Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar prosesinin başa çatması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində müəyyən irəliləyiş əldə olunması ölkədəki revanşist qüvvələri də fəallaşdırıb. Onlar hərəkətə keçərək gərginlik yaratmağa çalışırlar. Biz bunun örnəyini 2024-cü ilin yazında görmüşük. Həmin il aprelin 19-da Qazax rayonunun uzun illər erməni işğalı altında qalan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılması Ermənistanda etirazlara səbəb olmuşdu.
İndi isə radikallar Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından Müstəqillik bəyannaməsinə istinadın çıxarılması, eləcə də ATƏT-in Minsk qrupunun ləğv olunması məqsədilə təşkilatın katibliyinə birgə müraciət edilməsi tələbi ətrafında hay-küy qaldırıblar. Belə ünsürlərdən biri də parlamentdəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyandır. O, özünün “Facebook” hesabında yazıb ki, Ermənistanda qaydasız döyüş prinsipinə əsaslanan diktatura qurulur. Əlbəttə, əgər Abramyan xislətinə sadiq qalaraq bu məsələdə də Azərbaycanın adını hallandırmasaydı, biz onun fikirlərinə heç əhəmiyyət verməzdik. Amma onun yenə də ölkəmizlə bağlı hətərən-pətərən danışması bizi bu məsələyə reaksiya verməyə məcbur etdi.
Beləliklə, Abramyan öz xəstə təxəyyülünə əsaslanaraq bildirir ki, Ermənistanın hazırkı iqtidarı Azərbaycanın tələbi ilə ölkə konstitusiyasına dəyişikliklər çərçivəsində siyasi rəqiblərinin fəaliyyətini asanlıqla cinayət saya və onların mövqeyini bölüşməməyi, yaxud tənqid etməyi ağır cinayət kimi təsnifatlandıra bilər. Onun sözlərinə görə, bundan əlavə, hakimiyyət müəyyən edə bilər ki, onların komfortuna zidd olan istənilən addım, söz və ya hərəkət dövlətə güc tətbiqindən istifadə etmək üçün legitim əsaslar verir. “Ermənistanda diktatura quruculuğu çərçivəsində hakimiyyət təkcə siyasi müstəvidə deyil, bütövlükdə, “qaydasız döyüş” prinsiplərinin əsasını qoyub. Burada hakimiyyətin qeyri-məhdud səlahiyyətləri və qanundan kənar hərəkət etmək hüququ var. Özünü müdafiə edənlərin, döyülənlərin, zorakılığa məruz qalanların isə yalnız bir yolu var: qurbana çevrilmək və barmaqlıqlar arxasına düşmək” – deyə Abramyan sonda yazıb.
Göründüyü kimi, Abramyanın ölkəmizə nifrəti o qədər böyükdür ki, hətta, daxili siyasi mübarizə kontekstində də Azərbaycanın adını çəkir. Bunu sanki özünün vəzifə borcu hesab edir. Bu, bir daha Ermənistana 20 il rəhbərlik etmiş, ölkənin sərvətlərini yağı kimi mənimsəmiş, ordu üçün ayrılan pulları oğurlamış Qarabağ klanının hakimiyyətə məhz erməni xalqını Azərbaycan amili ilə qorxudaraq gəldiyini göstərir. 2018-ci ildə xalq onun qanını zəli kimi soran bu klanı siyasi səhnədən süpürüb onu tarixin zibilliyinə atdı. Ancaq, necə deyərlər, bu “siyasi meyitlər” yenə də xortlayaraq əhalini aldatmağa, xüsusilə gəncləri öz tərəflərinə çəkməyə çalışırlar. Əsas kimi isə yenə də Qarabağ amilindən istifadə etməyə cəhd göstərirlər. Bütün ümidləri isə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə bağlayıblar, “bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar.
İndiyədək Nikol Paşinyanı gözdən-nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edən radikallar indi də diktatura qurulması söhbətini ortaya atıblar. Əlbəttə, bir azərbaycanlı kimi, bizim də Paşinyana münasibətimiz müsbət deyil. Bunun belə olması mümkünsüzdür! Amma Paşinyan iqtidarını diktatura adlandırmaq da sağlam məntiqə uyğun gəlmir. Belə yanaşmalar yalnız reallıqdan uzaqlaşmış Abramyan kimilərinin düşüncəsinin məhsulu ola bilər.
Hər kəsin yaxşı yadındadır ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvanda başlanan iğtişaşlar və kütləvi etirazlar fonunda Paşinyan 2021-ci il aprelin 25-də hökumətlə birlikdə baş nazir vəzifəsindən istefa vermişdi. Bununla belə, o, ölkənin baş naziri kimi fəaliyyətini davam etdirmiş və iyunun 21-də keçirilən növbədənkənar seçkilərdə qələbə qazanmışdı. Paşinyanın rəhbərlik etdiyi fraksiya 53,92 faiz səs toplamışdı. Qarabağ klanının “xaç atası” Robert Koçaryanın “Ermənistan” bloku ondan 33 faiz az (21,04 faiz) səs toplamışdı.
Müxalifət həmin vaxt da hansısa ciddi qanun pozuntularından bəhs etmiş və nəticələri konstitusiya məhkəməsində mübahisələndirmək istəmişdi. Lakin “BBC rus xidməti”nin xəbərinə görə, Paşinyana səs verənlərin çoxu öz səslərini daha çox 20 il hakimiyyətdə olmuş və inqilabla devrilmiş iki prezidentin koalisiyasına etiraz səsi hesab edirdilər. Eyni zamanda, müşahidə missiyaları, o cümlədən Rusiya, MDB və KTMT missiyaları ciddi pozuntuların olmadığını bəyan edərək seçkilərə yüksək qiymət vermişdilər. Buna da nəticələri mübahisələndirmək asan olmamışdı. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Paşinyanı qələbə münasibətilə təbrik edərək, seçkilərdə yaxşı təşkilatçılıq və inkişaf etmiş rəqabətdən də danışmışdı. Bütün bu faktlar ortada var ikən yenidən müxalifətin suları bulandırıb balıq tutmaq cəhdləri , o cümlədən ölkəmizin adını hər bir məsələdə hallandırması etiraz doğurur.
