Azərbaycan–Ermənistan hökumət heyətləri ötən günlərdə burada görüşdü
Ermənistanın Ağverən istirahət zonasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 13-cü iclası keçirilib. Görüşdə tərəflər sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri ətrafında müzakirələri davam etdiriblər. Rəsmi nümayəndə heyətlərinin müzakirələri ilə paralel olaraq, Ağverəndə hər iki ölkədən olan iş adamları da bir araya gəliblər. İclasdan sonra Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin korteji Ağverən ərazisini tərk edib. Oxucular üçün maraqlıdır ki, Ağverən istirahət zonası Ermənistan Respublikasının inzibati ərazisi baxımından harada yerləşir?
Qeyd edək ki, Ağverən toponiminin komponentlərini təşkil edən “ağ” və “verən” hər bir azərbaycanlı üçün anlaşıqlı sözdür, mənaları başadüşüləndir. Bəs bu kəndin tarixi barədə nə bilirik? Yeri gəlmişkən, apardığımız araşdırma nəticəsində bu qənaətə gəlirik ki, “verən” dilimizə fars dilindən keçən fars mənşəli “viran” sözünün dəyişdirilmiş fonetik formasıdır ki, ermənişünaslıq, obrazlı ifadə ilə desək, kələfin ucunu bir neçə dəfə dolaşdırıb. “Viran” ( ناریو ) sözünün əsli
Orta fars dilində (pəhləvi dili) eyni mənada işlənən "vīrān" sözünə əsaslanır və "xarab, uçuq, yıxıq, dağılmış, bərbad" mənalarını ifadə edir. Klassik ədəbiyyatda və Azərbaycan dilində həm fiziki dağıntı, həm də məcazi mənada (kədərli, məhzun) işlənir.
Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi.
C.Məmmədquluzadə;
Könlüm quşu qanad çalmaz,
sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getməz müdam
xəyalımdan Azərbaycan!
Səndən uzaq düşsəm də
mən
eşqin ilə yaşayıram!
Yaralanmış qəlbim kimi,
qəlbi viran Azərbaycan!
Məhəmməd Hüseyn Şəhriyar
Əslində, Ağverən yaşayış məntəqəsinin ilkin adı Ağörən olub. Ağörən XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, sovet dönəmində, yəni Ermənistan SSR zamanında Axta (Hrazdan) rayonunun, 1991-ci ildə yaranan Ermənistan Respublikasının Kotayk vilayətinin inzibati ərazi vahidlərindən biri olaraq qeydə alınmışdır. Ağörən Zəngi çayının sağ qolu olan Dəllər çayının sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 kilometr şimal-qərbdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftər”ində Ağörən məzrəsi adında əksini tapır və İbrahimin adına olan timar kimi Ortaviran kəndi və Ağörən məzrəsinin illik gəlirinin 3.000 ağçadan ibarət olduğu qeyd edilir . Erməni mənbələrində tarixi həqiqət bir daha saxtalaşdırılaraq Ağörən toponimini “Ağverən” formasında göstərilir. Ağörən kəndində 1831-ci ildə 22, 1873-cü ildə 243, 1886-cı ildə 302, 1897-ci ildə 307, 1908-ci ildə 416, 1914-cü ildə 762, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar kənddən ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ilin 29 noyabrında indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64, 1926-cı ildə 93, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır. Erməni müəllifi C.Qorqudyanın 30-cu illərdə çap etdirdiyi kitabında bu barədə ətraflı məlumat verilir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 nömrəli, 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 nömrəli qərarları ilə Qərbi Azərbaycanın digər bölgələrində yaşayan azərbaycanlılar kimi, Axta rayonunun Ağörən kəndində yaşayan azərbaycanlılar da öz ata-baba torpaqlarından deportasiya edilmişlər. Yaşayış məntəqəsi kimi 1950-1960-cı illərdə Ağörən kəndi ləğv edilərək istirahət zonasına çevrilmişdir.
Toponim türk dilində “rəng” mənasında işlənən “ağ” sözü ilə (torpağın süxurunun rəngini bildirir) qədim türk dilində “uçulmuş, dağılmış, xaraba” mənasında işlənən “örən” sözünün (Радлов В.В. Опыт словарья тюркских наречий, т.l, ч. 1-2, СПб, 1893, c.1219; Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983, № 26, s.105) birləşməsindən əmələ gəlib, “kiçik xarabalıq yanında olan kənd” mənasını verir. “Türklər sahib olduqları ölkələrin adlarını dəyişdirmədikləri kimi, qədim zamanlardan qalma kənd və ya şəhər xarabalıqlarının yaxınlarında yerləşdikləri zaman bu xarabalara örən və ya viran adlarını vermişlər. Bu adlara ya mənsub olduqları əşirətlərin (tayfaların - İ.B.), oymaq və ya obanın adını, ya da torpağın rənginə görə ağ, qara, qızıl kimi sifətlər əlavə edərək yeni adlar yaratmışlar”.
Onu da qeyd etmək yerinə düşər ki, Qərbi Azərbaycan ərazisində “örən” sözü ilə formalaşan xeyli sayda qədim toponimlər olmuşdur. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftər”ində qeydə alınmış bir neçə toponimi qeyd etməklə fikrimizə aydınlıq gətirmiş olarıq. Məsələn, Qara örən, Görücüörən, Qaraca örən. Həmçinin “viran” sözü ilə də düzələn kifayət qədər toponim mövcud olmuşdur. Məsələn, Qızılviran, Qaraviran və s.
Yekun olaraq belə bir fikrə də gəlirik ki, fars dilində “xarab, uçuq, yıxıq, dağılmış, bərbad” mənasında işlənən “viran” sözü, qədim türk dilində eyni məna bildirən “örən” sözünün farslaşdırılmış variantıdır.
İbrahim BAYRAMOV,
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

