Beynəlxalq Enerji Həftəsi çərçivəsində BP, “SOCAR Green” və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin səhmdarları “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) layihəsi üçün yekun investisiya qərarını elan ediblər. Bu qərar işğaldan azad olunmuş Cəbrayıl rayonunda 240 meqavat gücündə GES-in tikintisinin başlanmasına imkan yaradır. Eyni zamanda, Səngəçal terminalının investorları – BP, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, “EksonMobil”, İTOÇU, “ONGC Videş”, “Eni”, MVM və “TotalEnergies” Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini təsdiqləyiblər.
Xatırladaq ki, sözügedən layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını gerçəkləşdirəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kilovoltluq elektrik yarımstansiyası inşa ediləcək.
Bu iki layihə bir-biri ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Həmin mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə təhvil verəcək. “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək.
Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri birlikdə terminalın gələcək istismar dövründə əməliyyatlardan yaranan emissiyaların, təxminən, 50 faiz azaldılmasına imkan yaradacaq. Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün 7 qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə edilməyən yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək. Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bir sıra digər müqavilələr də imzalanıb:
– “Şəfəq” layihəsi üzrə - SJSL ilə “AzərEnerji” arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi və SJSL ilə “AzərEnerji” arasında şəbəkəyə qoşulma müqaviləsi;
– STEL layihəsi üzrə – “AzərEnerji” ilə Səngəçal terminalının operatoru qismində bp arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi və istismar və texniki xidmət müqaviləsi.
Bundan əlavə, həm “Şəfəq”, həm də STEL layihələrini dəstəkləmək məqsədilə iki müqavilə – Səngəçal terminalının operatoru qismində bp, SJSL və “AzərEnerji” arasında balanslaşdırma sazişi, həmçinin Səngəçal terminalının operatoru qismində bp ilə SJSL arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanıb. Hər iki layihə üzrə yekun investisiya qərarının və əlaqədar müqavilələrin rəsmi imzalanması Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən tədbir zamanı reallaşıb.
Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl” enerjidən istifadəni təşviq edən siyasəti çərçivəsində “Şəfəq” GES və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri üzrə mühüm mərhələnin tamamlanması ilə ölkəmizin BP ilə strateji enerji tərəfdaşlığında yeni bir səhifə açılır. 240 meqavatlıq GES-in “yaşıl” enerji zonası ərazisində inşası və dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın elektrikləşdirilməsi kimi önəmli elementləri birləşdirən bu layihə enerji təhlükəsizliyi və emissiyaların azaldılması istiqamətində ortaq, mütərəqqi yanaşmanın bariz nümunəsidir.
Azərbaycanın neft-qaz sektorunda ən böyük investoru olan BP-nin “yaşıl” enerji sahəsinə doğru sərmayələrini genişləndirməsi tərəfdaşlığımızın uzunmüddətli strateji təməlini daha da möhkəmləndirir. Biz BP ilə birgə təkcə etibarlı enerji təchizatını deyil, həm də dayanıqlı və aşağıkarbonlu gələcəyin əsasını formalaşdırırıq”.
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib: “Bu gün qəbul edilən qərarlar həm Azərbaycanla əməkdaşlığımızda, həm də regiondakı biznes fəaliyyətimizdə yeni bir mərhələnin başlanğıcını qoyur. “Şəfəq” layihəsi ölkədə günəş enerjisi hasilatına qoyduğumuz ilk investisiya olmaqla, enerji sahəsindəki uğurlu əməkdaşlığımıza yeni bir istiqamət əlavə edir. Bu iki layihəni birləşdirən yeni innovativ yanaşma bizi sevindirir, çünki onun vasitəsilə Azərbaycanda idarə etdiyimiz ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaları azalda biləcəyik. Azərbaycanla, əsasən, neft və qaz sahəsini əhatə edən uzunmüddətli tərəfdaşlığımızda bu yeni mərhələni alqışlayırıq və əminik ki, bu, regionda dayanıqlı enerji sahəsində növbəti təşəbbüslərin həyata keçirilməsinə yol açmağa kömək edəcək”.
Xatırladaq ki, təxminən, 200 milyon dollar dəyərində olan “Şəfəq” GES-in tikinti işlərinə bu il başlanacağı və həmin işlərin, əsasən, yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarınadək davam edəcəyi nəzərdə tutulur. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı gözlənilir. “Şəfəq” layihəsi, bütövlükdə, BP şirkətinə məxsus olan “Lightsource bp” tərəfindən həyata keçiriləcək və idarə olunacaq.
230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan BP tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanılması planlaşdırılır və işlər iki mərhələdə həyata keçiriləcək. 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək başa çatdırılacaq.