Bakı Enerji Forumu: Müzakirə və mübadilə platforması

post-img

Dünən Bakı Konqres Mərkəzində 30-cu Bakı Enerji Forumu öz işinə başlayıb. Dünya ölkələrinin energetika nazirlərini, dövlət qurumlarının və biznes strukturlarının nümayəndələrini, tanınmış ekspertləri, enerji sektorunda fəaliyyət göstərən şirkət təmsilçilərini bir araya gətirən bu mötəbər toplantı beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi, eləcə də regionun enerji sektorunun inkişafına təsir göstərən yeni sazişlərin imzalanması üçün əsas platformaya çevrilib.

Azərbaycanın Energetika Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Enerji Formuna Dövlət Neft Şirkəti baş tərəfdaş qismində çıxış edir. Eyni zamanda, toplantı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. Təsadüfi deyil ki, OPEC-in baş katibi Haysam Əl-Qays Bakı Enerji Forumunun iştirakçılarına salamlama məktubu ünvanlayıb. Məktubda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğu vurğulanır.

Forumun ilk iş günündə energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya keçirilib. Sessiyada çıxış edən nazir P. Şahbazov bildirib ki, Azərbaycan qeyri-sabit dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb. Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzrum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycanın bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac etdiyini diqqətə çatdıran nazir deyib ki, ötən il ölkəmizin neft ixracının 75 faizindən çoxu, təbii qazın isə 51 faizi Avropa ölkələrinə tədarük olunub. Nazirin sözlərinə görə, qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa İttifaqına boru kəməri ilə nəql olunan qazın həcminə görə 7 faiz payla dördüncü təchizatçıdır.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb. Azərbaycan təbii qaz ehtiyatlarının inkişafının yeni mərhələsinə daxil olduğunu, hazırda bu məqsədlə 5 iri layihənin həyata keçirildiyini vurğulayan P. Şahbazov deyib ki, etibarlı enerji təchizatçısı olaraq ölkəmizin qaz sənayesinin davamlı inkişafı strateji əhəmiyyət daşıyır.

Nazir Bakı Enerji Həftəsi ərzində imzalanan əsas sazişlər barədə də məlumat verib. Bildirilib ki, TPAO-nun “Şəfəq-Asiman” layihəsində iştirakı, “ExxonMobil” şirkəti ilə quruda neft və qaz üzrə müqaviləsi, MOL, ITOCHU və “Gran Tierra Energy” ilə əlavə sazişlərin hamısı özündə əhəmiyyətli irəliləyişi ehtiva edir.

Energetika naziri qeyd edib ki, 2030-cu ilə qədər 2 min 700 meqavatadək külək və günəş enerjisinin Azərbaycanın milli şəbəkəsinə inteqrasiyası, təxminən, 1,5 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək: “Bu da əlavə enerji təchizatı mənbəyidir. Lakin bu həcmləri səmərəli şəkildə nəql etmək üçün biz Cənub Qaz Dəhlizi daxil olmaqla regional ötürücü infrastrukturumuzu genişləndirməliyik. Yeni bazarları təmin etmək və mövcud tərəfdaşlar üçün həcmləri artırmaq məqsədilə, "upstream" investisiyalarını dəstəkləmək və alıcı zəmanətlərini təmin etmək eyni dərəcədə vacibdir”.

Nazirin fikrincə, son bir neçə il göstərib ki, enerji təhlükəsizliyini artıq əvvəlki kimi qəbul etmək olmaz. Neft və qazın etibarlı təchizatını təmin etməyin həyati əhəmiyyət daşımağa davam etdiyini vurğulayan P. Şahbazovun sözlərinə görə, karbohidrogenləri tamamilə aradan qaldırmağa çalışan model bu mərhələdə qeyri-realistikdir və enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər. “Son 30 ildə ilkin enerji istifadəsində karbohidrogenlərin qlobal payı yalnız cüzi şəkildə, yəni cəmi 5 faiz dəyişib. Bu gün karbohidrogenlər hələ də ABŞ-da ilkin enerji istehlakının 80 faizindən çoxunu, Çində, təxminən, 90 faizini və Avropa İttifaqında 70 faizini təşkil edir. Bu göstərir ki, alternativ enerji mənbələri ənənəvi olanları əvəz etmir, onları tamamlayır”, – deyə o, əlavə edib. P.Şahbazov vurğulayıb ki, buna görə də, neft və qazın qlobal enerji balansında davam edən mərkəzi rolunu və bunun gələcək illər ərzində belə qalacağı ehtimalını nəzərə alaraq, bu sektora maliyyələşdirmənin vaxtında olması və gecikdirilməməsi vacibdir.

