Torpaq məşğulluğun etibarlı ünvanıdır

post-img

Taleyini onunla bağlayanlar heç vaxt işsiz qalmırlar

Aqrar sahə ölkəmizdə məşğulluğun təmin olunmasında və regionların sosial-iqtisadi inkişafında əsas dayaqlardan biridir. Xüsusilə bölgələrdə əhalinin böyük hissəsinin kənd təsərrüfatı ilə məşğul olması bu sahədə peşə bacarıqlarının artırılmasını və özünüməşğulluq imkanlarının genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Müasir dövrdə aqrar sektor yalnız ənənəvi təsərrüfatçılıqla məhdudlaşmır; rəqəmsal texnologiyaların tətbiqi, innovativ yanaşmalar və bazaryönümlü istehsal bu sahədə də yeniliklərə uyğunlaşmağı tələb edir.

Əhalinin peşə bacarıqlarının inkişafı bu sahədə məhsuldarlığın yüksəldilməsi ilə birbaşa bağlıdır. Ənənəvi üsullarla çalışan fermerlərin müasir aqrotexniki qaydalar, suvarma sistemləri, məhsuldar toxum növləri və rəqəmsal kənd təsərrüfatı alətləri barədə məlumatlı olması onların gəlir imkanlarını da artırır. Bu istiqamətdə həyata keçirilən təlim proqramları, peşə hazırlığı kursları və praktik məşğələlər kənd əhalisinin bilik və bacarıqlarının yenilənməsinə şərait yaradır. Son illər aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin rolu da artır, gənclərin bu sahəyə marağının stimullaşdırılması məqsədilə müxtəlif təşviq mexanizmləri tətbiq olunur.

Aqrar sektorda məşğul olan əhalinin peşə bacarıqlarının inkişafında, həmçinin işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illər həyata keçirdiyi tədbirlər əhəmiyyətli rol oynayır. Kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bacarıqlarının artırılması, işsiz və işaxtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədilə nazirlik tərəfindən 30-dan çox peşə hazırlığı kursu təşkil olunub. Bu kurslar aqrar sektorun bitkiçilik, heyvandarlıq, aqrotexniki xidmətlər, istixana təsərrüfatı, suvarma sistemlərinin idarə olunması və digər istiqamətlərini əhatə etməklə iştirakçılara həm nəzəri biliklər, həm də praktiki vərdişlər qazandırır.

Ötən il Dövlət Məşğulluq Agentliyinin 18.4 min işsiz və işaxtaran üçün təşkil etdiyi peşə hazırlığı kurslarında 373 nəfər kənd təsərrüfatı üzrə peşələrə yiyələnib. Hazırda Agentliyin 4 regional peşə hazırlığı mərkəzi fəaliyyət göstərir və eyni zamanda, peşə kurslarının təşkilində bir çox özəl tədris müəssisələri ilə də əməkdaşlıq edilir.

Təlim proqramları əmək bazarının real tələblərinə uyğunlaşdırılıb. Müasir texnologiyaların kənd təsərrüfatına tətbiqi, məhsuldarlığın artırılması üsulları, resurslardan səmərəli istifadə və innovativ yanaşmalar iştirakçıların rəqabətədavamlı mütəxəssislərə çevrilməsinə imkan yaradır. Aqrar sahə üzrə peşə bacarıqları qazanan şəxslər işlə təmin olunur, ya da özünüməşğulluq proqramlarına qoşularaq fərdi təsərrüfatlarını qurmaq imkanı əldə edirlər. Bu da xüsusilə regionlarda məşğulluğun artmasına, kənd yerlərində iqtisadi aktivliyin güclənməsinə və əhalinin gəlir mənbələrinin şaxələndirilməsinə müsbət təsir göstərir.

Təlimlərdən keçmiş şəxslərin biznes fəaliyyətində daha uğurlu olması göstərir ki, insan kapitalına qoyulan investisiya uzunmüddətli sosial-iqtisadi effekt verir. Xüsusilə regionlarda yaşayan əhalinin məşğulluq imkanlarının genişlənməsi, kənd yerlərində özünüməşğulluq təşəbbüslərinin artması baxımından bu addım strateji əhəmiyyət daşıyır.

Dövlət Məşğulluq Agentliyinin son 5 ildə həyata keçirdiyi özünüməşğulluq proqramı iştirakçılarının 65 faizi kiçik təsərrüfatlarını qurublar. Proqrama cəlb olunanların ümumi sayı isə 110 mindən çoxdur. Hazırda özünüməşğulluq proqramı iştirakçılarına Agentlik tərəfindən “Broyler inkubatoru”, “Maldarlıq”, “Qoyunçuluq”, “Keçiçilik”, “Arıçılıq təsərrüfatı”, “Kotançılıq xidməti” kimi aktivlər və zərflər təqdim olunur.

Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanması və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixisaslı işçi qüvvəsinin seçiminə xidmət edir.

Bu standartlar aqrar sektorda fəaliyyət göstərən mütəxəssislərin bilik, bacarıq və səriştələrini vahid çərçivədə müəyyənləşdirir. Əmək bazarında tələb olunan ixtisaslara uyğun kadr hazırlığı daha sistemli şəkildə həyata keçirilir, işəgötürənlərlə işaxtaranlar arasında uyğunluq artır. Bu isə aqrar sektorda fəaliyyət göstərən geniş əmək qüvvəsinin peşəkarlıq səviyyəsinin artırılmasına və müasir texnologiyaların tətbiqinə zəmin yaradır. Sözügedən standartlar peşə təhsili müəssisələrində tədris proqramlarının yenilənməsinə, əmək bazarının real tələblərinə uyğunlaşdırılmasına və aqrar sahədə innovativ yanaşmaların təşviqinə də töhfə verir.

Mustafa KAMAL
XQ



Sosial həyat