“Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb

post-img

“Yüksəliş” müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin Ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub. İştirakçılar imtahan nəticələri ilə şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Müsabiqənin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, ümumi biliklər imtahanında iştirak edən 10 176 nəfər namizəddən 8 551 nəfəri Analitik təhlil imtahanında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, bu mərhələyə keçid üçün tələb olunan minimum bal 60 bal müəyyən edilmişdi.

Növbəti mərhələyə keçid edən iştirakçıların 6 250 nəfəri kişi, 2 301 nəfəri isə qadındır. Yaş bölgüsünə əsasən, uğur qazanan namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Belə ki, Analitik təhlil imtahanında iştirak hüququ qazananlardan 3 385 nəfəri 21-30 yaş, 4 362 nəfəri 31-40 yaş, 804 nəfəri isə 41-51 yaşaralığındadır. Nəticələrə əsasən, növbəti mərhələyə keçən iştirakçılar arasında 21 yaşlı 35 nəfər, 51 yaşlı isə 11 nəfər yer alır.

İqtisadi rayonlar üzrə göstəricilərə nəzər saldıqda ən çox iştirakçının Bakı şəhəri üzrə qeydə alındığı görünür. Bakıdan 4 271 nəfər namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Digər yüksək göstəricilər isə Abşeron-Xızı iqtisadi rayonu üzrə 596 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 468 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 406 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 373 nəfər təşkil edib.

Təhsil müəssisələri üzrə nəticələrə əsasən, bakalavriat dərəcəsi üzrə ən yüksək göstəricilər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunları tərəfindən göstərilib.

Namizədlərin çalışdıqları sektorlar üzrə bölgüsünə əsasən, Analitik təhlil imtahanında iştirak hüququ qazananların 53,35 faizi dövlət sektorunda, 44,13 faizi özəl sektorda, 1,42 faizi qeyri-hökumət təşkilatlarında, 1,10 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.

Qeyd edək ki, Ümumi biliklər imtahanını uğurla başa vuran namizədlər 6–16 may tarixlərində keçiriləcək “Profili tamamla” turunda iştirak edəcəklər. Bu mərhələdə iştirakçılar şəxsi kabinetləri vasitəsilə tələb olunan məlumatları tamamlamalı və növbəti proseslər üçün profillərini yeniləməlidirlər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Elm