Azərbaycanın növbəti 2 il ərzində 10 günəş və külək elektrik stansiyasının istifadəyə verilməsi ilə “yaşıl” enerji inkişafının birinci mərhələsini tamamlayacağını diqqətə çatdıran nazir deyib ki, bu ilin sonunadək 240 meqavatlıq külək elektrik stansiyasının inşası yekunlaşacaq, ümumi gücü 1240 meqavat olan 4 əlavə stansiyanın isə artıq təməli qoyulub: “Bu il, ümumi gücü 200 meqavat olan daha 3 günəş stansiyasının tikintisinə başlayacağıq və 100 meqavat gücündə üzən günəş enerjisi layihəsi üçün hazırlıq işləri aparılır. Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları olan bu layihələrlə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış gücündə bərpa olunan enerji payının 33,7 faizə çatacağı gözlənilir”. Ölkəmizdə bu rəqəmin 2030-cu ilə qədər 38 faizə, 2035-ci ilə qədər isə 42,5 faizə çatdırılması nəzərdə tutulduğunu bildirən P.Şahbazov deyib ki, növbəti 5 ildə 6 qiqavatdan çox “yaşıl” enerji gücü həm quruda, həm də dənizdə inkişaf etdiriləcək və bunun 4 qiqavatı ixrac üçün nəzərdə tutulub.

Pakistanın neft naziri Əli Pərviz Malik çıxışında bildirib ki, ölkəsi Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Pakistan enerji sahəsində dayanıqlı inkişafa böyük önəm verir və Azərbaycanı bu prosesdə vacib tərəfdaş kimi nəzərdən keçirir. Pakistanın qaz infrastrukturu sahəsində, o cümlədən region ölkələrini birləşdirən boru kəmərlərinin tikintisi imkanlarını da əhatə edən birgə əməkdaşlığa hazır olduğunu vurğulayan nazir Azərbaycanın bu sahədəki köməyini yüksək dəyərləndirib.

Somali Federativ Respublikasının energetika və su ehtiyatları naziri Abdullahi Bidxan Varsame isə vurğulayıb ki, ölkəsi enerji sahəsində Azərbaycanla tərəfdaşlığa böyük önəm verir. Onun sözlərinə görə, Somali Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və təmiz enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çalışır: “Enerji sektorunun keçidi ilə bağlı səylərimiz çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı Anlaşma memorandumu imzalayıb”.

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero çıxışında Avropanın enerji keçidində Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı enerji keçidi istiqamətində inamla irəliləməyə davam edir və tarixində ilk dəfə olaraq ənənəvi mənbələrlə müqayisədə bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edib. Enerji təhlükəsizliyi məsələsinin, xüsusən geosiyasi qeyri-sabitlik şəraitində, Avropa İttifaqı üçün prioritet olduğunu bildirən direktor bu sahədə Azərbaycanı etibarlı tərəfdaşlığın nümunəsi adlandırıb. Avropa İttifaqının nümayəndəsi, həmçinin beynəlxalq əməkdaşlığın, resurslara çıxış məsələlərində şəffaflığın və dayanıqlı enerjiyə investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, qlobal enerji dialoqunun qurulmasında COP29 və Bakı Enerji Forumu kimi platformaların oynadığı rolu xüsusi qeyd edib.

Türkiyənin energetita və təbii sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar deyib ki, ölkəsi bərpa olunan enerji mənbələrinin inkişafına irimiqyaslı investisiyalar yönləndirməyi planlaşdırır. “Bizim milli enerji planımızda bərpa olunan enerji mənbələrinə irimiqyaslı investisiyaların qoyuluşu nəzərdə tutulur. Hazırda bizim əldə etdiyimiz gücün 60 faizi məhz bərpaolunan enerji mənbələrinə payına düşür ki, bu da bizi bu göstəriciyə görə Avropada beşinci, bütün dünya üzrə isə on birinci edir”.

