İqtisadi razılaşmaların önəmli hədəfləri
Bakıda Azərbaycan ilə İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra iki ölkə münasibətlərində yeni səhifə açan sənədlər imzalandı. Paytaxtın diplomatik enerjisini artıran bu görüş tərəflərin qarşılıqlı etimada əsaslanan əməkdaşlığı genişləndirmək niyyətini bir daha nümayiş etdirdi.
Elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrini əhatə edən 2025–2027-ci illər üzrə İcraedici Əməkdaşlıq Proqramı da razılaşdırıldı. Bu sənəd iki ölkə arasında humanitar əlaqələrin genişlənməsinə geniş imkan yaradır. Tərəflər yalnız sosial-humanitar istiqamətlərlə kifayətlənmədi. Dövlətlərarası münasibətlərin institusional bazasını gücləndirən əlavə razılaşmalar da imzalandı. Azərbaycan və İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım barədə Saziş bu sahədə prosedurların daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Ümumiyyətlə, Azərbaycan ilə İordaniya arasında ikitərəfli görüşlər və işgüzar təmaslar iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığı zənginləşdirib. 30 ilə yaxın dostluq və etimada əsaslanan münasibətlər bu dinamik əməkdaşlığın yeni üfüqlərini açır. Azərbaycan–İordaniya ticarət dövriyyəsi son illərdə müsbət dinamika ilə seçilir. 2019-cu ildə ümumi ticarət həcmi 6,4 milyon ABŞ dolları səviyyəsində olub, sonra 2020-2021-ci illərdə 3,4 milyon dollara qədər azalıb, 2022-ci ildə yenidən 4,9 milyon dollara yüksəlib. Maraqlıdır ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi artıq 7,4 milyon dollara çataraq əhəmiyyətli artım göstərib. Ticarət göstəricilərinə görə, bu əlaqələrdə Azərbaycanın idxalı kəskin üstünlük təşkil edir. Məsələn, 2022-ci ildə Azərbaycanın İordaniyaya ixracı cəmi 252,99 min dollar olarkən, idxal 4,6 milyon dollar təşkil edib.
İqtisadi profilə görə, Azərbaycanın ixracında əsas pay kənd təsərrüfatı və ərzaq məhsullarının payına düşür, İordaniyadan isə əsasən dərman preparatları və sənaye malları idxal edilir. Ümumilikdə, iqtisadiyyat naziri bildirmişdir ki, Azərbaycan məhsullarının İordaniya bazarındakı rəqabət qabiliyyəti artır, eyni zamanda, İordaniya dərman və sənaye məhsullarının ixracında fəallıq göstərir. Bu da iki ölkənin ticarət əlaqələrinin strukturunda kənd təsərrüfatı – qida və sənaye sektorlarının aktual olduğunu göstərir.
Enerji sahəsi Azərbaycan ilə İordaniya arasında perspektivli əməkdaşlıq istiqamətlərindən biridir. Tarixi baxımdan da tərəflər neft və qaz sahəsində əməkdaşlıq imkanlarını genişləndirir. Belə ki, 2011-ci ildə imzalanan iqtisadi protokol çərçivəsində Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Azərbaycan neftinin İordaniyaya çatdırılması müzakirə olunub. Həmin razılaşma Azərbaycan xam neftinin Türkiyə Ceyhan limanından tankerlərlə İordaniyaya nəqlini nəzərdə tuturdu. O cümlədən 2009-cu ildə imzalanmış memorandumda İordaniyanın hər il təxminən 1 milyard kubmetr Azərbaycan qazını idxal etmək niyyəti də öz əksini tapıb.
