Regiona sabitlik lazımdır, İrəvana isə “bahalı oyuncaq”
Ermənistanın Hindistanla silah sevdası hayların hələ də özünü hansı reallıqda gördüyünü dəqiqləşdirə bilməməsindən qaynaqlanır. İrəvan məsələni özünün müdafiə potensialının gücləndirilməsi kimi əsaslandırsa da, onun bu addımı, əslində, təhlükəsizlik konsepsiyası ilə real siyasi davranış arasındakı ziddiyyəti üzə çıxarır. Belə qənaət formalaşır ki, sülh gündəliyindən danışan Paşinyan hökumətinin paralel şəkildə hücum xarakterli aviasiya və yeni silah platformalarına yönəlməsi, Ermənistanın gələcək kursunu müəyyənləşdirən strateji seçimdir. Proses ölkə daxilində də yeni xətti formalaşdırır. Bir tərəfdə regionda sabitliyə inteqrasiyanı nəzərdə tutan siyasi ritorika, digər tərəfdə isə həmin ritorikanı təkzib edən silahlanma xətti dayanır. Və ən əsası Ermənistan öz siyasi xəttinə xəyanət edir. Nəticədə ortaya həm diplomatik, həm iqtisadi, həm də regional baxımdan cavabı açıq qalan sual çıxır — Ermənistan sülh modelinə keçmək istəyən ölkədir, yoxsa köhnə təhlükəsizlik instinktlərini yenidən canlandıran dövlət?
Ermənistanın Hindistanla görünməmiş həcmdə – təxminən 3–4 milyard dollar dəyərində iri silah müqaviləsi barədə danışıqları son mərhələyə çatdırıb və bu paketdə əsas yeri Su-30MKI tipli çoxməqsədli qırıcılar tutur. Müxtəlif mənbələrdə 8–12 ədəd Su-30MKI üçün təxminən 3 milyard dollarlıq çərçivə razılaşmasından bəhs edilir, bəzi materiallarda isə sövdələşmənin ümumi həcmi digər sistemlərlə birlikdə 4 milyard dollara çatır. Noyabrın 3-də Ermənistanın müdafiə naziri Suren Papikyan “hələlik Su-30MKI üzrə imzalanmış müqavilə yoxdur” deyərək xəbərləri təkzib etmişdi. Lakin bəllidir ki, İrəvan bu addımı ötən ay Azərbaycanın Pakistan istehsalı olan 40 ədəd JF-17C Block-III qırıcı təyyarəsi almasına cavab tədbiri kimi atır.
Rusiya ilə münasibətlərdə yaranmış gərginlikdən sonra Ermənistan 2022–2023-cü illərdə Hindistanla 1,5 milyard dollardan çox dəyərə malik müdafiə müqavilələri imzalayıb. Siyahıya Pinaka reaktiv yaylım atəş sistemləri, ATAGS haubitsaları, Akaş hava hücumundan müdafiə sistemləri, ZADS tipli anti-PUA kompleksləri, Konkurs tankəleyhinə raketləri və s. daxildir. Yəni Su-30MKI ətrafında müzakirə olunan 3–4 milyardlıq yeni sövdələşmə, əslində, son üç ildə formalaşan Hindistan–Ermənistan hərbi xəttinin kulminasiya nöqtəsi kimi görünür və öz miqyası ilə əvvəlki müqavilələri kölgədə qoyur. Ermənistanın Hindistanla silah alveri keçmiş münaqişə psixologiyasının davamı təsiri bağışlayır.
***
Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişinə qədər Ermənistanın ümumi dövlət borcu təxminən 6,5–6,9 milyard dollar intervalında idi. 2018-2024-cü illər arasında isə bu rəqəm 12,8–13 milyard dollara çatıb. Yəni cəmi 6 il ərzində borc demək olar ki, iki dəfə artıb. Faizlə ifadə etsək, təxminən 90–100 faiz artım diapazonundan danışmaq olar. Digər tərəfdən, borcun ÜDM-ə nisbəti 2018-ci ildə təqribən 55–56 faiz civarında idi, pandemiya, müharibə və siyasi sarsıntılar fonunda 2020–2021-ci illərdə 63 faizdən yuxarı səviyyəyə yüksəlib, daha sonra 2023–2024-cü illərdə təxminən 50 faiz zolağına geri enib. Amma nominal həcmdə borcun kəskin artdığı faktdır və bu artımın səbəblərindən biri məhz müdafiə xərclərinin rekord səviyyələrə yüksəlməsi ilə bağlıdır.
