Tbilisi şəhərindəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, şair və ictimai xadim Valeh Hacıyevin (Valeh Hacılar) 75 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib.
Tədbir ilk olaraq Gürcüstanın və Azərbaycan Respublikasının dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin və mərhum Valeh Hacılarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin direktoru Rezo Həsənov çıxış edərək alimin həyat və yaradıcılığından bəhs edib, onun zəngin elmi və ədəbi irsinin gənclər üçün örnək olduğunu vurğulayıb.
Valeh Hacıların 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında etdiyi tarixi çıxış nümayiş etdirilib. Onun həmin qurultayda səsləndirdiyi mühüm fikirlər tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Daha sonra tədbir ziyalıların çıxışları ilə davam etdirilib. Şair-publisist Rafiq Hümmət, professor Şürəddin Məmmədli, Gürcüstan parlamentinin sabiq deputatları İsak Novruzov, Ruslan Hacıyev, Ramiz Bəkirov, şair Şövkət Dağlarqızı, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, eləcə də professor Mahmud Kamaloğlu, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, müəllim və şair Fatma Əliyeva, müəllim Zakir Məmmədov, Xasməmməd Cəfərli, alimin tələbələri Tahirə Əliyeva, müəllim Sevda Ayxan və qardaşı qızı Sədət Hacıyeva çıxış edərək Valeh Hacıların elmi, pedaqoji və ədəbi fəaliyyətindən söz açıb, onun Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı rolunu xüsusi qeyd ediblər.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, Valeh Hacıyev uzun illər Tbilisi Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Onun gürcü ədəbiyyatı və mədəniyyəti ilə bağlı apardığı fundamental araşdırmalar Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilib, alim bu ölkənin “Şərəf” ordeni ilə təltif olunub. O, Azərbaycan və Gürcüstan ədəbi mühiti arasında mühüm körpü rolu oynayıb.
Sonra V.Hacıyevin Ulu Öndər Heydər Əliyevlə görüşlərindən, Dünya Azərbaycanlılarının qurultayındakı çıxışından, eləcə də həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, V. Hacıyev 1951-ci ildə Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Dillər İnstitutunda təhsil alıb. 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademik seçilib. O, 2010-cu ildə vəfat edib və Bolnisi rayonunun Darvaz kəndində dəfn olunub.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
P.ƏMİRCANOV
XQ



