Paytaxtda yeni yol sürətlə çəkilir

post-img

Azərbaycan Respublikası ­Preziden­tinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun tikintisi üzrə işlər davam etdirilir. Bu barədə XQ-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir. Dövlət Proqramına uyğun olaraq yeni avtomobil yolunun hazırda inşası davam etdirilən Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 kilometr (əlavə olaraq 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları) təşkil edəcək. Layihəyə əsasən, avtomobil yolunda ümumi uzunluğu 2 min 210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr təşkil edən 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur. 

Xatırladaq ki, yeni yol Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçərək Ələsgər Qayıbov küçəsindən ümumi uzunluğu 1240 metr təşkil edən 2 tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altı ilə Əliyar Əliyev küçəsinədək uzanacaq. Buradan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edəcək. 

Hazırda tikinti işləri çərçivəsində Əliyar ­Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr olan tunelin inşası da həyata keçirilir. Bununla yanaşı, layihəyə uyğun olaraq yolun 3-cü kilometrlik hissəsində və Mirzə Uluqbəy küçəsində yeraltı piyada keçidlərinin inşası aparılır.

İqtisadiyyat