Hazırda regionda qaz kəmərlərinin bərpası da gündəmdədir. Məsələn, Suriyada Türkiyə ilə birləşən qaz kəməri bərpa edilib və bu, Azərbaycan qazının Suriya və İordaniyaya nəqlinə imkan verə bilər. Belə ki, Suriyanın qaz boru infrastrukturu bərpa olunduqdan sonra Azərbaycan qazının İordaniyaya nəql olunması real olacaq və bununla yanaşı, qaz Misir, Livan və digər ölkələrə də yönəldilə bilər. Əlavə olaraq, hər iki ölkə alternativ enerji mənbələri (günəş, külək energetikası və s.) sahəsində birgə layihələri araşdırır. Enerji diplomatiyasının bu yönümü yaxın gələcəkdə İordaniya ilə əməkdaşlığın daha da dərinləşə biləcəyini göstərir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıq da önəmli vəsaitlərdən biridir. Azərbaycan tərəfi fermerlərə göstərilən dövlət dəstəyi və aqrar sahədəki təcrübəsini İordaniyaya ötürməyə maraqlıdır. Məsələn, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 2024-cü ilin dekabrında Əmmanda keçirdiyi görüşdə aqrar sektor üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, birgə işçi qrupun yaradılması və kənd təsərrüfatı – ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə olunub. Razılaşmaya əsasən, İordaniya sahibkarlarının Azərbaycanda keçirilən “Caspian Agro” sərgisində iştirakı nəzərdə tutulur, bu da tərəflər arasında aqrar əlaqələri genişləndirməyə xidmət edir.
Ümumilikdə, hökumətlərarası komissiya çərçivəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi məsələləri diqqət mərkəzində saxlanılır. Rəsmi məlumatlara görə, iki ölkə tərəfləri bu sahədə tərəfdaşlığı gücləndirməyə böyük potensial görürlər. Belə ki, Bakıda keçirilən 4-cü komissiya iclasında da kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri vurğulanıb. Hazırda tərəflər aqrar-ticarət əlaqələrini genişləndirmək, texniki biliklər mübadiləsi aparmaq və ərzaq təhlükəsizliyinə birgə yanaşmalar formalaşdırmaq üçün addımlar atır.
Turist axınına gəldikdə, rəsmi məlumatlara görə, İordaniyaya azərbaycanlıların marağı ildən-ilə artır. İordaniyanın Azərbaycandakı səfiri N.Habaşneh bildirir ki, hər il təxminən 2 minə yaxın Azərbaycan vətəndaşı İordaniyaya turizm səfəri edir. Ümumiyyətlə, hər iki tərəf turizm sahəsində əlaqələri genişləndirmək üçün iqlimə uyğun paket turlar, birbaşa səyahət marşrutları və viza rejiminin sadələşdirilməsini müzakirə edir. Məsələn, 2022-ci ildə İordaniyanın paytaxtında keçirilən Beynəlxalq Sağlamlıq Turizmi Forumunda Azərbaycan iştirakçılarla uzunmüddətli əməkdaşlıq memorandumu imzalamış, ölkələr turizm potensialını təqdim etmişlər. Bu kimi təşəbbüslər turizm sahəsində əlaqələri gücləndirməyə xidmət edir.
Hər iki ölkə rəhbərliyi investisiya sahəsində yeni imkanların açılmasını üstünlük sayır. Azərbaycan tərəfi sənaye və kənd təsərrüfatı layihələri üçün təşviqedici tədbirlər nəzərdə tutub, İordaniya isə, öz növbəsində, Azərbaycana kənd təsərrüfatı və sənaye məhsulları ixracını artırmaqla bağlı addımlar atmaqdadır. Yaradılan ümumi platforma iki ölkə arasında investisiya mübadiləsini də sürətləndirir. Komissiya iclasında da Azərbaycana investisiya qoyuluşlarının artırılması və işgüzar əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi vurğulanıb. Beləliklə, hər iki dövlət biznes icmalarını və investorlardan ibarət qurumları ticarət əlaqələrini dərinləşdirməyə çağırır.
Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini
Son zamanlar Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq üzrə görüşlərin daha da intensivləşdiyinin şahidiyik. 15 noyabr 2024-cü ildə energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində İordaniyanın energetika və mineral ehtiyatlar naziri Saleh Əl-Xarabşeh ilə görüşmüşdür. 4 dekabr 2024-cü il tarixində İordaniya Haşimilər Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ömər Bərəkət Əl-Nahar kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə görüş keçirmişdir.
28 iyul 2025-ci ildə şəhərsalma sahəsində iki ölkə arasında tərəfdaşlıq məsələləri müzakirə edilib. İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət Əl-Nahar 3 sentyabr 2025-ci il tarixində Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşüb və iki ölkə arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Yəni ali səviyyədə olduğu qədər parlament səviyyəsində, qurumlar arasında da münasibətlər uğurla inkişaf edir. Hər iki tərəf bu inkişafda maraqlı olmaqla yanaşı, əməli addımlar atılır.
