Azərbaycanın ilk maarifçi qadını

post-img

Hənifə Məlikova-Zərdabi – 170

O həm də milli ziyalı xanımların anası fəxri adını qazanmışdı

Azərbaycanın ilk maarifçi qadını, böyük Həsən bəy Zərdabinin həyat yoldaşı və silahdaşı Hənifə Məlikova-Zərdabinin anadan olmasının 170-ci ildönümü tamam olur. 1856-cı il mayın 6-da Şimali Qafqazın Nalçik şəhərində qədim türk toplumlarından olan balkarların kübar ailəsində dünyaya göz açmış Hənifə Aslan bəy qızının taleyi Tiflisdə gimnaziya təhsilindən sonra bütövlükdə Azərbaycanla bağlı olub. O, Azərbaycan qadınının təhsil uğrunda mübarizəsinin ilk və ən güclü simalarındandır.

Türk qadınının əsarətdən xilas yolunu sivil təhsildə görən Hənifə xanım qadının oxuyub bilik qazanmasının vacibliyini göstərərək deyirdi: “Əgər kişi ailənin başçısıdırsa, qadın onun zəmini, bünövrəsidir. Ailə ocağı ilə bağlı bütün qayğılar, ilk növbədə isə uşaqların tərbiyəsi qadının üzərinə düşür. Əgər müsəlman ana savadsız və cahildirsə, o zaman verdiyi tərbiyə nə olacaq? İmkanlı müsəlmanlar bu həqiqəti yaxşı başa düşürlər. Ona görə də ya savadlı qadınlarla evlənməyə can atır, ya da övladlarının təlim-tərbiyəsi üçün dayələr, quvernantlar tuturlar. Sadə xalq isə aydın məsələdir ki, bunu edə bilmir. Gələcəyimiz naminə biz oğlanlarla birlikdə qızlarımızın da təhsil almalarının qayğısına qalmalıyıq”.

Hənifə xanım təhsilin əhəmiyyətini hələ ailə mühitində anlamışdı. Atası Aslanbəy Abayevin 1862-ci ildə qızı Hənifəni Tiflisə, Müqəddəs Nina qızlar gimnaziyasında oxumağa göndərməsi həmin dövr üçün cəsarətli qərar idi. Çünki o dövrdə müsəlman ailələrində qızların təhsil alması, xüsusilə də ailədən uzaqda, pansion tipli məktəbdə oxuması nadir və bəzən də qəbul edilməyən bir addım idi. Qapalı pansion tipli təhsil müəssisəsi olan Müqəddəs Nina məktəbində qızlara rus dilində dünyəvi biliklər verilirdi, onların formalaşması, sosial bacarıqlar qazanması da əsas məqsədlərdən idi. Hənifə xanım və onunla birlikdə oxuyan xalası qızı Fuza dünyəvi təhsil yolunu seçən ilk qafqazlı müsəlman qızlardılar.

Onillik təhsilini 1872-ci ildə başa vuran Hənifə xanım müəllimlik etmək üçün əlavə pedaqoji kurs keçməli idi. Həyatını xalqın maariflənməsinə həsr etmiş, milli mətbuatımızın və teatrın banisi Həsən bəy Zərdabi ilə tanışlığı şəxsi həyatında yeni mərhələnin başlanğıcı olur. Bu tanışlıq eyni ideallar uğrunda iki maarifçi insanın birgə missiyasını həyata keçirmək üçün fürsətə çevrilir. 1873-cü ildən taleyini Bakı ilə bağlayan Hənifə xanım öz evində azərbaycanlı müsəlman qızlar üçün kiçik məktəb yaradır, qızlara yazıb-oxumaq və rus dili öyrədir.

