Pambığın alqı-satqı prosesinin daha şəffaf və effektiv şəkildə həyata keçirilməsi məqsədilə elektron sənədləşdirmə sisteminin tətbiqi nəzərdə tutulur. Pambıq məhsulunun qəbulu və satışı kağız daşıyıcılarda olan “pambıq qəbulu qəbzi” ilə deyil, elektron qaimə-fakturalar və ya malların alış aktları vasitəsilə rəsmiləşdiriləcək. Qeyd edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1 və 71-2-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ mayın 19-da Milli Məclisdə “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, pambığın təhvil verilməsi xüsusi seriyalı ciddi hesabat blankı – pambıq qəbulu qəbzi vasitəsilə sənədləşdirilir. Bu sənəd Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma və rekvizitlər əsasında hazırlanır və satıcı ilə alıcı arasında hesablaşmaların hüquqi əsası sayılır. Yeni hüquqi mexanizm isə bu ənənəvi sənədin ləğvini və alqı-satqının tam elektron mühitdə aparılmasını hədəfləyir.
Elektron sənədləşmə sisteminə keçid, həmçinin kənd təsərrüfatında dövlət dəstəyi mexanizmlərinin tətbiqi baxımından da mühüm rol oynayacaq. Belə ki, 2019-cu il 27 iyun tarixli Prezident Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, fermerlər məhsul subsidiyası almaq üçün elektron sistemdə – SİS-də (Subsidiya İnformasiya Sistemi) aidiyyəti sənədləri təqdim etməlidirlər. Bu sənədlərə elektron qaimə-fakturalar, malların alış aktları və məhsulun təhvil verilməsini təsdiqləyən digər sənədlər daxildir.
Layihənin müəlliflərinin fikrincə, bu dəyişikliklər kənd təsərrüfatı sektorunda şəffaflığı artıracaq, vaxt itkisini azaldacaq və nəzarət mexanizmlərini təkmilləşdirəcək. Elektronlaşdırma həm fermerlərin, həm də məhsul tədarükçülərinin fəaliyyətini sadələşdirməklə yanaşı, əməkhaqqının şəffaf şəkildə ödənməsinə də şərait yaradacaq.
Bu təşəbbüs ölkədə kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına xidmət edən və fermerlərin dövlət dəstəyindən daha səmərəli faydalanmasını təmin edən mühüm islahatlardan biri kimi qiymətləndirilir.