Bakıda TDT-nin Media Forumu

post-img

Noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addım­lar: Türk dövlətlərinin media ekosis­temi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

Türkdilli dövlətlərin media və kommu­nikasiya sahəsində əməkdaşlığını möhkəm­ləndirmək məqsədilə keçirilən forumun panel müzakirəsinə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib.

Paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media yaran­dığı gündən təhdidlər və təqiblərlə birgə formalaşıb. Medianın peşəkarlığı bu təh­didlər şəraitində böyüməsi və sağ qalması­dır. O qeyd edib ki, süni intellekt əsaslı feyk xəbərlərin çoxalması medianın fəaliyyətin­də təhdidedici amillərdən biridir.

N.Məmmədli diqqətə çatdırıb ki, son illər ölkəmizin informasiya məkanına olan çoxsaylı təhdidlərin qarşısını almaq üçün hüquqi müstəvidə işlər yekunlaşıb: “Media haqqında” Qanun informasiya məkanının qorunması üçün hüquqi qalxan rolunu oy­nayır. Biz bunun ilkin təzahürlərini görü­rük. İnsanların texnoloji bilikləri artdıqca və media savadlılığı yüksəldikcə, onların təbliğatın təsirinə düşməsinin qarşısı alı­nır”, - deyə o əlavə edib.

Qazaxıstan Respublikasının “Xabar” agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov bildirib ki, dezinformasiyanın yayılmasının əsas məqsədi cəmiyyətdə for­malaşan fikir və rəylərə təsir göstərmək, ictimai qavrayışı manipulyasiya etməkdir. O sonda əlavə edib ki, ümumiyyətlə, dezin­formasiya olduqca təhlükəli bir vəziyyətdir və dövlətlərin informasiya təhlükəsizliyinə, ictimai sabitliyinə və qərarvermə proseslə­rinə ciddi təsir göstərir.

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirli­yinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratovanın fikrincə, media savadlılığı düzgün məlu­matı yanlışdan ayırmaqla məhdudlaşmır. Buraya, həmçinin biz nəyi yayırıq, tənqid əsasında düşünə bilirikmi, məlumatı bizə təqdim edilən şəkildə uduruq, yoxsa başqa tərəfdən yanaşırıq kimi məsələlər də daxil­dir. İnformasiyanı həzm etməyi bacarmaq lazımdır. O bildirib ki, bu gün rəqəmsal media savadlılığı, süni intellektin təsiri və informasiya təhlükəsizliyi xüsusi önəm daşıyır. Məhz buna görə də TDT-nin işçi qrupu media savadlılığının artırılmasını öz fəaliyyət planına daxil edib. Bu addım heç də təsadüfi deyil və müasir informasiya mühitinin çağırışlarına cavab verir.

Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib ki, bəzən saxta xəbərlər və manipul­yativ məlumatlar yalnız gündəlik informa­siya axınında deyil, hətta müxtəlif “komplo nəzəriyyələrinin” yazılmasında da istifadə olunur. Bu gün informasiya dövrü elə bir mərhələyə gəlib çatıb ki, artıq peyk və kos­mik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib.

Müşavirin sözlərinə görə, media hər bir ölkə üçün son dərəcə strateji sahədir. Döv­lətlərin fikirlərini, mövqelərini, dünyaya mesajlarını çatdıran məhz mediadır. Buna görə də həm texnoloji, həm peşəkar, həm də institusional baxımdan güclü media eko­sistemi formalaşdırmaq milli təhlükəsizlik məsələsinə çevrilib.

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər nazirinin müavini Mustafa La­kadamyalı isə fikirlərini bu cür ifadə edib: “Bizim dövlətimiz 40 ildir mövcuddur və müxtəlif təşkilatlarda təmsil olunmuşuq. Tarixə nəzər salsaq deyə bilərik ki, yanlış informasiya, əslində, hər birimizin üzləşdi­yi problemə çevrilib. Təşkilata üzv olduq­dan sonra özümüzü daha güclü hiss etdik. Biz bu təşkilat vasitəsilə daha güclü ola bilərik. Türk dünyası üçün çox işlər görə bilərik. Biz hələ istədiyimiz səviyyəyə çat­mamışıq”.

Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, de­zinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda Türk döv­lətlərinin media ekosistemində dayanıq­lılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, ortaq tarixi-mə­dəni bağlara malik Türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləş­dirilməsi, vahid media standartlarının for­malaşdırılması və qarşılıqlı təcrübə müba­diləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.

***

Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzu­sunda ikinci panel sessiya təşkil edilib.

CBC telekanalının baş redaktoru El­mira Musazadənin moderatorluğu ilə ke­çirilən panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Sevil Mikayılova, “Qazaxıstan” Respublika Teleradio Korpo­rasiyası Səhmdar Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mət­buat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnfor­masiya Vasitələri üçün Məzmunun İsteh­salı Mərkəzinin departament rəhbəri Tohir Umarov çıxış edərək rəqəmsal media mü­hitində əməkdaşlıq mexanizmlərinin for­malaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin geniş­ləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Paneldə vurğulanıb ki, rəqəmsal infor­masiya mühitində sürətlə baş verən dəyi­şikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir. Qeyd olunub ki, ortaq rəqəmsal layihələ­rin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlət­lərin kommunikasiya imkanlarını genişlən­dirə, regionda vahid və dinamik media mə­kanının formalaşmasına şərait yarada bilər.

XQ





Son xəbərlər