Ukrayna Prezidenti Vladimir Zelenskinin elan etdiyi atəşkəs 6 may tarixində Kiyev vaxtı ilə saat 00:00-da qüvvəyə minib. Bu, Rusiyanın 8-9 may tarixlərində Qələbə gününü qeyd etmək üçün elan etdiyi atəşkəsdən əvvəl baş verib.
Məlumatı “Anadolu” verib.
Rusiya 8 və 9 may tarixlərində sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin qeyd edilməsi şərəfinə atəşkəs elan edib. Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi, 4 mayda verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin belə qərar verib. Nazirlik qeyd edib ki, “Ümid edirik ki, Ukrayna tərəfi bizim nümunəmizi izləyəcək”.
Ukrayna Prezidenti isə buna cavab olaraq mayın 5-dən 6-na keçən gecə atəşkəs elan edib. Dövlət başçısı bunu özünün Telegram kanalında yazıb: “Biz inanırıq ki, insan həyatı istənilən ildönümü qeyd etməkdən müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Buna görə də 5-6 may gecəsi gecə yarısından etibarən atəşkəs elan edirik”.
P.ƏMİRCANOV
XQ

