Atəşkəsi kim pozdu?

post-img

Yaxın Şərq savaşında növbəti cavabsız sual

Son günlər Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginliyin yeni fazaya keçdiyi müşahidə olunur. Beynəlxalq media bir suala cavab axtarır: atəşkəsi kim pozdu? Yayılan rəsmi açıqlamalara, peyk görüntülərinə əsaslanan təhlillərə və regional aktorların reaksiyalarına nəzər salsaq, bir-birini təkzib edən paralel həqiqətlərdən başqa bir şey görmək mümkün deyil.

Məsələn, Ağ Evə yaxın mənbələrin və Pentaqon rəsmilərinin açıqlamalarında vurğulanır ki, son hücumlar birbaşa və ya dolayı şəkildə İran tərəfindən dəstəklənən qüvvələrin koordinasiyası ilə həyata keçirilib. ABŞ tərəfi regiondakı hərbi obyektlərə və logistika xətlərinə yönəlmiş raket və PUA hücumlarını atəşkəs rejiminin pozulması kimi təqdim edir. Vaşinqtonun yanaşmasına görə, Tehran həm də təsir dairəsində olan silahlı qrupların fəaliyyətinə görə məsuliyyət daşıyır. Tramp administrasiyasının arqumentasiyasında diqqət çəkən əsas məqam “inkar edilə bilən iştirak” konsepsiyasıdır. ABŞ rəsmiləri bildirirlər ki, İran regionda fəaliyyət göstərən proksi qüvvələr üzərindən hərəkət edərək birbaşa münaqişəyə daxil olmadan təsirini saxlayır. Bu, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilən şəbəkələrə istinadla əsaslandırılır. Pentaqonun son brifinqlərində qeyd olunur ki, hücumların texniki xüsusiyyətləri, istifadə olunan dron modelləri, raketlərin trayektoriyası və koordinasiya səviyyəsi bu əlaqəni gücləndirən dolayı sübutlar təqdim edir.

Tehran isə ittihamları qəti şəkildə rədd edir və hadisələrin təqdimatını tam fərqli çərçivədə qurur. İran rəsmilərinin açıqlamalarında vurğulanır ki, ölkə heç bir atəşkəs razılaşmasını pozmayıb və regiondakı silahlı qrupların fəaliyyəti “müstəqil müqavimət reaksiyasıdır”. İranın rəsmi mövqeyinə görə, ABŞ-ın bölgədə hərbi mövcudluğu və son dövrlər artan əməliyyat aktivliyi gərginliyin əsas səbəbidir. Bu kontekstdə Tehran Vaşinqtonu məqsədli şəkildə eskalasiya yaratmaqda, daha sonra bunu İranın üzərinə yükləməkdə ittiham edir. Son 48 saatın xronologiyası tərəflərin iddialarını tam təsdiqləməyə imkan vermir. Açıq mənbələrdə yayılan məlumatlara əsasən, ilk insidentlər regionda yerləşən ABŞ-la əlaqəli obyektlərə yönəlmiş zərbələrlə başlayıb. Lakin bu hücumların konkret olaraq hansı qrup tərəfindən həyata keçirildiyi və həmin qrupların Tehranla əlaqə səviyyəsi sübuta yetirilməyib. Eyni zamanda, ABŞ-ın cavab tədbirləri, xüsusilə seçilmiş hədəflərə qarşı həyata keçirilən hava zərbələri İran tərəfindən “atəşkəsin faktiki pozulması” kimi qiymətləndirilib.

Regional aktorların reaksiyaları bu mənzərəni daha da mürəkkəbləşdirir. İsrail açıq şəkildə ABŞ-ın mövqeyini dəstəkləyərək İranın dolayı fəaliyyətlərini birbaşa təhdid kimi qiymətləndirir. İsrail rəsmilərinə görə, Tehran regionda sabitliyi sistemli şəkildə pozur və son hadisələr bunun davamıdır. Digər tərəfdən, Türkiyə və bəzi ərəb ölkələri daha ehtiyatlı mövqe tutaraq tərəfləri qarşılıqlı ittihamlardan çəkinməyə və faktların beynəlxalq səviyyədə araşdırılmasına çağırır.