Hənifə xanım və Həsən bəy qızlar üçün pansionat tipli məktəb açmaq, onların sistemli şəkildə təhsil almasına şərait yaratmaq istəyirdilər. Lakin maddi çətinliklər səbəbindən bu ideya reallaşmır, “Əkinçi” qəzetinin nəşrə başlamasından sonra ailənin bütün maliyyə imkanları maarifçilik fəaliyyətinə yönəlir. Hənifə xanım o illəri xatırlayaraq yazırdı: “Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy yeni başlayan müxbirlərə və qəzetin əməkdaşlarına olduqca həssas yanaşırdı. Çox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı”.

Maarifçilik ideyaları uğrunda mübarizədə qarşılarına çıxan çətinliklər səbəbindən ailənin məcburi “mühacirəti” düz 16 il davam edir. Lakin bu ağır dövr Hənifə xanımın fəaliyyətini dayandırmır, Zərdabda yaşadığı illərdə o, öz mənzilində uşaqlara dərs deyir, savadsızlığın hökm sürdüyü kəndlərdə ev-ev, oba-oba gəzərək qadınlara yazıb-oxumaq, biçib-tikmək öyrədir. Mübariz, maarifçi xanım rus dilindən tərcümə etdiyi nağılları qadınlara və uşaqlara danışır, eyni zamanda, tibbi maarifçilik işinə də böyük önəm verir. Uşaqları peyvənd edir, insanlara gigiyena və sağlamlıqla bağlı biliklər ötürür, Zərdabda 132 nəfəri kor olmaqdan xilas edir.

1896-cı ildə Həsən bəy Zərdabi Bakı qubernatoruna müsəlman qızlar üçün rus-müsəlman məktəbinin yaradılması ilə bağlı rəsmi müraciət edir və bu təşəbbüs müsbət qarşılanmır. Ciddi mübarizədən sonra xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin maddi və mənəvi dəstəyi sayəsində 1901-ci il sentyabrın 7-də Azərbaycanda ilk rəsmi qız məktəbi fəaliyyətə başlayır. Məktəbin Himayədarlar Şurasına Hacı Zeynalabdin Tağıyev rəhbərlik edir. Sona Tağıyeva müavin, Hənifə Məlikova isə məktəbin müdiri və rus dili müəllimi vəzifəsinə təyin edilir. Birinci il 58, növbəti ildə isə 83 şagird təhsil alır. 20 nəfər imkansız ailənin övladı bütün təhsil ödənişlərindən azad edilir. Şagird sayının artması və məktəbin genişlənməsi Hənifə xanımın üzərinə daha böyük məsuliyyət qoyur, bir müddət sonra rus dili müəllimliyindən ayrılaraq bütün diqqətini məktəbin idarə olunmasına yönəldir.

Sovet hakimiyyəti illərində də Hənifə xanım sevimli işindən ayrılmır, Azərbaycan SSR Xalq Maarifi Komissarlığında məsul vəzifələrdə çalışaraq təhsil sisteminin qurulması və inkişafında yaxından iştirak edir. Yarım əsrdən artıq davam edən müəllimlik və ictimai fəaliyyətini 1925-ci ildə yekunlaşdırarkən yazdığı fikirlər onun missiyasını ən aydın şəkildə ifadə edir: “Həyatımın məqsədi hüquqları uğrunda və istismara qarşı mübarizədə insanlarımızın, ilk növbədə isə türk qadınlarının mədəni səviyyəsini yüksəltmək olub və bu gün də dəyişməz olaraq qalır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən xilas yolunun üfüqlərinin açıldığı günlərə qədər yaşamaq nəsibim oldu”.

