədə həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı layihələri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açıb. Məhz bunun nəticəsidir ki, iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların kənd təsərrüfatı sektorunda xüsusi fəallığı müşahidə olunur.
Azərbaycan əhalisinin, təqribən, yarısının yaşadığı regionlarda kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlərdə məşğulluğun təminatına mühüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da ölkədə bitkiçilk və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.
Yeri gəlmişkən, respublikada aqrar layihələrin davamlı həyata keçirilməsinin nəticəsidir ki, cari ilin birinci rübündə 1 milyard 602 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 13 faiz artaraq 91,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 faiz artaraq 1 milyard 510 milyon manata çatıb.
Hazırda ölkədə yaz-tarla işləri davam etdirilir. Cari ilin yanvar-mart aylarında 122,2 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox yazlıq bitkilərin səpini aparılıb. İlin əvvəlindən 24 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 5,1 min hektarı dən üçün qarğıdalı), 26,9 min hektar sahədə tərəvəz, 26,1 min hektar sahədə kartof, 3,9 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə dən üçün günəbaxan, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,1 min hektar sahədə pambıq, 33,1 min hektar sahədə çoxillik otlar və 3,4 min hektar sahədə birillik otlar əkilib.
Beləliklə, aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, ixrac potensialının da artırılmasına mühüm töhfələr verir. Gələcəkdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında da aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, eləcə də yeni iş yerlərinin yaradılacağı qeyd olunur.
V.BAYRAMOV,
M.QULİYEV
XQ