30 ildən artıqdır ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə davam edir. İndi isə təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi və siyasi xəritəsi yenidən dəyişdiyindən və Azərbaycan regionda əsas aktor olduğundan, nəqliyyat və kommunikasiyaların mərkəzində yerləşdiyindən İordaniya kimi iqtisadi potensialı son dərəcə zəngin olan bir ölkə Azərbaycanla münasibətləri bir üst səviyyəyə qaldırmaqda maraqlıdır. Şübhəsiz ki, bu işdə Hökumətlərarası Komissiya son dərəcə önəmli platformadır.
23 noyabr 2007-ci il tarixində yaradılan Komissiyanın bu dəfə keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olaraq dəyərləndirilir. Azərbaycan MDB məkanında da önəmli aktordur. Məhz buna görədir ki, İordaniya Azərbaycana MDB ölkələri bazarlarına çıxış üçün strateji platforma kimi baxır. MDB məkanında heç bir iqtisadi iştirakı olmayan İordaniya Azərbaycana mühüm tərəfdaş kimi yanaşır.
Burada önəmli olan amil etibar və etimad amilidir ki, Azərbaycan həm yürütdüyü xarici siyasətlə, həm də reallaşdırılan layihələrdə göstərdiyi mövqe, nümayiş etdirdiyi yanaşma ilə özünə son dərəcə güvənli bir obraz biçməyi bacarıb. Həm də regional yaxınlıq, tarixi əlaqələr önəmli amildir. Belə ki, MDB məkanının hər mənada dilini bilən tərəf Azərabaycandır. Bu baxımdan obrazlı şəkildə ifadə etsək, Azərbaycan tərəflər arasında yaxşı “tərcüməçi” ola bilər.
Komissiyanın fəaliyyət dairəsi ticarət, iqtisadi və texniki əməkdaşlıq olmaqla olduqca genişdir ki, sayca dördüncü iclasının keçirilməsi mövcud geosiyasi və geoiqtisadi reallıqda mühüm əhəmiyyətə malikdir. Azərbaycanın xarici siyasət sədası, yenidənqurma təcrübəsi, enerji resursları artıq Yaxın Şərqdən eşidilir. Azərbaycan İordaniya üçün regionda əsas aktor olmaqla yanaşı, qarşılıqlı olaraq İordaniya da Azərbaycanın biznes dairələri üçün Yaxın Şərqdə mühüm qapıdır.
Məhz bu məsələlər Komissiyanın budəfəki iclasında bir daha xüsusilə vurğulandı. Zəngəzur Dəhlizi dünyanın diqqətini Azərbaycana, regiona cəlb edir. Buna Azərbaycan nail olub ki, regionun iqtisadi potensialını maksimum üzə çıxarsın. Yaxın Şərq və Şimali Afrika kontekstindən baxdığımız zaman Dəhliz Körfəz ölkələri, İsrail və ərəb tərəfdaşları ilə münasibətlərdə nəzərə alına bilən başqa bir təsir oxu təklif edir ki, bu ox da Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Şərqi Aralıq dənizini birləşdirir. Yəni Dəhliz dünyanı regiona, regionu da dünyanın iqtisadi toruna bağlayır.
İordaniya ilə Azərbaycan arasında bu vaxtadək imzalanmış sənəd sayının 40-dan çox olduğunu nəzərə alsaq, deməli, əməkdaşlığın inkişafı üçün güclü hüquqi zəmin də mövcuddur ki, bu da yeni addımların atılması üçün etibar vəd edir. Zəngəzur dəhlizi Mərkəzi Asiya və Yaxın Şərq üçün də yeni imkanlar deməkdir. Yəni Azərbaycan-İordaniya münasibətləri böyük bir coğrafiyanı əhatə edəcək. Azərbaycan Cənubi Qafqazı yenidən qurur, buraya investorların axınını sürətləndirir ki, İordaniyanın Cənubi Qafqaza investisiya qoyması bütün region xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
Nurlan ABDALOV
XQ


