I rübdə qeyri-neft ixracı 15 faiz artıb

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon dollar təşkil edib. Birinci rübdə yeyinti məhsulları 15,1 faiz artaraq 224,7 milyon dollara çatıb.

Bu ilin yanvar – mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 milyon dollar və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon dollar və ya 76,8 faiz, kimya sənayesi məhsulları 21,9 milyon dollar və ya 33,4 faiz, şəkər 976,3 min dollar və ya 18,8 faiz, meyvə-tərəvəz 20,8 milyon dollar və ya 15,7 faiz, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon dollar və ya 10,2 faiz, spirtli və spirtsiz içkilər 724 min dollar və ya 5,7 faiz, çay 74,1 min dollar və ya 5,1 faiz, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min dollar və ya 4,2 faiz, pambıq iplik 22,1 min dollar və ya 0,4 faiz artıb.

İlin ilk rübündə aqrar məhsullar 12,3 faiz artaraq 170,5 milyon dollar, aqrar-sənaye məhsulları 17,6 faiz artaraq 69,1 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar – sənaye məhsullarının birgə ixracı 13,8 faiz artaraq 239,6 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixraca yönəldilən qeyri – neft sektoruna aid malların siyahısında qızıl (65,2 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (48 milyon dollar) ikinci, pomidor (tomat) (44,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (17,8 milyon dollar) ikinci, pambıq (15,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 3 ayda Rusiya Federasiyasına 232,9 milyon dollar, Türkiyəyə 134,3 milyon dollar, Gürcüstana 80,6 milyon dollar, İsveçrəyə 69,6 milyon dollar, Ukraynaya isə 51,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə 2025-ci ilin mart ayında Rusiya Federasiyasına 82,1 milyon dollar, Türkiyəyə 51,5 milyon dollar, Gürcüstana 27,7 milyon dollar, İsveçrəyə 26 milyon dollar, BƏƏ-yə isə 10,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Cari ilin I rübündə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər – “MKT İstehsalat Kommersiya” MMC,”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin ölkəmizdəki Nümayəndəliyi,”Baku Steel Company” QSC,”P-AQRO” MMC,”LEPIN LM” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti,”KHAN-EL” MMC, “BİNƏ AQRO” QSC və ”Sahdag Sy” Məhdud Məsuliyyətli Cəmiyyəti təmsil olunublar.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda – “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Qaradağ Şüşə Zavodu” ASC təmsil olunublar.

I rübdə Kosmik Agentlik (“Azərkosmos”) tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizi qədər olub. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon dollar dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon dollar ilə Birləşmiş Krallıq, 890,3 min dollar ilə Lüksemburq, 213,4 min dollar ilə Nigeriya, 179 min dollar ilə Misir və 174 min dollar ilə Pakistan qərarlaşıb.

İxrac əməliyyatlarında diqqətçəkən bu uğurlu göstəricilər bir sıra diqqət mərkəzində saxlanılması ilə əldə edilib. Məsələn, respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstliyə mühüm önəm verilib. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi layihələr də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Bütün bunlarla bərabər, respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri-neft-qaz sənayesində artım neft-qaz sektorundakı artımı üstələyir.

 

 

İqtisadiyyat