Borçalıda Zəlimxan Yaqubun xatirəsi anılıb

post-img

Bu günlərdə Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) və “Azərbaycan Evi”nin birgə təşkilatçılığı, Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin təşəbbüsü ilə Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Özün basdırdığın ağaca söykən” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, Dmanisi merinin müavini Arif Süleymanov, Gürcüstan Azərbaycalıları Konqresinin sədri Hüseyn Yusibov, professor Şürəddin Məmmədli, ictimaiyyət nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov açaraq şairin həyatı və yaradıcılığı haqqında danışıb. Bildirib ki, Zəlimxan Yaqubun zəngin irsinin təbliği istiqamətində Borçalıda mütəmadi olaraq tədbirlər keçirilir.

Daha sonra çıxış edən səfirliyin nümayəndəsi Cavid Məhərrəmov qeyd edib ki, Azərbaycan dövləti hər zaman Xalq şairinin xatirəsini uca tutub və onun ədəbi irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görür.

Dmanisi merinin müavini Arif Süleymanov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, professor Şürəddin Məmmədli, Zəlimxan Yaqubun yaxın dostu olmuş Ramiz Bəkirov, Dmanisi Təhsil və Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov və başqaları şairin yaradıcılığı, ümumtürk ədəbi prosesindəki mövqeyi və ədəbiyyata verdiyi töhfələrdən bəhs ediblər.

Tədbirin bədii hissəsində Esmira Ələkbərlinin müəllifi olduğu tamaşa məktəblilər tərəfindən səhnələşdirilərək təqdim olunub.

Sonda şairin ailəsi adından çıxış edən qardaşı Çingiz Yaqubov tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Paşa ƏMİRCANOV
XQ



Mədəniyyət