Əgər müxalifət, həqiqətən də, gələnilki seçkilərdə uğur qazanmaq istəyirsə, ona uğur gətirə biləcək digər metodlardan istifadə barədə düşünsə daha yaxşı olardı. Paşinyanı diktatura qurmaqda, despot, əzazil olmaqda ittiham etmək onların olan-qalan reytinqinin də əldən getməsi ilə nəticələnəcək. Məhz elə həmin Qarabağ klanı birbaşa və dolayısı yolla minlərlə erməninin ölümünə səbəb olub. Onların Birinci Qarabağ müharibəsində Azərbaycanla müharibə aparması hayların da itki verməsi ilə nəticələnib. Robert Koçaryan, Serj Sarkisyan, Zori Balayan, Samvel Babayan, bu gün Bakıda mühakimə olanan separatçı “qlavarlar” isə Qarabağda və daha sonra Ermənistanda hakimiyyətə yiyələnib və böyük sərvət toplayıblar.
2008-ci ildə Koçaryanın hakimiyyəti Sarkisyana ötürməsinə erməni xalqının etirazı sonda qan tökülməsinə gətirib çıxarmışdı. Çoxlarının yaxşı yadındadır ki, 2008-ci il fevralın 19-da Hayastanda keçirilən prezident seçkilərindən sonra paytaxt İrəvanda seçki pozuntularına qarşı kütləvi etiraz aksiyaları başlamışdı. Prezidentliyə namizəd və ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları tərəfindən təşkil edilən etirazlarda təxribat törədilmiş, etirazçılarla hüquq–mühafizə orqanları əməkdaşları arasında toqquşma zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuş, 230 nəfər yaralanmışdı. Beləliklə, Sarkisyan axan qanlar üzərindən hakimiyyətə yiyələnmişdi.
Mövzu üzrə fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov dedi ki, biz də cəmiyyət olaraq sayıqlığımızı itirməməliyik. Bilməliyik ki, hazırda bu qüvvələr iş başındadırlar və fürsət gözləyirlər: “Onlar özlərini erməni cəmiyyətinə “vətənpərvər” kimi təqdim edərək, İkinci Qarabağ müharibəsi sonrası yaranan vəziyyəti qəbul etmədikləri görüntüsünü yaratmağa cəhd edirlər. Müharibənin, həmçinin antiterror əməliyyatının nəticələrini qəbul etməyən və Ermənistanın müharibədə itirdiyi torpaqları yenidən bərpa etməyə çalışan bu mariginal qruplar “keçmişin qaytarılması” eşqi ilə yaşayırlar. Birinci Qarabağ müharibəsindən sonra hayların nəzarətində olmuş Qarabağ və ətraf ərazilərin tamamilə yenidən işğalını hədəfləyirlər. Onlar, “Qarabağ Ermənistanındır!” şüarını irəli sürərək bu əraziləri yenidən ələ keçirmək istəyirlər. Revanşist qruplar ölkəmizin Cənubi Qafqazdakı mövqeyini zəiflətməyi və Ermənistanın “tarixi böyük dövlət” statusunu bərpa etməyi hədəfləyirlər. Xüsusən, erməni xalqının müstəqilliyinin qorunmasını və “Dağlıq Qarabağın müstəqilliyini” təmin etməyə çalışırlar”.
Politoloq qeyd etdi ki, bu çərçivədə Paşinyan hökumətinə təzyiq göstərmək onların başlıca iş prinsipidir. Onlar iqtidarın Azərbaycanın qalibiyyətini və Qarabağdakı itkiləri qəbul etməsini tənqid edirlər. Paşinyan hökumətinin kapitulyasiya etdiyini iddia edir və sülh danışıqlarına qarşı çıxırlar. Ermənistandakı revanşist hərəkatlar regional və beynəlxalq sabitliyə də təhlükə yaradır. Azərbaycanın müharibədə qazandığı Qələbə Cənubi Qafqazda yeni geosiyasi düzən yaradır. Ermənistan revanşistləri isə bu yeni tarazlığı pozmağa və müharibəyə gətirib çıxara biləcək yeni münaqişələrin yaranmasına səbəb ola bilərlər. Azərbaycan bunun fərqindədir.
Onu da bildirək ki, Ermənistandakı revanşistlərlə bağlı məsələyə aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev də münasibət bildirdi. Dövlətimizin başçısı dedi ki, biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik: “Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya, konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur...”
Dövlətimizin başçısı onu da bildirdi ki, biz, eyni zamanda, ayıq-sayıq olmalı, 30 illik işğalı unutmamalıyıq: “Biz təkcə diasporda, Fransa və ABŞ-da yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır....”
Beləliklə, aydın olur ki, Ermənistandakı radikal revanşist hərəkatlar vaxtilə işğal etdikləri ərazilərin geri alınması ideyasını irəli sürərək regionda yeni münaqişələrə yol aça bilərlər. Onların təbliğ etdiyi sərt millətçi ideologiyalar bölgənin sosial və siyasi sabitliyini təhdid edir. Ermənistan cəmiyyətinin bu radikal düşüncələrdən uzaqlaşması zəruridir.
Səxavət HƏMİD
XQ