25-26 noyabr tarixlərində Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edib.
MDB Dəmiryol Nəqliyyatı Şurası 1992-ci ildə yaradılıb. Sovet İttifaqının dağılmasından sonra region ölkələrinin dəmir yolu sahəsində əlaqələrinin pozulmaması, vahid texniki-istismar standartlarının qorunması və ölkələr arasında yüklərin maneəsiz daşınmasının təmin edilməsi məqsədilə təsis edilən qurum bu gün MDB məkanında dəmir yolu nəqliyyatının koordinasiyasında əsas platforma olaraq qalır.
Qeyd edək ki, tədbir ərəfəsində Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb. Əvvəlcə, “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Rövşən Rüstəmov, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov və İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri arasında üçtərəfli görüş baş tutub.
Görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri, xüsusilə hər üç ölkənin ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit imkanlarının genişləndirilməsi və bu istiqamətdə atıla biləcək müvafiq addımlar müzakirə edilib. Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının inşası davam etdirilir, terminalın tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanacaq. Daha sonra tərəflər “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və logistik xidmətlərin inkişafı barədə Memorandum”u imzalayıblar. Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.
Bu mexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Memorandum Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərinin gücləndirilməsini və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şəraiti təmin edəcək.
Digər bir mühüm razılaşma ADY və Rusiya Dəmir Yolları arasında olub. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC və “Rusiya Dəmir Yolları” ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb. Saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə tam imkan verəcək.
Azərbaycanın nəqliyyat infrastrukturunda xüsusi çəkiyə malik olan Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkədaxili və beynəlxalq daşımaların effektiv təşkilində əsas rol oynayır. Son illər həyata keçirilən modernləşmə proqramları, beynəlxalq dəhlizlərin genişlənməsi və yeni layihələrin icrası ADY-ni regionun ən mühüm nəqliyyat operatorlarından birinə çevirib. Azərbaycan uzun illərdir Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qapısı kimi tanınır. Bu mövqeyi daha da gücləndirən layihələrdən ən vacibi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. 2017-ci ildə istifadəyə verilmiş bu xətt Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Orta Dəhlizin əsas hissəsini təşkil edir.
BTQ dəmir yolunun yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması Orta Dəhlizin önəmini daha da artırır. Həmçinin Orta Dəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayaqlarından olan Bakı Limanının buraxılış qabiliyyətinin ildə 15 milyondan 25 milyon tona çatdırılması planlaşdırılır.
Bununla yanaşı, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizində də aparıcı mövqeyini qoruyur. Hindistan-İran-Azərbaycan-Rusiya marşrutunu birləşdirən bu dəhliz yükdaşımalarının vaxtını əhəmiyyətli dərəcədə qısaldır. Astara (Azərbaycan) - Astara (İran) xətti artıq fəaliyyət göstərir. Rəşt-Astara dəmir yolunun tikintisi isə davam etdirilir.
Azərbaycanın tranzit potensialının gücləndirilməsi ölkəyə əlavə iqtisadi dividendlər qazandırır. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Zəngilan-Ağbənd istiqamətində dəmir yolu xəttinin tikintisi işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası və regionun nəqliyyat xəritəsinin yenidən formalaşması baxımından mühüm layihə hesab olunur.
Son illərdə ölkədaxili sərnişin daşımalarında da ciddi irəliləyişlər qeydə alınıb. Sürətli qatarlar gündə minlərlə sərnişinə xidmət göstərir. “Stadler” tipli yeni qatarların istifadəyə verilməsi isə rahatlıq və təhlükəsizlik səviyyəsini daha da artırıb. ADY-də həyata keçirilən modernləşmə proqramı çərçivəsində dəmir yolu infrastrukturunun yenilənməsi, elektrikləşmə işlərinin genişləndirilməsi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi davam edir.
SCADA və elektron yük izləmə mexanizmləri nəqliyyat prosesinin daha çevik və şəffaf idarə olunmasına imkan yaradır. Lokomotiv və vaqon parkının yenilənməsi də daşımaların keyfiyyətini artıran mühüm addımlar sırasındadır.
Musa BAĞIRLI
XQ