Müdafiə xərclərinin dinamikası bu təsviri daha da konkretləşdirir. “Paşinyan təqvimi” ilə hesablasaq, 1-ci, yəni 2018-ci ildə Ermənistanın hərbi büdcəsi təqribən 513 milyon dollar təşkil edirdi, 2023-cü ildə bu rəqəm 1,3 milyard dolları keçib, ötən il isə 1,4 milyard dollara yaxınlaşıb. 2018-ci ildə 245 milyard dram (təxminən 640 milyon dollar) olan müdafiə xərcləri bu il 667 milyard drama (təxminən 1,74 milyard dollar) qədər yüksəlib və bu aralıq dörd-beş il ərzində hərbi xərcin dollar ifadəsində 1,1 milyard artırıldığını göstərir. Beləliklə, İrəvan hər il daha böyük payı müdafiəyə yönəldir, halbuki ərazi ölçüsü, iqtisadi potensial və real təhlükəsizlik tələbləri bu cür sıçrayışlı militarizasiyanı izah etmir.
Burada sual yaranır: bu qədər silah Ermənistanı həqiqətən xarici təhlükələrdən sığorta edə bilirmi? Su-30MKI qırıcılarının gəlməsi üçün hava limanı infrastrukturunun yenilənməsi, texniki xidmət bazasının qurulması, pilotların uzunmüddətli hazırlığı tələb olunur. Bu isə bir neçə milyardlıq müqavilədən əlavə, illərlə davam edən əlavə xərclər deməkdir. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan hava məkanını modern döyüş aviasiyası üçün real, inteqrasiya olunmuş hava müdafiə şəbəkəsinə çevirə bilmir. Ona görə də bu tip silah müqavilələri hərbi balansdan daha çox siyasi nümayiş effekti yaradır. Yəni bu silahlar faktiki olaraq, dövlət borcunun artmasına gətirib çıxarır, amma Ermənistan cəmiyyəti həm fiskal təzyiq, həm də davam edən riskli geopolitik oyunların yükünü daşıyır. Qısaca, məqalənin əvvəlində deyilən fikri bir daha təsdiqləmək yerinə düşər. İrəvan istifadə etməyi bacarmadığı həmin “oyuncaqları” Bakıya cavab görüntüsü yaratmaq üçün alıb.
***
Hindistanın öz motivləri isə ayrıca təhlil tələb edir. Yeni Dehli son illərdə “Make in India” çərçivəsində müdafiə sənayesini ixrac platformasına çevirmək xətti götürüb və 2024-cü maliyyə ilində müdafiə ixracı 2,4 milyard dollar həddini keçib. Hədəf 2029-cu ilədək qədər bu rəqəmi 500 milyard rupi, yəni təxminən 5,8 milyard dollar səviyyəsinə çatdırmaqdır. Filippin, Vyetnam, İndoneziya kimi dövlətlərlə yanaşı, Ermənistan da bu yeni ixrac strategiyasının sınaq poliqonlarından birinə çevrilib. Burada həm Rusiya bazarının zəifləməsi, həm Qərbin Ermənistana “siyasi sığorta” verməsi, həm də Hindistanın Pakistan–Türkiyə–Azərbaycan xəttinə qarşı simvolik “geopolitik cavab” nümayiş etdirmək cəhdi hiss olunur. Lakin bu labirintdə vacib məqam odur ki, bu siyasət nə Cənubi Qafqazda sülhü möhkəmləndirir, nə də Hindistanın Avrasiya nəqliyyat şəbəkəsində dayanıqlı tərəfdaş obrazını gücləndirir. Dehli indiyə qədər tanımadığı regiona, heç əyləşmədiyi masaya göz dikib.
Cənubi Qafqaz hazırda yeni nəqliyyat koridorlarının kəsişdiyi, ABŞ, Türkiyə, Rusiya, İran, Aİ və Çin kimi oyunçuların diqqət mərkəzində olan regiondur. TRIPP, Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (İNSTC), Qara dəniz limanları, Trans-Xəzər dəmiryolu xətti – hamısı eyni coğrafiyada bir-birini tamamlayan zəncir elementləridir. Belə bir məkanda silah ixracını diplomatik alətə çevirməklə İrəvan və Yeni Dehli mədəni körpülərin üzərindən barıt daşıyır. Halbuki Yeni Dehli üçün rasional model Azərbaycan, İran və Rusiya ilə nəqliyyat-logistika tərəfdaşlığını dərinləşdirmək, Ermənistanda isə sivil infrastruktur və iqtisadi modernizasiya layihələrinə gələcəkdə sərmayə trendləri yaratmaq olardı.
İndiki templə Ermənistan müdafiə xərclərini bir neçə il ardıcıl 1,5–1,7 milyard dollar səviyyəsində saxlayarsa, borcun nominal həcmi, çox güman ki, 15 milyard dollar həddinə yaxınlaşacaq və borc/ÜDM nisbəti yenidən 60 faiz zolağına çıxacaq. Əksinə, həmin vəsaitlərin sülh sazişinin icrasına, sərhəd rayonlarında infrastrukturun yenilənməsinə, regiondaxili ticarətə və nəqliyyat-kommunikasiya xətlərinə yönəldilməsi Ermənistan iqtisadiyyatının ÜDM artım tempinə bilavasitə təsir göstərə bilərdi.