1929-cu ildə 73 yaşında Bakıda dünyasını dəyişən Hənifə Məlikova-Zərdabinin adı Azərbaycanda qadın azadlığının, təhsil hüququnun və milli maarifçiliyin rəmzi kimi yaşayır. Onun həyat yolu göstərir ki, bir insanın ideayaları bütöv bir cəmiyyətin gələcəyini dəyişə bilər. Hənifə xanımın açdığı yol bu gün də Azərbaycan qadınının elmə, azadlığa və inkişafa doğru addımlarında öz əksini tapır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən XQ-yə bildirildi ki, “Gənc qızların təhsilinə dəstək” layihəsi Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu “Qızlar Məktəbi”nin 120 illik yubileyi və Beynəlxalq Qızlar Günü münasibətilə həyata keçirilir:

– Layihənin əsas məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə yönəltmək, xüsusilə regionlardan və həssas sosial qruplardan olan gənc qızların ali təhsil imkanlarından yararlanmasına real dəstək göstərməkdir. İlk il sahibkar qadınlar və müxtəlif şirkətlər sosial məsuliyyət nümayiş etdirərək hər biri bir tələbə qızın təhsilinə dəstək verməyi öhdələrinə götürdülər. 2022-ci ildən etibarən layihə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində daha sistemli şəkildə davam etdirildi.

2023-cü ildən isə layihənin daha mühüm mərhələsi başladı və Hənifə Məlikova-Zərdabinin adını daşıyan “Qızların təhsilinə dəstək” təqaüd proqramı təsis edildi. Bu, simvolik baxımdan böyük əhəmiyyət daşıyırdı. Çünki bir zamanlar qızların təhsil hüququ uğrunda mübarizə aparan Hənifə xanımın adı bu gün yeni nəslin təhsilinə dəstək verən bir proqramda yaşayır.

Təqaüdə namizədlər regionlardan gələn, həssas sosial qrupa aid və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən qızlar arasından seçilir. Kimya mühəndisliyi, informasiya texnologiyaları, aerokosmik mühəndislik, informasiya təhlükəsizliyi, kompüter elmləri, geologiya və geofizika kimi sahələrə qəbul olan tələbə qızların dəstəklənməsi əmək bazarında qadınların rolunun gücləndirilməsi baxımından mühüm addımdır. Layihənin nəticələrinə əsasən ötən il 93 nəfər bu təqaüd proqramından yararlanıb, son beş il ərzində isə ölkənin müxtəlif regionlarından 238 gənc qız dəstək alıb.

Ötən il reallaşan “Məzun Günü” layihəsi də xüsusi əhəmiyyət daşıdı. 2021-ci ildə yüksək balla ali məktəblərə qəbul olmuş 12 tələbə qız və “Sən tək deyilsən” layihəsi çərçivəsində dəstəklənən 3 şəhid xanımının məzuniyyəti qeyd olundu. Ümumilikdə, 15 məzun bu proqramın real nəticələrindən bəhrələndi. Cari ildə növbəti məzun gününün keçirilməsi nəzərdə tutulur.

Layihənin önəmli tərəflərindən biri də odur ki, təqaüd proqramı yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, iştirakçılar müxtəlif təcrübə proqramları, peşəkar təlimlər və maarifləndirici görüşlərdən də faydalanırlar. Bu layihə bütövlükdə cəmiyyətin gələcəyinə yatırım edir. Azərbaycan maarif tarixində Həsən bəy və Hənifə xanım Zərdabilərin və Hacı Zeynalabdin Tağıyev kimi simaların başlatdığı yol bu gün dövlət dəstəyi ilə davam edir və yeni nəsil qızların həyatına işıq saçır.

Tarixdə elə qadınlar var ki, onlar istiqlal mücahidləri kimi ön sıralarda gələcək nəsillərin taleyinə də işıq salır, mübarizəsi, savadı və cəsarəti ilə yüzlərlə, minlərlə qızın həyat yoluna çıraq olurlar. Hənifə xanım Abayeva-Məlikova da təkcə Azərbaycanın deyil, bütövlükdə, türk xalqlarının qadın təhsili tarixində şərəfli yer tutmuş ziyalı qadınlarımızdandır. Onun arzu və əməlləri, maarifçilik irsi, nurlu xatirəsi türk qadınının tərəqqi yoluna çıxmasına işıq salır.

Ləman TƏHMƏZ
XQ





Mədəniyyət