Avropa İttifaqı daxilində yanaşma daha maraqlıdır. Aİ rəsmiləri bildirirlər ki, mövcud məlumatlar əsasında qəti nəticə çıxarmaq mümkün deyil və hər iki tərəfin ritorikası vəziyyəti gərginləşdirir. Diplomatik dairələrdə səsləndirilən fikirlərə görə, hazırkı şəraitdə əsas problem atəşkəs mexanizminin özü ilə bağlıdır. Yaxud onun icrasına nəzarət edən effektiv beynəlxalq mexanizmlərin olmaması ilə.

Hadisələrin informasiya müstəvisində təqdimatı da diqqətəlayiqdir. ABŞ mediası əsasən İranın dolayı məsuliyyətini ön plana çıxarır, İran mediası isə hadisələri Vaşinqtonun planlı təxribatı kimi təqdim edir. Sosial platformalarda yayılan görüntülər və analizlər isə tez-tez selektiv şəkildə təqdim olunur, bu da obyektiv mənzərənin formalaşmasını çətinləşdirir. Analitiklər qeyd edirlər ki, müasir münaqişələrdə informasiya axını, ən azı, hərbi əməliyyatlar qədər təsir gücünə malikdir. Hərbi ekspertlərə gəldikdə, onlar məsələyə texniki nöqteyi-nəzərdən yanaşır. Onların fikrincə, atəşkəsin pozulması anlayışı klassik müharibə modellərindən fərqli olaraq artıq daha geniş interpretasiya olunur. Əgər əvvəl bu, birbaşa dövlətlərarası əməliyyatlarla bağlı idisə, indi qeyri-dövlət aktorlarının fəaliyyəti də eyni kateqoriyaya daxil edilir. Bu halda məsuliyyətin müəyyənləşdirilməsi xeyli çətinləşir və siyasi interpretasiyalara geniş imkan yaranır.

***

Mövcud faktların müqayisəli təhlili göstərir ki, tərəflərin hər biri öz strateji məqsədlərinə uyğun narrativ formalaşdırır. ABŞ üçün əsas hədəf İranın regional təsirini məhdudlaşdırmaq və onu beynəlxalq səviyyədə daha da təcrid etməkdir. İran isə əksinə, özünü müdafiə mövqeyində təqdim edərək həm daxili auditoriyanı səfərbər edir, həm də beynəlxalq təzyiqləri balanslaşdırmağa çalışır. Bu qənaətə gəlmək olar ki, sübutlar dolayı xarakter daşıyır, tərəflərin açıqlamaları isə bir-birini istisna edir. Reallıq isə böyük ehtimalla müxtəlif versiyaların kəsişmə nöqtəsində gizlənir. Amma bir şey dəqiqdir: məsələ nə tam şəkildə Vaşinqtonun iddia etdiyi, nə də Tehranın təqdim etdiyi kimidir.

Xülasə, ümumi mənzərə nə ABŞ-ın haqlı, nə də İranın günahsız olduğunu göstərir. Çünki atəşkəs bir anda pozulmayıb, qarşılıqlı etimadsızlıq, paralel təzyiq mexanizmləri və nəzarətdən çıxan proseslər nəticəsində tədricən aşınıb. Və bəlkə də bu qarşıdurmanın ən dəqiq izahını bədii ədəbiyyat çoxdan verib. Fyodor Dostoyevski “Karamazov qardaşları” əsərində yazırdı ki, insan bəzən həqiqəti tapmaqdan çox, haqlı olduğunu sübut etməyə çalışır. ABŞ–İran qarşıdurmasının bugünkü mənzərəsində də, sanki, eyni psixoloji paradoks görünür. Tərəflər faktlar əvəzinə öz narrativlərini müdafiə edirlər...

Nəzrin ELDARQIZI
XQ

Dünya