Reallıq ondan xəbər verir ki, Ermənistan bu gün iki model arasında seçim edir: ya borc hesabına alınan silahlarla özünü kağız üzərində “güclü orduya malik ölkə” kimi təqdim etmək, ya da həmin borcu regiondaxili əməkdaşlıq, nəqliyyat dəhlizləri və sülh gündəliyinin maliyyələşdirilməsi üçün istifadə edən dövlətə çevrilmək. Birinci yol siyasi ritorika üçün əlverişlidir, amma uzun illər boyu Ermənistan cəmiyyətini borc ödənişlərinə və hərbi risklərin kölgəsinə məhkum edir. İkinci yol isə həm Bakı–İrəvan sülhünün məzmununu real iqtisadi qazanclarla doldurur, həm də Hindistan kimi üçüncü ölkələrə bu coğrafiyada sivil, iqtisadi əsaslı iştirak imkanı açır.
Hindistanla Ermənistan arasında müzakirə edilən 3,5–4 milyard dollarlıq silah müqaviləsi Cənubi Qafqazın gələcək onilliklərdə hansı model üzrə inkişaf edəcəyini müəyyən edə bilər. Ya region geoiqtisadi dəhlizlərin, sülh və inteqrasiyanın platformasına çevriləcək, ya da silah müqavilələri vasitəsilə qlobal rəqabətin yeni cəbhə xətti kimi yenidən dizayn olunacaq. Və burada qərar verən təkcə Ermənistan və Hindistan deyil – Azərbaycan da öz tranzit imkanları, diplomatik çəkisi və sülh gündəliyi ilə bu oyunun qaydalarını formalaşdıran əsas oyunçulardan biridir. Yeni Dehlinin əlinə elə bir fürsət düşüb ki... Hindistan həm cibini doldurur, həm də Pakistanla olan ədavətinin acığını çıxmağa çalışır. Ermənistan da, öz növbəsində, Bakı ilə silah yarışında önə keçməyə səy göstərir. İrəvanın bəslədiyi mənasız ambisiya Cənubi Qafqazı yenidən köhnə psixologiyanın orbitinə qaytarır. Amma unudulan odur ki, region artıq o deyil. Burada oyunun nəticəsini silahı çox olan yox, gəldiyi yeri və gedəcək istiqaməti dəqiq bilən tərəf müəyyənləşdirir.
Tural İSMAYILOV,
siyasi şərhçi
Belə bir müqavilə, əgər reallaşarsa, ölkənin maliyyə öhdəliklərini ağırlaşdıracaq, borcun gələcək xidmət yükünü artıracaq və büdcə xərclərində ciddi disbalansa gətirəcək. Sosial xərclər, infrastruktur layihələri, təhsil və səhiyyənin maliyyələşdirilməsi azalacaq – çünki borcun faiz və əsas məbləğ ödənişləri öncəlik götürüləcək.
Silahlanmaya yönələn xərclər həm də regionda sülh prosesinə mənfi siqnal göndərir. Hazırda sülh danışıqları gedirsə, silahlanma planları həmin dialoqun etimad atmosferinə kölgə sala bilər. Belə bir addım, görünən odur ki, yalnız qısamüddətli “güc mesajı”dır – uzun müddətdə isə Ermənistanın iqtisadi dayanıqlılığını və sosial rifahını sarsıda bilər.
Hazırda regionda sülhə və dialoqa meylli addımlar vacibdir. Hərbi xərclər və silah müqavilələri isə bu prosesə mane olur. Ermənistanın silah alışı planı, xüsusən də belə böyük məbləğə hesablanmışsa, sülhə getmək əvəzinə, eskalasiyaya yönəlik mesajdır. Bu cür addımlar beynəlxalq aləmdə Ermənistanın sülh tərəfdarı deyil, silah tərəfdarı kimi baxılmasına səbəb olur. Diplomatik imic üçün bu, ciddi riskdir. Bundan əlavə, belə bir müqavilə sosial risklərlə yanaşı, siyasi riskləri də artırır. Borc yükü artanda, hökumət üçün sosial problemləri aradan qaldırmaq daha çətin olur. Bu isə uzunmüddətli sabitliyi təhdid edir.
Beləliklə, silahlanma planları ilə sülh gündəliyinin eyni anda aparılması – həm daxildə, həm regionda – etimad və balansın pozulmasına aparan ziddiyyətli strategiyadır. Eyni zamanda silah müqaviləsi bölgədə təlatümü dərinləşdirir. Regionun sülhə və sabitliyə ehtiyacı var – ancaq bu ehtiyac silahlanma ilə yox, dialoq, iqtisadi investisiya və sosial siyasətlə təmin oluna bilər.
Əgər Ermənistan hökuməti prioritetlərini düzgün qiymətləndirərsə – borcu idarə edə, silah xərclərini azaltmaqla, sosial, iqtisadi və infrastruktur inkişafına yönəlsə – bu, həm ölkə üçün, həm region üçün uğurlu strategiya olar. Amma davamlı borclanma, silahlanma və sülh dialoquna zidd siyasət həm Ermənistanın gələcəyini təhlükəyə atır, həm də regionda sabitliyi sarsıda bilər.
Tacir SADIQOV
XQ


