Aprelin 24-də Bakıda açılan Kosmik Texnologiyalar Konfransı dünən başa çatıb. Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə keçirilən beynəlxalq məclisdə Avropa, Asiya, Şimali və Cənubi Amerika və Afrikanın 35 ölkəsinin 112 təşkilatını təmsil edən 400-dən çox nümayəndə iştirak edirdi.
Konfransın məqsədi Mərkəzi Avrasiya regionunda və ümumilikdə, dünyada kosmik texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək, innovasiyaları təşviq etmək və kosmosun qlobal iqtisadiyyatda artan roluna dair müzakirələr aparmaqdan ibarət olub. İlk gün “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu” və “Kosmik sənayedə innovasiya və investisiyalar” mövzusunda panel sessiyalar keçirilib.
Açılış nitqində “Azərkosmos” İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov bildirib ki, STC2025, sadəcə, bir konfrans deyil, Bu, dialoqun hərəkətə keçdiyi, tərəfdaşlıqların formalaşdığı və kosmosun gələcəyinin birgə dizayn olunduğu bir platformadır. Qeyd olunub ki, STC2025 Azərbaycanı regionda kosmik texnologiyalar sahəsində bilik mübadiləsinin və strateji tərəfdaşlıqların mərkəzinə çevirərək ölkəmizin bu sahədə artan rolunu bir daha nümayiş etdirir.
“Azərkosmos”un yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşdığını diqqətə çatdıran natiq bildirib ki, bu sistemlər yüksək dəqiqliklə Yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. Qeyd olunub ki, “Azərkosmos” yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçirir.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov qeyd edib ki, son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında mühüm nailiyyətlər əldə olunub. O bildirib ki, dövlətözəl tərəfdaşlıq modeli üzrə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi artıq uğurla başa çatıb. Hazırda bütün Azərbaycanın sabit genişzolaqlı internetlə təmin olunduğunu xatırladan nazir müavininin sözlərinə görə, son dörd ildə ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxışı olan ev təsərrüfatlarının sayı 13 dəfə artıb və bu infrastruktur hesabatları beynəlxalq reytinqlərdə də öz əksini tapıb.
Beynəlxalq məclisdə kosmosun, sadəcə, bir vasitə deyil, elm və siyasət, sənaye və innovasiya, qlobal baxış və yerli fəaliyyət arasında bir körpü olduğu vurğulanıb. Bildirilib ki, Bakı artıq kosmik tədbirlərin mərkəzi olaraq 2023-cü ildə Beynəlxalq Astronavtika, COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti, STC kimi regional tədbirlər sayəsində beynəlxalq görüşlərin, tərəfdaşlıqların, ortaq strategiyaların qurulduğu məkana çevrilib.
Qeyd olunub ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Qlobal Kibertəhlükəsizlik İndeksində Azərbaycanın kibertəhlükəsizlik indeksi yaxşılaşıb, ölkəmiz mümkün 100 baldan 94-ə yaxın bal toplayıb və reytinqdə yüksək yer tutub.
Konfransın 2-ci günündə də əsas mövzular ətrafında müzakirələr davam etdirilib. “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Fuad Aslanov çıxış edərək konfransın ilk günündə bir sıra maraqlı təqdimatların keçirildiyini vurğulayıb: “Mərkəzi Avrasiyada suveren kosmik proqramların inkişafını müşahidə etmək mənim üçün çox maraqlı idi. Hesab edirəm ki, bu gün kosmos artıq qapalı məkan deyil. Biz mütləq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atmalıyıq, çünki bir çox yerli biliklər mövcuddur. İnanıram ki, siyasətçilər, kosmik agentliklər, sənaye və akademik qurumlarla birgə biz daha inkişaf etmiş kosmik ekosistem qura bilərik”.
Beynəlxalq konfransda Birləşmiş Ərəb Əmirlikləri Kosmik Agentliyinin nümayəndəsi Abdulla Ahmad Al Shehhi, Türkiyənin aparıcı kosmik texnologiyalar institutu olan “TÜBİTAK UZAY”ın direktor müavini Bülent Avenoğlu, Macarıstanın qabaqcıl texnologiya şirkəti “4iG Space and Defence Technologies”in nümayəndəsi Sebastyan Masurak, “Airbus” şirkətinin Avropa və Mərkəzi Asiya üzrə satış meneceri Joe Cotti, “Ghalam Kazakhstan” şirkətinin layihə direktoru Berik Jhumazhanov, türkiyəli astronavt Tuva Cihangir Atasever, “Azərkosmosun” nümayəndəsi Aynurə Balakişiyeva və başqaları çıxış edərək kosmik texnologiyalar sahəsində əldə olunmuş uğurlar, gələcək birgə əməkdaşlığın perspektivləri və digər məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüblər.
Ümumilikdə, kosmik agentliklərin rəhbərlərinin, dövlət qurumlarının nümayəndələrinin, özəl sektor təmsilçilərinin və beynəlxalq ekspertlərin bir araya gəldiyi iki gün ərzində 200-dən artıq ikitərəfli görüş keçirilib, 50 spikerin çıxışı dinlənilib. Konfrans çərçivəsində keçirilən 21 sərgi və 8 müxtəlif sessiya vasitəsilə iştirakçılar kosmos sahəsində bilik, təcrübə və trendləri paylaşıblar.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi ilə dünyanın bir sıra şirkətləri arasında anlaşma memorandumları imzalanıb.