Çexiyanın milli təhlükəsizlik üzrə müşavirinin müavini Tomaş Poyar isə qeyd edib ki, iki həftə sonra Azərbaycan nefti rəsmən Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək. Çexiyanın Azərbaycan neftinin ikinci ən böyük idxalçısı olduğunu vurğulayan məruzəçi, həmçinin Azərbaycan qazının Çexiyanın enerji balansının mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintadze isə çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mərkəzi rol oynamağa davam etdtiyini diqqətə çatdırıb, ölkələrimiz arasındakı strateji tərəfdaşlığı isə enerji sahəsi üçün nümunə kimi dəyərləndirib. Gürcüstanın lap əvvəldən Azərbaycanla birlikdə Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olduğunu vurğulayan nazir müavini bu dəhlizi Avropa üçün etibarlı enerji mənbəyi adlandırıb.

Nazir müavini həmçinin “yaşıl” enerji sahəsindəki birgə layihələrin – Gürcüstan – Rumıniya interkonnektoru və Azərbaycan – Gürcüstan – Rumıniya – Macarıstan enerji dəhlizinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüslər tədarük marşrutlarının şaxələndirilməsinə və Avropa İttifaqının enerji dayanıqlığının möhkəmləndirilməsinə töhfə verəcək.

SOCAR-ın prezidenti Rövşən Nəcəf forumdakı çıxışı zazmanı Azərbaycanın karbohidrogen sektoruna böyük investisiya marağının müşahidə olunduğunu vurğulayıb. Qeyd olunub ki, son iki gündə imzalanmış sənədlər şirkətin layihə portfelinin genişlənməsinə, Azərbaycanda neft və qaz hasilatının artmasına və bərpa olunan enerji istehsalının inkişafına təkan verəcək əlavə investisiyalara yol açır: “Bərpa olunan enerji mənbələrinə gəlincə, bir çox ölkələrin – bəlkə də bütün ölkələrin – qarşısında duran əsas vəzifə elektrik enerjisi şəbəkələrinin ötürmə qabiliyyətinin artırılmasıdır ki, hasil edilən elektrik enerjisi yalnız daxili bazarda istifadə olunmasın, həm də ixraca yönəldilə bilsin. Belə infrastrukturun inkişafı dövlətlərarası sıx əməkdaşlıq tələb edir, çünki elektrik enerjisinin kütləvi istehsalı yalnız bir neçə ölkə bu prosesə cəlb olunduqda mənalı və səmərəli olur. Bu isə daha iri həcmlərə çıxmağa imkan verir”, – deyə o vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə vurğulayıb ki, təmsil etdiyi şirkət Xəzər dənizində dayanıqlı enerji keçidinə hədəflənib. Onun sözlərinə görə, şirkət ənənəvi neft-qaz layihələrini inkişaf etdirilməsi ilə yanaşı, karbonsuzlaşdırma və bərpa olunan enerji sahəsində iri miqyaslı investisiyaların ayrılmasına diqqət ayırır. O, həmçinin bildirib ki, Azərbaycan xüsusilə AÇG və Şahdəniz layihələri sayəsində BP-nin ən sabit investisiya regionlarından biri olaraq qalmaqdadır. Şirkətin Cəbrayıldakı günəş panelləri kimi bərpa olunan enerji mənbələrinin inteqrasiyasına xüsusi diqqət yetirdiyini diqqətə çatdıran regional prezident deyib ki, bu, Səngəçal terminalının karbonsuzlaşdırılmasına töhfə verəcək.

Sessiya çərçivəsində Bolqarıstanın energetika nazirinin müavini İva Petrova, Rumıniya Energetika Nazirliyinin Dövlət katibi Pavel-Kasian Nitulesku, Ukraynanın energetika nazirinin müavini Mikola Kolesnik, Moldova Energetika Nazirliyinin dekarbonizasiya məsələləri üzrə dövlət katibi Karolina Novak, “TotalEnergies” şirkətinin Avropada kəşfiyyat və hasilat işləri üzrə baş vitse-prezidenti Jan-Lük Gizu, Beynəlxalq Enerji Forumunun baş katibi Cəssim Əl-Şiravi, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Mərkəzi Asiya üzrə prezidenti Abid Malik və başqalarının çıxışları dinlənilib.

30-cu Bakı Enerji Forumu bu gün öz işinə yekun vuracaq.

 



İqtisadiyyat