Ulu öndərin multikulturalizm və tolerantlıq dərsləri

post-img

Dünən Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda IX beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Açılış mərasimində ali məktəbin rektoru, akademik Kamal Abdulla bildirib ki, beynəlxalq məclisdə müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər. Konfrans çərçivəsində “Heydər Əliyev və Türk dünyası: tarix və müasirlik”, “Heydər Əliyev və Türk dünyası: mədəni irs”, “Media və rəqəmsal məkanda mədəniyyətlərarası dialoq”, “Heydər Əliyevin sülh və tolerantlıq siyasəti”, “Cənubi Qafqazda əməkdaşlıq perspektivləri” adlı 5 bölmə iclası keçiriləcək.

Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı tarixə həm də türk xalqlarının tarixini şərəfləndirən qüdrətli şəxsiyyət kimi daxil olub. Yassı Universitetinin professoru Lyudmila Bejenaru, DAAD-nin ADU-da nümayəndəsi Liza Brandt konfransın beynəlxalq əməkdaşlığın inkişafı baxımından önəmini vurğulayıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik fəaliyyəti milli maraqlara sədaqətin və güclü dövlətçilik ideyalarının bariz nümunəsidir. Ulu öndər cəmiyyətin bütün sahələrini əhatə edən strateji qərarlar qəbul edərək ölkənin iqtisadi gücünün artmasına və xalqın rifahının yüksəlməsinə şərait yaradıb.

Mərasimdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Arzu Nağıyev, ADU-nun Pakistan dili və mədəniyyət mərkəzinin müdiri Mahmud Athar, Polis Akademiyası ictimai elmlər kafedrasının rəisi Rəhim Məcnunov, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin prorektoru Abdurəhim Nasirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Azərbaycan Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina çıxış ediblər.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan çıxışçılar bildiriblər ki, onun siyasi və dövlətçilik fəaliyyəti tariximizin ən parlaq səhifələrindəndir.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

T.RÜSTƏMLİ
XQ



Sosial həyat